ƏRZAQ SƏBƏTİ

Energetik içkilərə vergi tətbiq edilməlidirmi?
14 SENTYABR
437

Energetik içkilərə vergi tətbiq edilməlidirmi?

2018-09-14 15:36:00

Bəzi ölkələrdə energetik içkilərin satışına qadağalar qoyulub və ya məhdudiyyətlər tətbiq edilib.

Bu barədə Fins.az-a Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumatda qeyd olunub ki, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub. 2015-ci ildə isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq olunub. Türkiyə, Danimarka, Norveç, Uruqvay, İslandiya, eləcə də ABŞ-ın Vaşinqton, Yuta, Oklaxoma, Miçiqan kimi ştatlarında da bu cür qadağalar mövcuddur.

Hazırda Finlandiyada energetik içkilərə vergi tətbiqi barədə düşünürlər. Uşaqların hüquqları üzrə ombudsman və ölkə parlamentinin bir qrup deputatı bu içkiləri “zərərli məhsullara vergi tətbiqi” siyahısına salmaq tələbi ilə çıxış ediblər. Artıq gələn ilin dövlət büdcəsinə bununla bağlı xüsusi aksiz vergisi əlavə oluna bilər. Paytaxtımızda fəaliyyət göstərən “Doktor Davud” Tibb Mərkəzinin direktoru Davud Qüdrətovun sözlərinə görə, hazırda şəhərin bütün mağazalarında satılan bir banka enerji verən içkinin tərkibində 0,5 litr su, 75 milliqram kofein, 500 milliqram taurin, şəkər, qlükoza, qlükoronolakton, rəngverici, aromatizator, limon duzu, duzluluq tənzimləyicisi, karbon 4 oksid və bəzi vitaminlər var:

“Əksər televiziyaların “qanadlandırıcı” kimi reklam etdiyi “XL”, “Pitbull”, “Rox”, “Red Bull”, “Hell” və digər bu kimi içkilər əslində vətəndaşlarımızın, xüsusilə gənclərimizin sağlamlığı üçün ciddi təhlükə mənbəyidir. Sözügedən içkilər nəinki insana enerji vermir, əksinə, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Biz, gec-tez, bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində geri qaytarırıq. Belə çıxır ki, insan öz resurslarından “borc” götürür, borcu isə əvvəl-axır qaytarmalısan”. Milli Məclisin deputatı Azər Badamov hesab edir ki, Azərbaycan bazarında enerji içkiləri birtərəfli qaydada reklam olunur, onu yalnız insana güc gətirəcək, əhval-ruhiyyəni yaxşılaşdıracaq bir qida kimi təqdim edirlər: “Dünyanın inkişaf etmiş ölkələrinin bazarlarına diqqət yetirsək, görərik ki, Almaniya, İngiltərə və ABŞ kimi ölkələr öz vətəndaşlarını enerji içkilərindən uzaqlaşmağa çağırır. Müəyyən tədbirlər görürlər ki, bu içkidən daha az istifadə olunsun. Dünya Səhiyyə Təşkilatı tərəfindən də energetik içkilərin törədəcək fəsadlar haqqında geniş danışılır. Yəni, bu içkilərin insan orqanizminə zərərini bizim səhiyyə təşkilatları da təbliğ etməlidirlər. Bildirilməlidir ki, hansı hallarda və nə qədər bu içkidən istifadə etmək olar”. A.Badamovun fikrincə, çıxış yollarından biri də enerji içkilərinin idxalına, istehsalına və satışına əlavə rüsum və vergilərin tətbiq edilməsidir. Belə bir addım həm bu içkilərdən istifadənin miqdarını azaldar, həm də dövlət büdcəsinə əlavə vəsait gətirər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9274
  • ₽ RUB
    0.0254