KƏND TƏSƏRRÜFATI

Aqrar sektorun asanlaşmasının ilk ili - Gözləntilər, reallıqlar
04 YANVAR
107

Aqrar sektorun asanlaşmasının ilk ili - Gözləntilər, reallıqlar

2019-01-04 15:57:00

Ekspert: “Ötən il aqrar inkişafın qarşısında duran problemlərin gələcək illərdə həlli istiqamətində baza addımları atılıb”

Arxada qoyduğumuz 2018-ci ildə xeyli sayda nazirlik və komitələrdə rəhbər dəyişikliyi ilə yadda qaldı. Rəhbər dəyişikliyi bu qurumların bəzilərində ciddi yeniliklərə gətirib çıxarsa da, bəzi qurumlarda hansısa əhəmiyyətli dəyişiklik müşahidə olunmadı. Ötən il ən böyük və köklü dəyişikliklərin qeydə alındığı əsas qurum isə Kənd Təsərrüfatı Nazirliyi oldu. Bu barədə Musavat yazıb. 

Fiins.az-ın məlumatına görə, apardığımız müşahidələr deməyə əsas verir ki, yeni komanda aqrar sektorda illərdən bəri həll olunmayan problemlərin üzərinə getməkdə qərarlıdır. Baxmayaraq ki, nazir dəyişikliyinin ilk aylarında bu sektorda heç də ürəkaçan olmayan proseslər getdi(pambıqçıların zəhərlənməsi, taxıl biçini zamanı texnika çatışmazlığı), İnam Kərimovun komandasının fəaliyyəti nəticəsində baş verən yeniliklər kənd təsərrüfatında illərdən bəridir yığılıb qalan böyük problemlərin həlli istiqamətində ciddi işlərin başlandığından xəbər verir. Bu problemlər arasında istehsalın planlaşdırma olmadan, bir çox hallarda məcburi qaydada ekstensiv üsulla genişləndirilməsi ənənəsi, dövlətin ayırdığı vəsaitlərin aqrar istehsalçılara yetərincə çatmaması, ən əsası isə bu sahəyə elmi yanaşmanın olmaması xüsusi qeyd olunmalıdır.

2018-ci ildə kənd təsərrüfatı sahəsi üzrə modernləşdirilmiş elmi tədqiqatların aparılması, qiymətləndirmə və proqnozlaşdırmanın, strateji planlaşdırmanın həyata keçirilməsi üçün potensialın yaradılması məqsədilə KTN tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi yaradılıb. Mərkəzin əsas funksiyaları kimi kənd təsərrüfatının və kənd yerlərinin inkişafı ilə bağlı təhlillərin və elmi tədqiqatların aparılması, analitik məlumat bazasının və informasiya sistemlərinin formalaşdırılması, proqram və layihələrin hazırlanması müəyyən edilib.

Bundan başqa, aqraryönümlü elmi müəssisələrin təminatının gücləndirilməsi, innovativ yeniliklərin fermerlərə ötürülməsi, elmi-tədqiqat institutlarının məsləhət xidmətləri şəbəkəsinə çevrilməsi üçün institusional islahatlar aparılaraq Aqrar Elm və İnnovasiya Mərkəzi formalaşdırılıb.

Eyni zamanda, aqrar islahatların vacib istiqamətlərindən biri olan bazara çıxış imkanlarının daha da gücləndirilməsi, istehsal vasitələri ilə təminatın və bu sahədə rəqabət mühitinin yaxşılaşdırılması məqsədilə nazirlik yanında “Aqrar tədarük və təchizat” ASC təsis edilib. Gözlənilir ki, bu qurum ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının və emalının stimullaşdırılmasını, kənd təsərrüfatı və ərzaq məhsullarının satın alınmasının sistemli şəkildə həyata keçirilməsini təmin edəcək.

