KƏND TƏSƏRRÜFATI

Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda media-tur təşkil edib
25 DEKABR 2018
156

Qida Təhlükəsizliyi Agentliyi Lənkəranda media-tur təşkil edib

2018-12-25 09:55:00
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi media nümayəndələri üçün media-tur təşkil edib. 
 
Fins.az xəbər verir ki, iki gün davam edən media-tur çərçivəsində kütləvi informasiya vasitələrinin nümayəndələrinin Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran şəhərində yerləşən Lənkəran Regional Sınaq Laboratoriyasında və bir sıra istehsalat müəssəsində olub. Burada jurnalistlər məhsullardan nümunələrin götürülməsi və laboratoriyada ekspertizasının aparılması prosesini izləyiblər.
Jurnalistlərə bildirilib ki, Lənkəran Regional Sınaq Laboratoriyasıının təyinatı üç istiqamət üzrə - heyvan mənşəli xəstəliklərin ekspertizası, bitki mənşəli xəstəliklərin ekspertizası, bütün növ qida məhsullarında təhlükəsizlik və keyfiyyət göstəricilərinin ekspertizası üzrə qurulub. Laboratoriyada 27 laborator baxış otağı var ki, burada gündəlik 300 sınaq aparmaq mümkündür.
Həmçinin laboratoriyanın kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi, insinerator, soyuducu kamera və vivarium kimi yardımçı tikililəri mövcüddur. 
Kimyəvi və bioloji tullantıların zərərsizləşdirilməsi otağında kimyəvi tullantıların neytrallaşdırma, o cümlədən bioloji tullantıların zərərsizləşdirilməsi həyata keçirilir. Proses ozonlaşdırma texnologiyası əsasında aparılır. Patoloji materialın və heyvan qalıqlarının məhv edilməsi insinerator qurğusunda aparılır. Vivarium otağında isə sınaq üçün nəzərdə tutulmuş təcrübə heyvanları saxlanılır.
Qəbul edilmiş nümunələr aşağıdakı şöbələr tərəfindən tədqiq edilir:
Nümunə qəbulu şöbəsi laboratoriyanın təyinatı üzrə üç fərqli istiqamətdə kodlaşdırma prinsipinə əsasən nümunələrin qəbulunu həyata keçirir. Bunlar patoloji materialın qəbulu, bitkiçilik məhsullarının qəbulu və bütün növ qida məhsullarının qəbuludur. 
Toksikologiya şöbəsində ən müasir metod və cihazlardan istifadə edilərək bütün növ qida məhsullarının təhlükəsizlik göstəriciləri olan pestisid qalıqlarının, toksiki ağır metalların, konservantların, qida rəngləyicilərinin təyini həyata keçirilir. Sınaqların aparılması məqsədilə dünyanın aparıcı şirkətlərinin istehsalı olan maye və qaz xromatoqrafiya, atom absorbsiyon spektrometriya və spektrofotometriya sistemlərindən istifadə olunur.
 
Fiziki – kimyəvi müayinələr şöbəsində beynəlxalq standartlara uyğun metodologiya vasitəsilə məhsulların qida dəyərliliyi və keyfiyyət göstəriciləri üzrə sınaqlar aparılır. 
 
Molekulyar biologiya və GMO – nun təyini şöbəsində müasir biotexnoloji metodların tətbiqi vasitəsilə qida məhsullarında genetik modifikasiya olmuş komponentlərin, eyni zamanda ət və ət məhsullarında mənşə təyini həyata keçirilir.
Mikrobiologiya şöbəsində qida məhsullarında bakterioloji çirklənmə, eyni zamanda qarayara, bruselyoz, vərəm kimi bakterial mənşəli heyvan  xəstəliklərinin ekspertizası həyata keçirilir. Laboratoriya bioloji təhlükəsizlik standartlarının təmin edilməsi məqsədilə lazımi avadanlıqlar ilə təchiz edilib.
 
Virusologiya şöbəsində quduzluq, çiçək, dabaq, quş qripi kimi heyvan mənşəli virusoloji xəstəliklərin molekulyar səviyyədə diaqnostikası həyata keçirilir. Heyvan mənşəli məhsullarda parazitar xəstəliklər törədicilərinin təyini parazitologiya şöbəsində aparılır.
Karantin ekspertiza şöbəsində bitkiçilik məhsullarında zərərverici orqanizmlərin diaqnostikası və təyini həyata keçirilir.
Qeyd olunan müayinələr  Qida Təhlükəsizliyi İnstitutunda intensiv təlimlərə cəlb edilmiş və uğurla tamamlamış 18 nəfərlik işçi heyəti tərəfindən aparılır. Qeyd edək ki, media-turun keçirilməsində məqsəd  Agentliyin müxtəlif regionlarda yerləşən sınaq laboratoriyalarının fəaliyyəti və həmin laboratoriyaların iş prinsipi ilə bağlı media nümayəndələrini məlumatlandırmaqdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256