ƏRZAQ SƏBƏTİ

Keyfiyyətli peçenyeni necə tanımaq olar?
07 MAY
222

Keyfiyyətli peçenyeni necə tanımaq olar?

2018-05-07 16:02:00
Peçenye qida rasionumuzda geniş istifadə olunan yeyinti məhsullarından olduğuna görə istehlakı zamanı onların keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi aktuallıq kəsb edən məsələlərdəndir. Heç şübhəsiz ki, respublikamızda sənayenin inkişafı peçenye istehsalına da  təkan vermiş və yeni texnologiyaların tətbiqi ilə bu sahədə yüksək keyfiyyətli məhsullar istehsal olunmaqdadır. Lakin istehsal prosesinin tam təkmilləşdirilməsi belə bu məhsulların keyfiyyəti və təhlükəsizliyinə təminat verə bilməz. Çünki istehsal qüsuru olmasa belə qeyri-qənaətbəxş daşınma və saxlama nəticəsində bu məhsullar korlana və ya keyfiyyətini itirə bilər. Ona görə də bu məmulatların istehlakı zamanı hər bir istehlakçı diqqətli olmalıdır.
Peçenye unlu qənnadı məmulatı olub xüsusi resept və təsdiq edilmiş texnoloji təlimatlar əsasında hazırlanır və yüksək qidalılıq dəyərinə malik yeyinti məhsuludur. Tərkibindəki qidalı maddələr orqanizmdə tez və asan həzm olunur. Bu məmulatlar kimyəvi tərkibinə, qidalılıq dəyərinə və hazırlanma texnologiyasına görə fərqlənirlər. İstehsalında əsas xammal kimi un, şəkər,  yağ, yumurta, süd və süd məhsulları, müxtəlif ədviyyatlar və s. istifadə olunur.
Peçenyelər növ etibarilə üç yerə bölünür. Bunlar şəkərli, uzun və ya quru, həmçinin dənəli, qatlı, döyülmüş, yulaf formasında olan kərə yağlı növlər sayılır. Şəkərli peçenye əhəmiyyətli dərəcədə məsaməliliyi, zəriflik və şişkinliyi ilə xarakterizə olunur. Uzun peçenyelər qatlı, daha az zəriflik və şişkinliyə malik olur, daha az şirin və yağ tərkibli olurlar. Kərə yağlı peçenye isə kiçik həcmdə, xəmirdən, xassələrinə görə rəngarəng olan və çox miqdarda  şəkər, yağ və yumurta məhsullarından ibarət olan müxtəlif formalarda buraxılır.
Peçenyenin görünüşü məhsulun keyfiyyətinin mühüm göstəricisidir. Əgər peçenyenin görünüşü və forması istənilən səviyyədə deyilsə, deməli onun hazırlanma texnologiyası pozulmuşdur. Hazırlanmış hər bir növ peçenye dövlət standartlarının, texniki şərtlərin tələblərinə tam cavab verməli, ticarət şəbəkəsində mənşəyini, təhlükəsizliyini, saxlama şəraitini və saxlama müddətini göstərən sənədlərlə müşayiət olunmalıdır.
Peçenyenin qablaşdırılması məhsulun konkret çeşidi və normativ texniki sənədlərin tələblərinə uyğun olmalıdır. Bu məmulatlar əsasən qutu və sellofan paketlərə, çəki ilə satılanları isə korton qutulara və s. qablaşdırırlar. Peçenye qablaşdırıldıqdan sonra mütləq markalanmalıdırlar. Marкalanmada istehsalçının adı və ünvanı, məmulatın adı, kütləsi, istehsal tariхi, saхlanılma müddəti, standartın nömrəsi və s. qeyd olunmalıdır. Peçenye alarkən qablaşdırmanın üzərindəki məlumatları mütləq oxuyun. Qablaşdırmada yanmış və sınmış peçenye olmamalıdır. 
Realizə olunan peçenyelərin forması düzgün, zədəsiz olmalı, dadı və iyi çeşidinə müvafiq olmalı, kənar iy və dad verməməli, nəm olmamalıdır. Hər bir istehsalçı və satıcı bilməlidir ki, qablaşdırılmasında nöqsan olan peçenye satışı qadağandır.
Peçenye məmulatları əsasən 18ºC-dən aşagı temperaturda və 65-75% nisbi rütubətdə saxlanmalıdır. Standarta əsasən bu rejimlərə əməl edilməklə növündən asılı olaraq peçenyelər 1,5 aydan 6 aya qədər saxlanıla bilər. Lakin istehsal prosesində istifadə olunan xammalın və sabitləşdiricilərin növündən asılı olaraq texnoloji prosedurlara və resepturaya uyğun olaraq istehsalçı tərəfindən fərqli saxlama müddəti müəyyən edilə bilər.Əsasən saxlama müddəti az olan peçenyelərin alınmasına üstünlük verin. Çünki saxlama müddəti çox olan peçenyelərin hazırlanmasında konservantlardan və digər qida əlavələrindən istifadə olunur ki, bu da sağlamlığınız üçün təhlükıli ola bilər.
Peçenyenin həddən artıq kövrəkliyi təkcə kosmetik çatışmamazlıq deyil, həm də  onun qurudulmasının göstəticisidir. Keyfiyyətli peçenye isə çox xırtıldayan, quru və bərk olmamalıdır. Hər bir istehlakçı bu məhsulları alarkən onun dadına, formasına, saxlanma şəraitinə və son istifadə tarixinə diqqət yetirməlidir. Onları təmiz və quru yerdə saxlayın.
Zəruri sənədləri olmayan, saxlama müddəti göstərilməmiş və ya başa çatmış, düzgün markalanmayan peçenyeləri almayın. Nəzərə alın ki, istehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş məhsullar sizin sağlamlığınız üçün ciddi təhlükə mənbəyidir. Keyfiyyətsiz məhsullar son nəticədə insanların genetik inkişafına mənfi təsir etməklə yanaşı gələcək nəsillərin sağlam yetişməsində uzun illər aradan qaldırılması mümkün olmayan fəsadlar yarada bilir.
Peçenyenin keyfiyyətini onların forması, dadı, rəngi və görünüşünə əsasən müəyyən edə bilərsiz. Bu məmulatların kənarları düzgün, üzərindəki naxışlar dəqiq, çatsız, deformasiyasız olmalı, acı tam verməməlidir. Bu məhsullardan acımış yağ  tamının gəlməsi və perqamentin üzərinə yağın çıxması onun saxlama müddətinin keçdiyini göstərir. Belə məhsulları almaqdan çəkinin.
İstehlakçı olaraq ticarət şəbəkəsində keyfiyyətsiz peçenye məmulatları ilə rastlaşdıqda DX-nə müraciət edin. Əmin olun ki, müraciətləriniz mövcud qanunvericilik çərçivəsində araşdırılacaq və istehlakçı hüquqlarınız təmin olunacaq. (http://consumer.gov.az) 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276