Aqrar sahədə ötən il baş verən ən mühüm yeniliklərdən biri uzun illər boyu korrupsiya yuvasına çevrilmiş “Aqrolizin” ASC-nin funksiyalarının böyük qisminin paylanmasıdır. Belə ki, Prezidentin fərmanı ilə Kənd Təsərrüfatı Layihələri və Kreditlərin idarə Olunması üzrə Dövlət Xidmətinin bazasında Aqrar Kredit və İnkişaf Agentliyi yaradılıb. “Aqrolizinq” ASC-nin portfeli, eyni zamanda kənd təsərrüfatı texnikası və damazlıq heyvanların güzəştli qiymətlərlə satışı funksiyaları yeni yaradılan Agentliyə verilib. Bundan sonra kənd təsərrüfatı texnikası və damazlıq heyvanlara tətbiq olunan güzəştlər bütün təchizatçı şirkətlərə şamil ediləcək. Nəticədə kənd təsərrüfatı texnikası bazarı liberallaşacaq, fermerlərin subsidiyalardan istifadə imkanları artacaq. Eyni zamanda maliyyə bazarına çıxış imkanları güclənməklə güzəştli kredit və xidmətlər fermerlər üçün daha əlçatan olacaq. Kənd təsərrüfatı texnikası və damazlıq heyvanların lizinqə götürülməsi artıq “Aqrolizinq”də deyil, müvəkkil banklarda rəsmiləşdiriləcək. Aqroservislər bu ildən özəlləşdirilməyə çıxarılacaq.

Bundan əlavə, fermerlərə dövlət dəstəyinin institusional mexanizmlərinin təkmilləşdirilməsi, aqrar sahədə xidmətyönümlü fəaliyyətə üstünlüyün verilməsi, fermerlərlə işin gücləndirilməsi, innovasiyadan istifadə ilə bağlı maarifləndirmənin həyata keçirilməsi məqsədilə ölkə başçısının cari ilin iyulunda imzaladığı fərmanla nazirliyin rayon və şəhər idarələrinin əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) yaradılıb.

Aqrar sahənin inkişaf etdirilməsində ən vacib məsələlərdən biri kooperasiyanın inkişaf etdirilməsi və torpaqların konsolidasiyasıdır. 2018-ci ildə pay torpaqlarının könüllülük əsasında birləşdirilməsi nəticəsində pilot layihə olaraq Nazirliyin dəstəyi ilə ilk dəfə Sabirabad rayonunda “Birlik” İstehsal Kooperativi yaradılıb. Nazir İnam Kərimovun dediyinə görə, artıq Azərbaycanın müxtəlif bölgələrində belə kooperativlərin yaradılması ilə bağlı müraciətlər var və nazirlik könüllü birləşmə, kooperasiyanın üstünlüklərindən istifadə olunmasında maraqlı olan fermerlərin təşəbbüslərini bundan sonra da hərtərəfli dəstəkləyəcək: “2019-cu ildə qarşımızda aqrar sahənin dayanıqlı inkişafına ciddi təsir edə biləcək çoxsaylı vəzifələr durur. İlk növbədə Nazirlik tərəfindən yaradılmaqda olan “Elektron kənd təsərrüfatı” informasiya sisteminin formalaşdırılmasını başa çatdırmalıyıq. Bu sistemin tətbiqi aqrar sahədə, o cümlədən subsidiyaların verilməsində şəffaflığı və çevikliyi təmin edəcək. Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək.
Bundan başqa, intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmalıyıq. Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunmasını təmin etməliyik”.

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirlinin Musavat.com-a dediyinə görə, 2018-ci il ölkədə qida və kənd təsərrüfatına konkret baxışların formalaşması baxımından əhəmiyyətli oldu: “İlin əvvəlində Nazirlər Kabinetinin tərkibi formalaşdırılarkən bir sıra sahələrlə yanaşı aqrar siyasəti həyata keçirən mərkəzi icra qurumunun rəhbərinin dəyişdirilməsi ondan xəbər verirdi ki, artıq dövlət başçısı qida təhlükəsizliyi sahəsində prioritetləri başqa cür müəyyənləşdirib. Bu fakt idi ki, illərdir aqrar siyasət qarşısına qoyulmuş xidmətyönümlü sahəyə çevrilmək, məşğulluq səviyyəsinin yüksəldilməsi, təsərrüfatlarda dəyər zəncirinin yaradılması kimi hədəflər həyata keçirilmirdi. Aqrar sahəyə yönəldilən subsidiya və digər vəsaitlərdən şəffaf istifadə edilməməsi haqqında məlumatlar dolaşırdı. Elektron kənd təsərrüfatı kimi əhəmiyyətli resurs illərlə formalaşdırılmadı, nəticədə subsidiya mexanizmi öz iqtisadi effektini meydana qoya bilmədi. Aprel ayında ölkədə aqrar siyasəti həyata keçirən mərkəzi icra orqanının rəhbərliyinə dünya brendi kimi qiymətləndirilən ASAN XİDMƏT modelinin formalaşmasında xüsusi rolu olmuş İnam Kərimovun təyin edilməsi kənd təsərrüfatının xidmət sektorunun müasir tələblər səviyyəsində yenidən qurulacağına ümid yaratdı”.

