KƏND TƏSƏRRÜFATI

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə davam edir
12 APREL
131

Azərbaycanda heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı mübarizə davam edir

2019-04-12 12:01:00

Şəkidə heyvanlar arasında xüsusi təhlükəli xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər davam etdirilir 2019-cu ilin yanvar ayının ilk günlərindən başlayaraq Şəki rayonunda heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirləri aparılır.

Fins.az xəbər veirr ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bildirir ki, Şəki rayonunda "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik peyvəndləmə, diaqnostik müayinə, dezinfeksiya və digər tədbirlər davam etdirilir. Bu tədbirlər Şəki Rayon Baytarlıq İdarəsinin 20 sahə baytarlıq məntəqəsi tərəfindən aparılır. Şəki Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin ilk günlərindən başlayaraq bu günə kimi rayonun ayrı-ayrı təsərrüfatlarında 68624 baş iribuynuzlu, 2915 baş təkdırnaqlı, 468 baş xirda buynuzlu heyvanda və 51 baş donuzda qarayara, 4897 baş sahibli itdə quduzluq, 214321 baş cücədə (“Lasota” ştammı), 108881 baş ev quşunda (“H” ştammı) nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 32 baş iribuynuzlu, 62 baş xırda buynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilməsi üçün laboratoriyaya göndərilib.

Eləcə də 24795 kvadratmetr sahədə profilaktik dezinfeksiya tədbirləri görülüb. Fevral ayından Şəki rayonu ərazisində saxlanılan iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 72682 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Mart ayının ilk günlərindən isə Şəki Rayon Baytarlıq İdarəsi tərəfindən sahə baytarlıq məntəqələri arasında iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı aparılacaq vaksinin bölgüsü başa çatdırılıb və peyvəndləmə tədbirinə başlanılıb. Artıq 30226 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb.

Ümumiyyətlə, rayonun təsərrüfatlarında heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Qeyd edək ki, tədbirlər çərçivəsində maariflənmə işi aparılaraq həm iti yoluxucu, həm də daxili yoluxmayan xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir. Mövsümi xəstəliklərə, o cümlədən qan parazitləri, helmintozlar və dəri mozalanlarına qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir. Hazırda Şəki Rayon Baytarlıq İdarəsi vətəndaşların xüsusi mülkiyyətində olan 71130 baş iribuynuzlu, 308659 baş xırdabuynuzlu,14120 arı ailəsi və 281350 başdan artıq ev quşuna baytarlıq xidməti göstərir. Şəki rayonu ərazisində saxlanılan heyvanlarda bundan sonra da peyvəndləmə tədbirləri davam etdiriləcək.

Belə ki, iribuynuzlu heyvanlarda nodulyar dermatit, leptospiroz, bruselyoz (Ştam-19 vaksini ilə), xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz və digər xəstəliklərə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin atlarda manqo (göz sınağı müayinəsi), iribuynuzlu heyvanlarda vərəm (allergik müayinə) və quşlarda, iri və xırdabuynuzlu heyvanlarda (askaridioz, diktikaulyoz, fassilyoz və s.) koproloji müayinələrin aparılması nəzərdə tutulur. Dövlət Baytarlıq Xidməti bildirir ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266