ƏRZAQ SƏBƏTİ

Azərbaycan bu sərgidə ilk dəfə iştirak edir
12 OKTYABR
198

Azərbaycan bu sərgidə ilk dəfə iştirak edir

2018-10-12 14:46:00

Oktyabrın 10-dan 12-dək Yaponiyada ikinci “Yaponiya qida məhsulları ixracatı” sərgisi keçirilir.

Fins.az xəbər verir ki, Yaponiya Kənd, Meşəçilik və Balıqçılıq Təsərrüfatları Nazirliyinin təşkili etdiyi sərgidə bu ölkədə qida məhsulları istehsalı ilə məşğul olan 600-dən çox şirkət təmsil olunur. Sərgidə ilk dəfə Azərbaycan şirkətlərini təmsil edən 15 nəfərlik nümayəndə heyəti də iştirak edir.

Səfərin təşkilatçısı, “Foodstaff Co.LTD” şirkətinin prezidenti Tsuyoşi Kaneda bildirib ki, nümayəndə heyətinin tərkibində Azərbaycanı təmsil edən supermarket və restoranların menecerləri iştirak edirlər. Son illər Bakıda yapon restoranlarının sayının artması sübut edir ki, Azərbaycanda Yaponiyanın qida məhsullarına da böyük maraq var. Səfərin məqsədi də məhz sərgidə nümayiş olunan Yaponiya qida məhsullarının Azərbaycana idxal imkanlarının araşdırılmasıdır. Bu məqsədlə Yaponiya şirkətlərinin nümayəndələri ilə həmin məhsulların Azərbaycana idxalı imkanları barədə fikir mübadiləsi aparılır, ilkin razılaşmalar da əldə olunub.

Azərbaycanlı iş adamları da sərgi barədə fikirlərini AZƏRTAC-ın xüsusi müxbiri ilə bölüşüblər. Səfərin təşkilatçılarından biri olan “Trevcons” şirkətinin baş direktoru Hüseyn Məmmədov bildirib ki, ilk dəfədir Azərbaycandan 15 nəfərdən ibarət nümayəndə heyəti yapon qida məhsulları sərgisinə qatılıb. Onların arasında həm marketlərin, həm restoranların nümayəndələri, həm də distribüterlər var. Bu səfər keyfiyyəti ilə seçilən yapon ərzaq məhsullarının, içkilərin Azərbaycan bazarına, istehlakçılarımıza çatdırılması baxımından əhəmiyyətlidir. Çalışacağıq ki, ölkəmiz üçün daha optimal, daha uyğun ərzaq məhsulları seçərək bunların Azərbaycana çatdırılmasına nail olaq. İnanırıq ki, yapon biznesi ilə əməkdaşlıq hər iki tərəf üçün səmərəli olacaq və gələn sərgidə daha geniş tərkibdə iştirak edəcəyik.

“Rahat” marketlər şəbəkəsinin prezidenti Cəlal Babakişiyev də səfərin hər iki tərəf üçün faydalı olacağına əminliyini ifadə edib: ”Artıq iki gündür ki, sərgiyə qatılmışıq. Yapon ərzaq məhsulları keyfiyyəti və təbiiliyi ilə seçildiyinə görə, qiymətlər də fərqlidir. Yəqin ki, əlverişli şərtlər daxilində yapon tərəfi ilə biznes qurmağa nail olacağıq”.

“Megastor” marketlər şəbəkəsinin baş direktoru Eşqin İsmayıllı da Yapon məhsullarının keyfiyyəti ilə diqqəti çəkdiyini bildirərək deyib: “Sərgidə təqdim edilən məhsullar, çeşidlərin sayı və bolluğu, keyfiyyəti ilə diqqəti cəlb edir. Düşünürəm ki, bu məhsullar Azərbaycan bazarı üçün də maraqlı olacaq. Çalışacağıq ki, azərbaycanlı istehlakçılara belə keyfiyyətli məhsulları çatdırmağın yollarını tapaq”.

Eləcə də bax:Arıçı: Balların keyfiyyətini yoxlamaq üçün alternativ labaratoriyalar olmalıdır

“Safron group” şirkətinin nümayəndəsi Ənvər Qocayev isə qeyd edib ki, səfərin məqsədi Azərbaycan mehmanxanalarına, restoranlara keyfiyyətli ərzaq məhsullarının çatdırılmasıdır. Görüşlərimiz uğurlu alınır və inanıram ki, qarşılıqlı faydalı əlaqələr qurmağa nail olacağıq.

Azərbaycan iş adamlarının sərgidə iştirakı yapon telekanallarının da xüsusi diqqətinə səbəb olub. NHK və TBS telekanalları azərbaycanlı iş adamlarının sərgidə iştirakı barədə xüsusi süjetlər yayıblar. Həmin süjetlərdə Azərbaycanın coğrafi mövqeyi, mədəniyyəti, müasir inkişafı, Bakı şəhərinin gözəlliyi barədə yapon tamaşaçılara ətraflı məlumat verilib.

Sərgi oktyabrın 15-də başa çatacaq.

AZƏRTAC 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256