ƏRZAQ SƏBƏTİ

Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib
17 OKTYABR
105

Madriddə Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib

2018-10-17 10:42:00

İspaniyanın Madrid şəhərində yerləşən Madrid Rioxa Mərkəzində Azərbaycan şərablarının təqdimat mərasimi keçirilib.

Mərasimdə İspaniyada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri və yerli kütləvi informasiya vasitələrinin, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətlərinin, habelə ölkəmizi təmsil edən “Aspi Agro” MMC şirkətinin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Madrid Rioxa Mərkəzinin prezidenti Xose Antonio Ruperes Kanyo Azərbaycan şərablarının füsunkar dada və keyfiyyətə malik olduğunu deyib və məhz bu səbəbdən İspaniyanın əsas şərabçılıq bölgələrindən sayılan Rioxa şərabları ilə Azərbaycan şərablarının birgə təqdimat mərasiminin keçirilməsinin təsadüfi olmadığını bildirib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov Azərbaycanın qədim şərabçılıq ənənələrinə malik olduğunu, ölkəmizdə şərabçılığın prioritet sahələrdən biri olduğunu qeyd edərək, dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində bu gün respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların təzahürü kimi, Azərbaycan şərabçılıq mədəniyyətinin şöhrətinin bərpa edildiyini, ölkə şərablarının və şərabçılıq məhsullarının rəqabət qabiliyyətinin yüksəldilməsi və onların dünya bazarında layiqli yer tutmasına əsas yaratdığını vurğulayıb. Qeyd olunub ki, “2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı”nın qəbulu nəticəsində Azərbaycanda şərabçılığın inkişafı böyük vüsət alıb, “milli brend” adı altında ölkə şərablarının geniş şəkildə satışı və təşviqi, digər ölkələrdə Azərbaycan şərab evlərinin açılması uğurla həyata keçirilir.

Daha sonra “Aspi Agro” MMC şirkətinin nümayəndəsi tərəfindən “Savalan” brendinə məxsus şərablarla bağlı təqdimat edilib.

Tədbir zamanı ölkəmizin istehsalı olan 3 çeşiddə şərabın təqdimatı, eləcə də dequstasiyası keçirilib və Azərbaycanın turizm potensialının təşviqinə və ölkəmizdə şərabçılığın inkişafına həsr olunmuş təqdimat və videoçarx nümayiş etdirilib. Tədbir iştirakçıları tərəfindən Azərbaycan şərabları böyük rəğbətlə qarşılanıb, onun özünəməxsus dada və keyfiyyətə malik olduğu qeyd edilib. Mərasimdə iştirak edən ekspertlər təqdim olunan Azərbaycan şərablarının hazırlanma üsulu ilə bağlı yaxından maraqlanıblar. Tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ləziz nemətlərindən (dolma, qutab, kükü) və şirniyyatlardan (şəkərbura, paxlava) dadıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254