ƏRZAQ SƏBƏTİ

Azərbaycanda ərzaq məhsulları bahalaşıb
10 APREL
324

Azərbaycanda ərzaq məhsulları bahalaşıb

2018-04-10 11:54:00

2018-ci ilin yanvar-mart aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4%, o cümlədən ərzaq məhsullarının qiymətləri 4,5%, qeyri-ərzaq mallarının qiymətləri 4,3%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,9% bahalaşıb.

Dövlət Statistika Komitəsinə verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,5%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,1% bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə sabit qalıb.

Ay ərzində qoyun ətinin, zeytun və marqarin yağlarının, portağalın, naringinin, bananın, almanın, armudun, kivinin, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, soğanın, kartofun, qəhvə, çay və kakaonun qiymətlərində bahalaşma, düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və toyuq ətinin, yumurtanın, kərə və qarğıdalı yağlarının, yerkökünün, sarımsağın, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mart ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilən ödənişli xidmətlərdən paltarların təmizlənməsi, təmiri və kirayəsi xidmətinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətinin (MDB ölkələri istisna olmaqla), ölkədən kənara istirahət turlarının, Hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətinin qiymətlərində bahalaşma, MDB ölkələrinə  hava və dəmiryol nəqliyyatı ilə sərnişindaşıma xidmətlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256