ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ərzağa 13 milyard manatdan çox pul xərclənilib
17 OKTYABR
180

Azərbaycanda ərzağa 13 milyard manatdan çox pul xərclənilib

2018-10-17 15:04:00

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,7% artaraq 26,2 mlrd. manat olub.

Dövlət Statistika Komitəsindən Fins.az-a verilən məlumata görə, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir istehlakçı orta hesabla ayda 296,3 manatlıq və ya 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,9 manat çox əmtəə alıb.

Bu ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin eyni dövrünün səviyyəsini real ifadədə 2,1% üstələyərək 13133,9 mln. manata çatıb. Ticarət dövriyyəsi 13024,2 mln. manat təşkil edən qeyri-ərzaq məhsullarının satışı isə 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,3% çox olub.

Hesabat dövründə bir istehlakçı pərakəndə ticarət şəbəkəsindən orta hesabla ayda 148,8 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 147,5 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Bu ilin yanvar-sentyabr aylarında istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 45,9%-i ərzaq məhsullarının, 4,3%-i içkilər və tütün məmulatlarının, 18,2%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,3%-i elektrik malları və mebellərin, 5,7%-i avtomobil yanacağının, 1,3%-i əczaçılıq və tibbi malların, 0,7%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,6%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9190
  • ₽ RUB
    0.0250