KƏND TƏSƏRRÜFATI

Rəsmilər və ekspertlər Azərbaycanda iqtisadi inkişafla bağlı problemlərdən danışdılar
16 MAY
222

Rəsmilər və ekspertlər Azərbaycanda iqtisadi inkişafla bağlı problemlərdən danışdılar

2019-05-16 10:30:00

"Azərbaycanın idxalının artması, daxili istehlakda yerli məhsulların payının qismən azalması təbii qarşılanmalıdır".

Fins.az-ın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib. 

"Əhalinin artan maddi imkanları yeni ərzaq məhsullarının idxalına ehtiyac yaradır. Bu da təbii haldır, yəni idxal olmalıdır. Bizim xarici ölkələrlə, xüsusilə də MDB ölkələri ilə sərbəst ticarət sazişlərimiz var və bu sazişlər əsasında həmin ölkələrdən Azərbaycana məhsullar ixrac edilir. Eyni zamanda, Avropa ölkələri, qardaş Türkiyə ilə də idxal-ixrac siyasətimiz var. Sözsüz ki, biz idxalın qarşısını ala bilmərik. Bu qanunvericilik baxımından da düz olmaz. Eyni zamanda, bu gün ölkədə istehsal olunan yerli ərzaq və qeyri-ərzaq məhsulları daxili tələbatı təmin edir və hətta ixrac potensialı da formalaşdırır”, - o deyib. 

Bundan başqa, S.Məmmədov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasının əsas prioritet istiqamətlərindən biri Azərbaycanda qeyri-neft sektorunun inkişafıdır: "Həyata keçirilən tədbirlər nəticəsində bu gün ölkə iqtisadiyyatının inkişafında qeyri-neft sektorundakı artım əhəmiyyətli rol oynayır. Sektorun aparıcı sahələrindən olan sənaye, kənd təsərrüfatı, İKT, tikinti, turizm və digər sahələrin inkişafı üçün həyata keçirilən məqsəqönlü tədbirlər nəticəsində ciddi uğurlar əldə olunub. Bu da sözsüz ki, ümumi daxili məhsulun artımına öz töhfəsini verir və həlledici rol oynayır”.

 İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov

"Əhalinin artan maddi imkanları yeni ərzaq məhsullarının idxalına ehtiyac yaradır".

 Nazir müavininin sözlərinə görə, dövlət-özəl sektor dialoqu tərəfdaşlığın əsas istiqamətlərdən biridir: “Bu da ölkədə qeyri-neft sektorunun inkişafında vacib məsələlərdən biridir. Bu gün ölkədə özəl sektorun inkişafına göstərilən diqqətin, qayğının nəticəsidir ki, ümumi daxili məhsulda özəl sektorun payı 85% təşkil edir. Məşğullluqda bu göstərici 74% təşkil edir. Sözsüz ki, bu da Azərbaycanda iqtisadiyyatın əsas aparıcı lokomotivi olan sahibkarlığın inkişafının uğurlu nəticələridir. İstehsal olunan məhsullarımız rəqabətqabiliyyətli ixracyönlü məhsullardır və “Made in Azerbaijan” brendi altında xarici ölkələrdə təşviq olunur. Bu gün ixracdan ölkəyə daxil olan əlavə valyuta yeni istehsal sahələrinin stimullaşdırılmasına da dəstək verir. Bu gün kifayət qədər formalaşmış iqtisadi potensialımız ölkədə daxili istehlak bazarının təmin olunması üçün şərait yaradıb. Əgər bir əvvəllər sadəcə olaraq daxili istehlak bazarının təmin olunması üçün fəaliyyət göstərirdiksə, artıq bu gün formalaşmış ixrac potensialı ənənəvi ixrac bazarları ilə yanaşı yeni ixrac bazarlarının araşdırılması məsələsini zəruri edib”.

***

"Azərbaycana idxal artırsa, bu, o deməkdir ki, insanların alıcılıq qabiliyyəti artıb". 

Bunu isə jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. 

Baş nazirin müavini Əli Əhmədov

"Azərbaycanda idxalın artması Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin artmasının nəticəsidir".

 “İdxalın azalması, alıcılıq qabiliyyətinin azalması deməkdir. İdxalın artması isə alıcılıq qabiliyyətinin artması deməkdir. Bu məhsulları iş adamları Azərbaycana satmaq üçün gətirirlər, bunu insanlar almayacaqlarsa niyə gətirirlər? Demək Azərbaycanda insanların yaşayış səviyyəsi artıb. Əgər gələn mallar çoxalırsa demək bunun satışı da çoxalır, nəticədə məhsulları alanlar da çoxalır, insanların həyatı yaxşılaşır, insanın həyat səviyyəsi yüksəlir. Əgər kimsə buna başqa cür qiymət verirsə hesab edirəm ki, onun məntiqi yerində deyil. Azərbaycanda idxalın artması Azərbaycan vətəndaşının alıcılıq qabiliyyətinin artmasının nəticəsidir, bu isə öz növbəsində insanlarımızın həyat səviyyəsinin yüksəlməsinin göstəricisidir. İdxal ilə ixracın balansı məsələsinə gəlincə, ölkəmizdə ixrac əhəmiyyətli dərəcədə artıb. Bütövlükdə Azərbaycanda ixrac ölkəyə daxil olan malların dəyərindən əhəmiyyətli dərəcədə artıqdır, balans müsbətdir”, - Ə.Əhmədov qeyd edib. 

