ƏRZAQ SƏBƏTİ

Qarpız-yemiş niyə ucuzlaşmır?
06 AVQUST
199

Qarpız-yemiş niyə ucuzlaşmır?

2018-08-06 10:50:00

Avqustun 1-dən topdansatış bazarlarında qarpızın qiymətində 30 faiz, yemişin qiymətində 50 faiz ucuzlaşma müşahidə edilir.

Bunu kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

N.Nəsirli deyib ki, əvvəllər yemişin topdansatış qiyməti 80-90 qəpik idisə, hazırda qiymətlər 40-45 qəpiyədək enib: “Bu da təxminən 50-60 faiz civarında ucuzlaşma deməkdir. Əvvəllər qarpızın topdansatış qiymətləri 50, 55, 60 qəpik civarında idisə, bugünkü göstəricilərdə 40-45 qəpik müşahidə edilir. Bu da təxminən 30 faiz ucuzlaşma deməkdir”.

“10 günə qarpız-yemiş ucuzlaşacaq”

Ekspert səyyar satışlarda qiymətlərin dəyişməz qalmasına da münasibət bildirib: “Hazırda satışda olan qarpızlar bir neçə gün əvvəl baha topdansatış qiymətinə alınan məhsullardır. Yəqin ki, ilk ongünlük ərzində həmin məhsullar satılandan sonra ucuzlaşmanı hiss edəcəyik. Doğrudur, qiymətlər ciddi şəkildə ucuzlaşmasa da, müəyyən sabitləşmənin şahidi olacağıq. Maya dəyərini formalaşdıran topdansatış qiymətləridir. Bu gün topdansatış qiymətlərində yemiş üzrə 50 faiz, qarpız üzrə 30 faiz ucuzlaşma varsa, bunu səyyar satışa da şamil etmək olar. Hərçənd ki, səyyar satışda o qədər də ucuzlaşmanı gözləmirəm. Çünki insanlardakı gəlir əldə etmək ehtirası daha güclüdür. Topdansatış belədir ki, məhsul çox olduğu üçün tez satılmalıdır. Səyyar satıcı isə məhsulunu həmin gün də sata bilər, 3-4 gün ərzində də”.

Qarpız-yemiş ildən-ilə niyə dadsızlaşır…

N.Nəsirli qarpız-yemişin ildən-ilə dadında, keyfiyyətində baş verən dəyişikliklərə də aydınlıq gətirib. O, əsas problemin toxumla bağlı olduğunu vurğulayıb:

“Təxminən iki gün əvvəl Aran rayonlarında idim. Maraq üçün 2-3 qarpız alıb kəsdim. Eynilə siz deyən halla qarşılaşdım. Qarpızlar qabığı qalın, içi ağ və dadsız idi. Elələri var ki, görünüş olaraq gözəl təsir bağışlasa da, kəsəndə müəyyən qoxu hiss edirsən və s.

Bildiyiniz kimi, avqust ayına qədər satışa çıxarılan qarpızlar örtük altında yetişdirilənlərdir. Örtük altında yetişmə dövrünü sürətləndirmək üçün onlara müəyyən mineral gübrələr verilir. Mənim fikrimcə, fermerlərin məlumatsızlığından hər bitkiyə lazımından çox gübrə verilir. Bu, ən böyük problemdir və düşünürəm ki, gizlətməyə də ehtiyac yoxdur. Fermerlər elə bilirlər ki, məhsula daha çox gübrə verəndə sürətlə yetişir. Düz bilirlər, sürətlə yetişir. Amma təhlükə faktorunu da nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, bizdə konkret tərəvəz məhsullarına hesablanmış orqanaleptik laboratoriya yoxdur ki, analizlər aparılsın, sahələrdən nümunələr götürsün, problemləri araşdırsın, həyəcan siqanlı çalsın”.

“Yediyimizin tərkibi nədir, bilinmir”

Ekspert qeyd edir ki, bu gün alıb yediyimiz məhsulların tərkibi barədə məlumatsızıq:

“Söhbət təkcə qarpız-yemişdən getmir. Ümumilikdə ildən-ilə məhsulların dadında mənfi dəyişiklik hiss olunur. Bunun səbəblərindən biri düzgün becərməməkdən irəli gəlirsə, digər səbəbi də toxumla bağlıdır. Bu gün Azərbaycanda qarpız, yemiş toxumunu hərə öz sahəsindən alır. Eyni məhsuldan alınan toxum növbəti il həmin torpağa əkilir və bu proses illərlə davam edir. Eynilə proses heyvandarlıqda, bitkiçilikdə də belədir. Heyvanların cins tərkibi aşağı düşüb deyirik. Niyə? Çünki heyvan öz doğduğu baladan mayalanır. Bizim təsərrüfatlarda maya dəyəri ona görə aşağıdır. Kənd Təsərrüfatı Nazirliyi bu problemi aradan qaldırmalıdır. Mən bildiyim qədərilə hazırda Tərəvəzçilik İnstitutunda bu sahədə layihə həyata keçirilir. Amma onun tamamlanması uzun çəkəcək. Təcili şəkildə bostan məhsullarının toxumçuluğu təşkil olunmalıdır. Bu, o qədər də çətin, elmi sahə deyil. Bizə hibrid toxumlar lazımdır. Elit və superelit toxumlar üçün 5-6 il gözləmək lazımdır. Tərəvəzçilik İnstitutu qarpız-yemiş toxumçuluq sahəsində yeniliklər etməlidir. Yoxsa ildən-ilə qarpız-yemişin dadını itirəcəyik”.

“Sarı qarpız” niyə gözə dəymir?…
Mütəxəssis iki əvvəl bazarlarda geniş yayılan sarı qarpızların yoxa çıxması ilə bağlı sualımızı da cavabalandırıb:

“Bildiyiniz kimi, əsas bostan məhsullarımız Yevlax, Xaldan, Sabirabad, Kür qırağında yetişdirilir. Oradakı əkin strukturunda dəyişiklik görmədim. Elə əvvəllər də əkilən yumru formada olan “çay qarpızı” növünü gördüm. Amma sarı qarpıza rast gəlmədim. Görünür tələbat olmayıb deyə, əkilməyib”. (Modern.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254