ƏRZAQ SƏBƏTİ

Azərbaycanın milli qida məhsulları Tbilisidə
20 NOYABR
109

Azərbaycanın milli qida məhsulları Tbilisidə

2018-11-20 16:55:00

Tbilisidə “Expo Georgia” Sərgi Mərkəzində XVIII Beynəlxalq Kənd təsərrüfatı, Qida sənayesi, Emal və Qablaşdırma Texnologiyası (Agro/Food/Drink/Tech) sərgisi açılıb.

Fins.az xəbər verir ki, sərgidə Gürcüstanla yanaşı, Rusiya, Ukrayna, Azərbaycan, Belarus, Polşa, Hollandiya, İtaliya və digər ölkələrdən 120-yə yaxın şirkət iştirak edir.

Sərgidə Azərbaycanın milli qida və şirniyyat məhsulları Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən Gürcüstan-Azərbaycan Ərazisi Sərhəd Əməkdaşlığı üçün “Gənc Sahibkarlar Sinerjisi (YES!) Şəbəkəsi” layihəsi çərçivəsndə təqdim olunub. Layihənin pavilyonunda şəkərbura, paxlava, qoğal, qatlama, lavaş, motal pendiri və qurut təqdim olunub. Məhsulların dequstasiyası ilə yanaşı, satışı da həyata keçirilib.

Layihənin Azərbaycandan olan tərəfdaşı “Qərb Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ramil Göyüşov bildirib ki, sərgilənən məhsulları Qazax və Ağstafada fəaliyyət göstərən müəssisələr istehsal edib. O deyib ki, sərgidə iştirakın məqsədi Azərbaycanın milli qida məhsullarının Gürcüstanda tanıdılması və təbliğidir.

Layihənin Gürcüstandakı tərəfdaşı olan Vətəndaş İnkişafı Agentliyinin (CİDA) layihə meneceri Nino Çitorelidze“Report”a açıqlamasında deyib ki, proqram Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrində həyata keçirilir: “Layihəyə 2018-ci ilin mart ayından start verilib. Gürcüstan və Azərbaycandan olan sahibkarlar bu layihə çərçivəsində çox yaxşı əməkdaşlıq edir. Məqsəd iki ölkənin sahibkarları arasında təcrübə mübadiləsinə nail olmaq və onların arasında birliyin yaradılmasıdır”.

N.Çitorelidze sərgidə təqdim olunan Azərbaycan milli məhsullarının həm dad, həm də vizual baxımdan çox gözəl olduğunu qeyd edib: “Məhsulları həddindən artıq çox bəyəndik. Onlar təbii inqrediyentlərdən hazırlandığına görə çox dadlıdırlar. Hesab edirəm ki, Azərbaycanın Gəncə-Qazax bölgəsinə xas olan məhsullar, milli mətbəx nümunələri Gürcüstan bazarında geniş satışa çıxarılmalı və hamı üçün əlçatan olmalıdır”.

Azərbaycanın milli məhsulları sərginin yerli və əcnəbi ziyarətçiləri tərəfindən xüsusi maraqla qarşılanıb.

Sərgi noyabrın 23-dək davam edəcək. Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255