ƏRZAQ SƏBƏTİ

Xaricdən gətirilən siqaretlər bahalaşacaq
22 NOYABR
249

Xaricdən gətirilən siqaretlər bahalaşacaq

2018-11-22 12:39:00

"İdxal edilən tütün məmulatlarına daha yüksək aksiz dərəcələrinin tətbiq edilməsi labüddür".

Fins.az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov deyib.

"Tütün məmulatlarına aksizlərin artırılması nəzərdə tutulur. Bir tərəfdən ölkədə aksiz məbləği kifayət qədər aşağıdır. Digər tərəfdən, idxal ilə yerli istehsal arasında aksiz nöqteyi-nəzərdən heç bir fərq yoxdur. Düşünürük ki, bu, vahid rəydir, həm Maliyyə, həm də İqtisadiyyat nazirlikləri hesab edir ki, yerli istehsalçıları bu sahədə dəstəkləməyə ehtiyac var. İdxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisinin tətbiqi labüddür" - deyə vergilər naziri bildirib.

Maraqlıdır, idxal edilən tütün məmulatlarına daha yüksək dərəcələrdə aksiz vergisi tətbiq edilərsə, bu, siqaretin qiymətinə necə təsir edəcək? Ekspert  Sputnik Azərbaycan-ın bu sualını cavablandırıb. 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov deyib ki, bu məsələ daxili istehsalçıların istehsal etdikləri məhsullara qiymətlərin hansı şərtlərlə qoyulmasından ciddi şəkildə asılıdır: "Əgər daxili istehsal nöqteyi-nəzərindən inhisar meylləri, inhisarçılıq olacaqsa, bu, qiymət artımı ilə müşahidə ediləcək. Çünki idxalçılara rüsumlar artırılsa, daxili istehsalçılarda da rəqabət mühiti olmasa, onda daxili istehsalçılar öz məhsullarının qiymətlərini artıraraq qiymət artımına səbəb olacaqlar". Onun sözlərinə görə, bu baxımdan məsələyə kompleks yanaşmaq lazımdır: "Əgər ancaq yerli istehsalçıların maraqları qorunsa, yerli istehlakçıların maraqları nəzərə alınmasa, onda bu, qiymət artımına, inflyasiya spiralının inkişaf etməsinə xidmət edəcək. Düzdür, bunun sosial tərəfi - tütün məhsullarından istifadənin orqanizmə zərəri ilə bağlı da məsələlər var. Amma digər tərəfdən, biz anlamalıyıq ki, qiymət artımı inflyasiyanın və ümumilikdə, sosial-iqtisadi göstəricilərin kəskin şəkildə pisləşməsinə səbəb ola bilər". 

"Əslində, idxal rüsumlarının artırılması daxili bazarın qorunması, qeyri-neft real sektorunun ölkədə inkişafı üçün lazımdır. Ona görə bu addımı dəstəkləyirəm. Amma bir şərtlə ki, daxili bazarda rəqabət mühiti formalaşsın, daxili bazara investorların gəlməsi prosesi sürətləndirilsin, inhisarçılıq olmasın. Bu halda idxal rüsumlarının artımı müsbət nəticələrə səbəb ola bilər"- deyə professor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256