ƏRZAQ SƏBƏTİ

Sabah Bakıda Qida Sənayesi sərgisi öz işinə başlayır
15 MAY
163

Sabah Bakıda Qida Sənayesi sərgisi öz işinə başlayır

2018-05-15 12:23:00

Sabah Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri – Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2018” sərgisi öz işinə başlayır.

Bu gün bununla bağlı keçirilən mətbuat konfransında məlumat verilib ki, sərgi Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.

Sərgidə dünyanın 20 ölkəsini təmsil edən iştirakçılar yerli və xarici istehsalçıların geniş çeşidli məhsullarını nümayiş etdirəcəklər. Sərgidə həmçinin Belarus, İtaliya, Latviya, Türkiyə, Yunanıstan və Şri-Lanka milli stendlərinin iştirakı da gözlənilir. Bu il sərgidə süd, qənnadı məmulatları, şokolad, soyuducu avadanlıq təchizatçıları, eləcə də çay istehsalçıları xüsusi fəallığı ilə seçilir. Hər il yerli şirkətlər və xüsusən də meyvə-tərəvəz və çay ixracatçıları sərgidə fəal iştirak edirlər. Eksponentlərin peşəkar ziyarətçilərə təqdim etməyə hazırladıqları məhsullar arasında süd, qənnadı məmulatları, bakaleya malları, çay, düyü, inqrediyentlər, içkilər, meyvə-tərəvəz və laboratoriya avadanlıqları və bir sıra digər məhsullar yer alır.

Təşkilatçılar sərginin işi ilə yanaşı, qida məhsulları tədarükçüləri və yerli pərakəndə ticarət şəbəkələrinin  nümayəndələri arasında məhsulların ölkənin aparıcı mağazalarında yerləşdirilməsi məsələsinə dair ikitərəfli görüşlərin keçirilməsini planlaşdırırlar. Sərgidə ilk dəfə olaraq “yeniliklər vitrini” təşkil olunacaq. Burada iştirakçılar bazarda təqdim edilməmiş yeni məhsullarını nümayiş etdirəcəklər.

Həmin tarixlərdə Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya  “IPACK Caspian 2018” sərgisi keçiriləcək. “IPACK Caspian 2018” sərgisinin iştirakçıları arasında həm tara və qablaşdırma, həm də onların istehsalı üçün müxtəlif həll variantlarını təklif edən Azərbaycan, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin bir sıra şirkətləri yer alır.

Sərgi mayın 18-ə kimi davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254