KƏND TƏSƏRRÜFATI

Kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV hesablanması - EKSPERT
11 APREL
133

Kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV hesablanması - EKSPERT

2019-04-11 10:40:00

Vergi Məcəlləsinin 13.2.61-ci maddəsində bildirilir ki, kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi, eləcə də istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Məcəllənin 159.1-ci maddəsi üzrə malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Fins.az-ın məlumatına görə, mövzunu sərbəst auditor Altay Cəfərov Vergilər qəzətinə şərh edir:

Pərakəndə ticarət zamanı yerli istehsal edilmiş kənd təsərrüfatı məhsulları haradan alınmalıdır?

Ümumiyyətlə, kənd təsərrüfatı məhsullarını həm birbaşa istehsalçılardan, həm topdansatış vergi ödəyicilərindən, bazarlardan, yarmarkalardan, eləcə də digər pərakəndə ticarət obyektlərindən almaq olar. Amma ən əsas məsələ odur ki, alınan kənd təsərrüfatı məhsulu yerli istehsal olmalıdır. İstənilən ticarət obyektində yerli kənd təsərrüfatı istehsalı olan mallarla yanaşı, xaricdə istehsal edilmiş mallar da vardır. Hətta bir çox məhsullar vardır ki, onların həm yerli, həm də xaricdə istehsal edilmişi olur. Bu zaman pərakəndə ticarət obyektlərində bir sıra çətinliklər yaranır. Məhsulların alışının və satışının uçotu istehsala uyğun olaraq ayrılmalıdır.

Topdansatış ticarət obyektlərində kənd təsərrüfatı məhsullarının alışı

Bu zaman ƏDV məqsədləri üçün Vergi Məcəlləsinin 159.1.-ci, 174.3.cü maddələri tətbiq edilmir. Çünki topdansatış fəaliyyəti ilə məşğul olan sahibkarlar sadələşdirilmiş verginin ödəyicisi deyillər, həmçinin ticarət əlavəsi üzrə maddələr ancaq pərakəndə ticarət zamanı tətbiq edilir. Bu zaman alıcı satdığı həm yerli, həm də xarici kənd təsərrüfatı məhsullarına görə pərakəndə ticarət vergi ödəyicisinə bütün məbləğə 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilmiş e-qaimə-faktura və ya e-vergi hesab-fakturası təqdim edəcək, pərakəndə vergi ödəyicisi də satdığı bütün belə məhsulları tam ƏDV tətbiq etməklə satacaqdır.

Misal: 
ƏDV ödəyicisi olan pərakəndə ticarət vergi ödəyicisi 10.000 manat +1.800 manat (ƏDV) ilə məhsul almışdır və 11.000 manat+1980 (ƏDV) ilə satmışdır. Bu zaman vergi ödəyicisi (1.980-1.800)=180 manat ƏDV ödəyəcəkdir. Yəni topdansatışdan aldığı məhsullarda 159.1.-ci, 174.3.-cü maddələrin tətbiqi real deyildir.

İkinci hal kimi nəzərə alaq ki, kənd təsərrüfatı məhsulları satan topdansatış vergi ödəyicisi ƏDV ödəyicisi deyildir, mənfəət və ya gəlir vergisi ödəyicisidir. Bu zaman satdığı həm yerli, həm də xaricdə istahsal edlmiş məhsullarda ƏDV olmayacaqdır. Amma alıcı pərakəndə ticarət obyekti yerli məhsulların uçotunu ayrıca aparmaqla ticarət əlavəsi üzrə ƏDV ödəyə bilər. Bütün hallarda sübut olunmalıdır ki, bu məhsullar yerli istehsaldır. Məhsulun yerli fermer tərəfindən istehsalını göstərən istehsalçı sertifikatı olmalıdır. Bir çox məhsullar, demək olar ki, eynidir, yəni həm yerli istahsal, həm də xarici istehsal ola bilər.

Bazar və ya yarmarkalardan alınan kənd təsərrüfatı məhsullarının satışı

Adətən, bazar və ya yarmarkalardan kənd təsərrüfatı məhsulları alanda bu, malların alış aktı ilə rəsmiləşdirilir. Bazarlarda da həm yerli məhsullar və həm də xarici məhsullar satılır. Ancaq yerli məhsulların alışının birbaşa bazarlardan alış aktları ilə rəsmiləşdirilməsi də praktiki deyildir. Həmçinin, əvvəldə qeyd olunduğu kimi, həmin məhsulların yerli istehsal olduğunu sübut etmək çətin məsələdir. Əgər yerli istehsal olan kənd təsərrüfatı məhsullarının alış aktları ilə rəsmiləşdirilməsi və həqiqətən də yerli istehsal olmasını sübut etmək mümkün olsa, onda ticarət əlavəsi üzrə ƏDV-nin hesablanması əvvəlki nümunədə olduğu kimi aparılmalıdıır.

Vergi Məcəlləsinin 159.1.-ci, 174.3.cü maddələrinin tətbiqi ilə bağlı ən düzgün və praktiki hal məhsulların birbaşa kənd təsərrüfatı məhsullarının istehsalçılarından alınmasıdır. Məhsul birbaşa istehsalçılardan alındıqda, satıcılardan müvafiq sertifikatların əldə olunması asanlaşır. Bu zaman sübut etmək olur ki, həmin məhsullar yerli istehsaldır. Həmçinin birbaşa kənd yerlərində istehsalçılardan alınan məhsulların alış aktları da onların yerli istehsal olduğunu sübut edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266