KƏND TƏSƏRRÜFATI

Ekspert prezidentin Fərmanını şərh etdi
11 APREL
227

Ekspert prezidentin Fərmanını şərh etdi

2019-04-11 16:31:00

Prezident İlham Əliyev aprelin 10-da “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmanda və “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə” Fərman imzalayıb.

Fərmanı şərh edən aqrar ekspert Nicat Nəsirli bildirib ki, bu sənəd ötən ilin dekabrında Prezident tərəfindən "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin əsasında yaradılmış “Aqrar Tədarük və Təchizat” ASC-nin institusional baxımdan fəaliyyətinin təmin olunmasına yönəlib. Çünki yeni yaradılan ASC özündən əvvəlki təşkilatın hüquqi varisi kimi tanınmışdı, bəzi normativ-hüquqi qaydaların təsis olunmasına ehtiyac vardı. “Dövlətimizin başçısının dekabrın 14-də imzaladığı Sərəncamla kənd təsərrüfatı məhsullarının dövlət büdcəsi hesabına satınalınması qaydaları yeni dövrün tələblərinə uyğunlaşdırılaraq, bu sahədə təkmilləşdirmənin həyata keçirilməsi məqsədilə ərzaq məhsullarının tədarükü sisteminin həcmi daha da genişləndirildi, aqrar tədarük miqyasını aldı. Bu addım imkan verəcək ki, tədarük sistemi yalnız ölkədə istehsal olunmuş ərzaq məhsullarını deyil, eyni zamanda, qeyri-ərzaq məhsullarını da əhatə etsin. Bu sistemin şəffaflığının təmin olunması üçün yeni yaranmış “Aqrar Tədarük və Təchizat” ASC Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. Hələlik yeni aqrar tədarük təşkilatı tam formalaşdırılaraq fəaliyyətə başlamayıb, öz iqtisadi strategiyasının açıqlamayıb, ona görə bu fəaliyyətin hansı parametrlər üzərində qurulacağını demək tezdir.

Lakin bilirik ki, özündən əvvəlki ASC iki il ərzində büdcə hesabına ərzaq satınalan 2 min dövlət qurumunun ehtiyacını təmin etmək üçün yerli istehsalçılardan 173 adda məhsul tədarük edirdi və bunun ümumi həcmi 151 milyon manat idi. Tədarük prosesinin dövriliyini təmin etmək üçün “tedaruk.az” portalı yaradılmışdı, bu, virtual bir bazar idi. Hər bir istehsalçı portala girərək öz məhsullarını satınalan dövlət təşkilatlarına təklif edə bilərdi, sözügedən portal öz fəaliyyətini yeni də davam etdirəcək. Portaldakı məhsulların qiymətləri dövlət tərəfindən tənzimlənərək İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirlikləri tərəfindən müəyyən olunur”. Onun sözlərinə görə, müasir bazar çağırışlarına uyğun olaraq yeni tədarük strategiyası ölkə üzrə istehsalın planlaşdırılmasında birgə iştirak, texnologiyaya əsaslanan saxlama imkanlarının yaradılması, şaxələndirilmiş ixrac kanalları, tədarük-emal zəncirinin qurulması, fermerlərin bazara çıxış mexanizmləri aspektindən maarifləndirilməsi, məhsul dövriyyəsinin elektronlaşdırılması kimi strateji aspektlər üzərində qurulmalıdır. Ümumilikdə, aqrar tədarük mexanizmi ölkədə mövsümi olaraq baş verən “qiymət təlatümləri”nin qarşısının alınması üçün əlverişli bazar intervensiya aləti ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266