KƏND TƏSƏRRÜFATI

Suvarma məlumatları
07 FEVRAL
292

Suvarma məlumatları

2019-02-07 13:45:00

Beyləqanda əkinlərin suvarma suyu ilə təminatı yaxşılaşdırılır.

Rayon Suvarma Sistemləri idarəsindən  bildirilib ki, rayonun 50 min 497 hektar, İmişli rayonunun isə 639 hektar əkin sahəsi Xan qızı kanalı vasitəsilə Araz çayının, Qarabağ kanalı vasitəsilə Kür çayının suyundan istifadə edilərək suvarılır. Hazırda idarənin balansında 1297,03 kilometr suvarma kanalı, 1650 ədəd hidrotexniki qurğu, 618 ədəd körpü və keçid var.

Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ötən il suvarma kanallarının lildən təmizlənməsi, hidrotexniki qurğuların təmiri işləri aparılıb. İl ərzində 692,3 kilometr suvarma kanalı lildən təmizlənərək, 1456,1 min kubmetr həcmində torpaq işi görülüb, 200 ədəd hidrotexniki qurğu cari təmir edilib. Daşqın və selə qarşı mübarizə üçün Araz çayında 202 min kubmetr məcratənzimləmə işləri görülüb. Bu il Xan qızı kanalı üzərində bir ədəd səviyyəqaldırıcı qurğunun əsaslı təmiri nəzərdə tutulur.

Keçən il Beyləqan rayonunda 9560 hektar pambıq əkinləri 3,6 dəfə, 15 min 776 hektar payızlıq əkinlər 3 dəfə, 17 min 060 hektar yonca 5,5 dəfə, 843 hektar bağlar 5 dəfə, 3123 hektar həyətyanı sahələr 5,6 dəfə suvarılıb. Əkinlərin vaxtlı-vaxtında suvarılması nəticəsində rayonda becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı da yüksəlib. Rayonda cari ilin məhsulu üçün əkilmiş taxıl və yem bitkilərinin suvarılması başa çatdırılıb, pambıq əkiləcək sahələrdə isə arat işləri aparılıb.

Beyləqanda yeni subartezian quyularının qazılması və istismara verilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən il Beyləqan şəhəri, Şəfəq və Mayak qəsəbələri, Kəbirli, İkinci Aşıqlı, Dünyamalılar kəndləri ərazisində 9 ədəd yeni subartezian quyusu qazılıb. Yeni quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 200 hektardan çox əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262