ƏRZAQ SƏBƏTİ

Azərbaycanın nar şərabı dünya bazarında
05 DEKABR
82

Azərbaycanın nar şərabı dünya bazarında

2018-12-05 12:03:00

“Az-Granata” MMC-nin şirə və şərab emalı zavodunun məhsullarından olan nar şirəsi və nar şərabı dünya bazarında öz yerini möhkəmləndirməkdədir. Bu gün Rusiya, ABŞ, Kanada, Almaniya, Fransa, Hollandiya, Belçika, Polşa, Çexiya, Avstriya, Macarıstan, Ukrayna, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Malayziya, Yaponiya, Çin, Bəhreyn, İsrail, Avstriya kimi bir çox ölkələrdə bu məhsullara tələbat artmaqdadır.

MMC-nin mətbuat xidmətindən Fins.az-a bildiriblər ki, buna səbəb ixrac olunan nar şirəsi və nar şərabının yüksək keyfiyyətidir. Şirə və şərabın keyfiyyətli olması bir sıra amillərlə bağlıdır. Müəssisəyə məxsus 100 hektar orqanik nar bağı var və burada yetişdirilən yüksək keyfiyyətli məhsul öz dadı ilə digər ölkələrdə yetişdirilən nardan seçilir. Yetişdirilən məhsuldan alınan şirə və şərabın özünəməxsus gözəl və fərqli dadı alıcıları daha çox cəlb edir. Təsadüfi deyil ki, müəssisənin nar bağlarına Almaniyanın GMBH İnstitutu tərəfindən BİO sertifikatı verilib.

“Az-Granata”nın nar şirəsi və şərabını məşhurlaşdıran digər səbəblərdən biri zavodda ən müasir texnologiyanın tətbiqidir. Belə ki, meyvə şirəsinin dadının qorunub saxlanması üçün hazırda Almaniya istehsal olan vakum filtrlərindən istifadə edilir. Əldə olunan şirə heç bir digər təsirə məruz qalmadığı üçün öz rəngini, dadını və ətrini özündə saxlayır.

Məhsulların keyfiyyətli olmasının əsas səbəblərindən biri də zavodda ixtisaslı kadrların çalışmasıdır.

Əminliklə demək olar ki, bir çox xarici ölkələrdə şöhrət qazanan nar şirəsi və şərabı yaxın 2-3 ildə dünya miqyasında Azərbaycanın milli brendi kimi tanınacaq. Bu da ixrac potensialının daha da genişlənməsinə töhfə verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256