Ekspertə görə, bu mənada ilin ən mühüm hadisələri- sovet dövründənqalma ənənələrin davamçısı olan kənd təsərrüfatı idarələrinin ləğv edilərək regionlarda DAİM mərkəzlərin yaradılması, KTN-nin xidmət qurumlarında aparılan kadr islahatları, texnika və damazlıq heyvan bazarında biznes münasibətlərinin formalaşdırılması məqsədi ilə “Aqrolizinq” sistemində aparılan köklü dəyişiklik, kənd təsərrüfatı kreditləri alətlərinin yenidən təşkili, arıçılığın subsidiyalaşmağa cəlb edilməsi, Qida Təhlükəsizliyi Agentliyinin, Aqrar Tətqiqatlar Mərkəzinin fəaliyyətə başlaması, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin ləğv edilərək yenidən təşkili istiqamətində atılan addımlar yaxın gələcək üçün aqrar xidmət sektorunun dirçələcəyinə ümid yaradır: “Fikrimcə, 2018-ci ildə ölkədə aqrar inkişafın qarşısında duran problemlərin gələcək illərdə həlli istiqamətində baza addımları atılıb. Lakin deyə bilmərik ki, bu sahə problemlərdən xilas oldu. İlk növbədə, hələ də Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə məşğul olmaq gəlirli deyil, bu sahənin xərcləri kifayət qədər yüksəkdir, elə sahələr var ki, istehsalçılar ili zərərlə başa vururlar. İstehsalın bütün mərhələləri mexanikiləşdirilməyib, təsərrüfatlarda əl əməyi mövcuddur, əkin altında olan torpaqların meliorativ vəziyyəti ağırdır, elmi informasiya təminatı çox zəifdir. Baytarlıq dərmanları, bitkiçilik pereparatları xaricdən idxal olunur ki, bunların da keyfiyyəti çox aşağıdır. Bu mənada sektorun bir sıra ciddi problemlərinin həlli 2019-a qalıb. Xüsusən elektron kənd təsərrüfatı sisteminin qurulması, aqrolizinq xidmətlərinin özəlləşdirilməsi, damazlıq heyvan və gübrə dəstəyinin optimallaşdırılması həllini tapmalıdır. Bu il həllini gözləyən ən ciddi problemlərdən biri xırda təsərrüfatların birləşdirilməsi-kooperasiya münasibətlərinin yaradılması olacaq. Bu o qədər də asan məsələ deyil, ciddi maarifçilik işləri aparılmalıdır və ortaya konkret iqtisadi model qoyulmalıdır. Kooperasiyalaşmanın sürətləndirilməsi üçün stimul olacaq iqtisadi alət- aqrar sığorta sisteminin formalaşdırılması da bu ilki hədəflərdən olmalıdır”.
N.Nəsirlinin sözlərinə görə, ötən il üçün dövlət başçısı müəyyən etmişdi ki, daxili tələbat tam təmin edilməli, məhsuldarlıq göstəriciləri artırmalı və elmi yanaşma tətbiq etməklə ixrac imkanları genişlənməlidir: “2018-ci ildə bu hədəflərə tam çatdığımızı demək çətindir. Rəsmi rəqəmlərə əsaslansaq, bitkiçilik məhsullarında özünütəminetmə səviyyəsi 100 faiz həddində olsa da, heyvandarlıq məhsulları baxımından 70 faizdən yuxarı qalxa bilmirik. Bunun ciddi səbəbləri var ki, elmi yanaşmalar tətbiq etmədən ciddi nəticələr əldə edə bilməyəcəyik. Heyvandarlıq məhsullarının istehsalında xərclərin 70 faizini yem məhsulları və yem komponentləri təşkil edir, yem təminatı baxımından xaricdən asılı olmağımız bazarlarda “mövsümi qiymət təlatümləri”nə gətirib çıxarır.

Ölkədə torpaqların məhsuldarlığı yüksəldilməli, yem əkinçiliyi genişləndirilməli, əl əməyi və digər problemlər aradan qalxmalıdır. Saxlama anbarlarının lazımi səviyyədə olmaması bazarlarda “mövsümi qiymət təlatümləri”nin yaranmasına səbəb olur. Mövsümündə məhsulu anbarlayıb saxlaya bilmirik, qeyri-mövsümdə isə idxaldan asılı oluruq. Bu, yerli istehsalın müdafisəsi, bazar intervensiyaları sahəsində ciddi addımların atılmasını tələb edir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256