***

"Azərbaycan iqtisadiyyatı tam şəkildə dinamik, dayanıqlı və qabaqlayıcı iqtisadi artımın təmin olunmasına bütün şəraitlərə malikdir. Ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı bədbin yanaşma mövcud olmamalıdır.

Bunu isə “Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov bildirib.

Bununla belə, onun sözlərinə görə, mövcud probmlemləri də görmək lazımdır: “Bu problemlər təhlil edilməlidir və onların çıxış yolları var. Desək ki, Azərbaycanda son illər ərzində yerli istehsalın azalması müşahidə edilir, bu düzgün yanaşma olmazdı. Biz şahidi oluruq ki, ölkədə qeyri-neft sektorunun inkişafı neft sektoru ilə müqayisədə daha qabaqlayıcı sürətdə gedir. Müəyyən mənada stabilləşmənin artıq şahidi oluruq. Eyni zamanda, dövlət iqtisadiyyatında problemli seqmentlər də var və bu barədə dövlət başçısı, həm də aidiyyatlı dövlət qurumlarının rəhbərləri də öz fikirlərini bildiriblər. Bu problemlər idxaldan asılılıq, hər hansı sahənin istehsalın tam şəkildə yerli məhsullarla təmin edilə bilməməsi, idxalın əvəz edilməsi problemləri mövcuddur. Bunları inkar etmək olmaz. Bu da investisiya-innovasiya tutumlu iqtisaadi sistemin formalaşdırılması ilə aradan qaldırıla bilən məsələlərdir”.

Professor bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi dövlət proqramları qəbul olunub: “Bununla bağlı proqram məzmunlu dövlət qərarlarının şahidi olduq. Qeyd etmək lazımdır ki, son 4 il ərzində, 2015-ci ildən başlayaraq bu istiqamətdə görülən işlər artıq nəticə  verməkdədir. Qeyri-neft sektorunda artım daha qabaqlayıcı dinamika ilə nəzərə çarpmaqdadır. Ancaq bununla yanaşı görüləcək işlər çoxdur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov

"Ölkədə qeyri-neft sektorunun inkişafı neft sektoru ilə müqayisədə daha qabaqlayıcı sürətdə gedir".

E.Məmmədov hesab edir ki, ölkədə innovasiya-investisiya siyasətinin daha qabarıq və daha ardıcıl, eyni zamanda kompleksli və sistem məzmunlu şəkildə həyata keçirilməsi ilə bağlıdır: “Görürük ki, bu gün o sahələrdə ki, investisiya artımı mövcuddur, orada iqtisadi artım da daha yüksək trayektoriya ilə inkişaf edir. Bu da onu deməyə əsas verir ki, məhz investisiya-innovasiya siyasətinin həyata keçirilməsinə çox ciddi ehtiyac var. Bunun üçün də ilk növbədə ölkə iqtisadiyyatındakı ən problemli seqmentin, yəni pul-kredit seqmentinin kifayət qədər təkmilləşdirilməsinə və kreditləşmənin artmasına ciddi ehtiyac var. Ümid edirəm ki, yaxın vaxtlarda biz kreditləşmənin göstəricilərinin yüksəldilməsi vasitəsilə investisiya qoyuluşunun sürətlənməsinə nail olacağıq”.

UNEC-in professoru qeyd edib ki, investisiya siyasətində ilk növbədə innovasiya tutumlu sahələrin prioritet olaraq qoyulması tələb olunur: “Artıq bugünkü gün dünya iqtisadiyyatında 30% və ondan da yüksək göstəricilərlə artım verə bilən sahələrə investisiyaların daha prioritet şəkildə yönləndirilməsinə nail olmaq lazımdır. Bu, ilk növbədə süni intellekt, hüceyrə texnologiyaları, nano texnologiyalarıdır. Bu texnologiyalar dünya iqtisadiyyatın yeni texnoloji quruluşu çərçivəsində əsas təşkil etməkdədir. Əgər biz bu sahələrə qabaqlayıcı formatda investisiyaları yönləndirə bilsək, eyni zamanda digər qeyri-neft sektoru sahələri üzrə investisiya axınlarının və ayrılmış vəsaitin ünvanı üzrə istiqamətləndirilməsinə nail ola bilsək, hesab edirəm ki, Azərbaycanın həm qeyri-neft sektoru, həm də bütövlükdə ümumi daxili məhsulu üzrə daha böyük artım tempinə nail ola bilərik. Məncə, Azərbaycan iqtisadiyyatı üçün ümumi daxili məhsulun 8-10% civarında artımına nail olmaq mümkün olacaq”. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır