KƏND TƏSƏRRÜFATI

Saatlıda 35 kümçüyə ipəkqurdu toxumu paylanılıb
08 MAY
146

Saatlıda 35 kümçüyə ipəkqurdu toxumu paylanılıb

2019-05-08 12:38:00

Saatlıda üçüncü ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkədə baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Saatlıda da müvəffəqiyyətlə icra olunur. Baramaçılığın inkişafında əsas amil olan yem bazasının möhkəmləndirilməsi məqsədilə son üç ildə rayonun ayrı-ayrı yaşayış məntəqələrində 79 min tut tingi əkilib və digər zəruri tədbirlər həyata keçirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, bu il rayonda 8 ton barama istehsal olunması nəzərdə tutulub. Bunun üçün 140 ailə üzvü olan 35 kümçüyə 175 qutu (3 min 329 qram) barama qurdu toxumu paylanılıb. Solpı kənd sakini Əbil Əhmədov bu mövsüm 4 qutu ipəkqurdu toxumu götürərək bəsləyir. “İkinci ildir ki, ipəkqurdu bəsləyirəm. Baramaçılıq rayonda yeni sahə olduğundan digər kümçülər kimi mən də ötən il işə tərəddüdlə başladım. İlk vaxtlar çətinliklərim olsa da, mütəxəssislərdən öyrəndiklərimi tətbiq etməklə işi səhmana saldım və yaxşı nəticə əldə etdim. 135 kiloqram barama istehsal edib, 1215 manat gəlir götürdüm. Bu mövsüm isə 5 qutu (95 qram) ipəkqurdu toxumu götürüb bəsləyirəm. Bu qədər toxumdan 200 kiloqramdan çox məhsul götürəcəyimə əminəm” , – deyə kümçü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır