KƏND TƏSƏRRÜFATI

Qarğıdalı əkən fermerlərimiz torpaqların analizini aparmırlar EKSPERT
10 MAY
120

Qarğıdalı əkən fermerlərimiz torpaqların analizini aparmırlar EKSPERT

2019-05-10 13:18:00

Zaqatala Bölgə Təcrübə Stansiyası dağların qoynunda yerləşir.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nəzdində fəaliyyət göstərən stansiya zəngin elmi-tarixi ənənələrə malikdir. 1924-cü ildə tütün dayaq stansiyasının bazası əsasında yaradılıb, o vaxtdan bütün fəaliyyəti əkinçiliyin inkişafına yönəlib. Burada həyata keçirilən elmi-tədqiqat işlərinin istiqamətləri genetika, bitkilərin fiziologiyası və biokimyası, mühafizəsi, seleksiya və toxumçuluğun nəzəri əsasları, dənli taxıl və paxlalı bitkilərin keyfiyyətli, məhsuldar yeni sortlarının yaradılması, ilkin toxumçuluğun təşkili və yüksək reproduksiyalı toxum istehsal etməklə istehsala tətbiqidir.

Fins.az aqrar ekspert Nicat Nəsirlinin Zaqatala Bölgə Təcrübə Stansiyasından hazırladığı məqaləni təqdim edir.

Stansiyanın əməkdaşları dənli və texniki bitkilərin seçmə yolu ilə daha keyfiyyətli sort, hibridlərin alınması, yüksək reproduksiyalı toxumun əldə olunması və dövlət sort sınağına təqdim edilərək fermer təsərrüfatlarına tövsiyə olunması istiqamətində elmi-tədqiqat işlərini rayonun 3 müxtəlif sahəsində həyata keçirirlər. Pərzivan sahəsi - dəniz səviyyəsindən 500 metr hündürlükdə yerləşir, dağətəyi zonadır.

İkincisi, Tasançöl sahəsi - dəniz səviyyəsindən 300 metr hündürlükdə yerləşir. Üçüncü təcrübə sahəsi Danaçı məntəqəsidir. Bu ərazi isə dəniz səviyyəsindən 220 metr hündürlükdə yerləşməklə Alazan vadisini əhatə edir. Bütün bu elmi istiqamətlər stansiyanın “Bitki seleksiyası və toxumçuluğu” və “Əkinçilik və bitki diversifikasiyası” şöbələrinin 23 nəfərlik kollektivi tərəfindən həyata keçirilir.

Zaqatala BTS-nin elmi təcrübə bazasında hər il 80-100 ton taxıl, 20-30 ton qarğıdalının yüksək reproduksiyalı toxumu istehsal olunur, rayonun dövlət və özəl toxumçuluq təsərrüfatlarına təklif və tövsiyə edilir. Stansiyanın fəaliyyəti ilə tanış olarkən bildirildi ki, bura xüsusən qarğıdalı toxumçuluğunun təşkil olunduğu yeganə elmi bazadır. Odur ki, əməkdaşlarla söhbətimiz yerli qarğıdalı sortları haqqında oldu.

Stansiyanın direktoru, biologiya elmləri namizədi Nəbi Kərimov: “Fermerlərimiz bilməlidirlər ki, sort qarğıdalı toxumları yalnız bizim stansiyada yetişdirilir. Hər il yetişdirilən yüksək reproduksiyalı toxumlar toxumçuluq təsərrüfatlarına tövsiyə olunur. Burada qarğıdalının “Zaqatala-514”, “Zaqatala-68”, “Zaqatala-420”, “Zaqatala-380”, “Qürur”, “Ümid”, “Fəxri” sortları yaradılıb və rayonlaşdırılıb. Bu mövsüm üçün 22 ton yerli qarğıdalı toxumunu əkinçilərə təklif edirik. Sahibkarlarımız xaricdən hibrid toxumların kiloqramını 10-15 manata alıb gətirirlər, amma biz 1-1,5 manata təklif edirik. Bizim sortlarımız silosluq üçün daha əlverişlidir. Buna görə də, fermerlərimizə təklif edirik ki, səpin mövsümü davam etdiyi üçün gəlib alsınlar”. Stansiyanın şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Nərgiz Abdullayeva isə bildirdi ki, yerli iqlimdə əldə olunmuş toxumlar keyfiyyət göstəricilərinə görə hibridlərdən daha üstündür: “Yetişdirdiyimiz toxumlar bütün bölgələrin iqlim şərtlərinə uyğundur, aqrotexniki qaydalara düzgün əməl olunarsa, 120 sentner almaq mümkündür. Qarğıdalıdan yüksək nəticələr almaq üçün torpağın münbitləşdirilməsi tədbirləri, suvarma təminatı, xəstəlik və zərərvericilərə qarşı mübarizə, dibdoldurma, cərgəarası becərmə, kultivasiya aparılması vacibdir.

Təsərrüfatlarda apardığımız müşahidələrə görə, qarğıdalı əkən fermerlərimiz torpaqların analizini aparmırlar, bu zaman gübrələr birtərəfli verilir. Adətən, qarğıdalı əkilən sahələrə azot gübrəsi verilir. Lakin fermer bilmir ki, torpağa hansı mikro, makro elementlər lazımdır. Sahələrin becərilmə tədbirləri torpaq analizinin əsasında aparılmalıdır”. Stansiyanın sahələrində feneloji müşahidələr aparan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Atif Zamanov da bu mövsümdə qarğıdalı səpini aparan torpaq adamlarına elmi məsləhətlərini çatdırdı: “Yağıntılar kəsilib, indi qarğıdalı və digər yazlıq bitkilərin əkini üçün optimal vaxtdır. Qarğıdalı üçün sahə payızda hazırlanmalıdır, dondurma şumu qaldırılmalıdır ki, zərərvericilər, alaqlar inkişaf etməsin.

Yazda, səpindən qabaq yenidən sahə becərilməlidir, bu addımla alaq otları tamamilə məhv olur. Yerli toxumlarla hektara səpin norması 20 kiloqramdır, amma silosluq və yaşıl yem üçün əkilirsə 25-30 kiloqram hesabı ilə səpilməlidir. Qarğıdalı qida maddələrinə qarşı çox tələbkardır, azot, fosfor, kalium tələb edir. Sahəyə səpində və ya kultivasiya vaxtı mineral gübrələr verilməlidir. Qarğıdalı şoran torpaqlara qarşı çox həssasdır, münbit torpaqlarda əkilməlidir”. Stansiya əməkdaşları dedilər ki, mövsümdə qarğıdalı əkini aparan hər bir fermer məsləhət almaq üçün müraciət edə bilər. Əvvəlcədən hazırlanmış texnoloji təlimata əsasən, torpaq adamları qarğıdalının becərmə texnologiyasına aid məsləhətlər və metodiki tövsiyələrlə təmin olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262