ƏRZAQ SƏBƏTİ

Qida Təhlükəsizliyi Agentliyinin araşdırma yazısı – Heyvanların identifikasiyası
04 APREL
430

Qida Təhlükəsizliyi Agentliyinin araşdırma yazısı – Heyvanların identifikasiyası

2018-04-04 12:37:00

Bütün istehsal zənciri boyunca heyvan və heyvan məhsullarının izlənilə bilinməsi istehlakçılar üçün vacib məsələdir. İzlənilmə heyvanın sağlamlığı və heyvan mənşəli qidanın dad, qoxu, rəng və s. göstəriciləri haqqında məlumat verir. Ona görə də, izlənilmə qida zənciri boyunca risk faktorlarına mane olmağa və effektiv şəkildə dərhal cavab verməyə kömək edir.

İzlənilmə üzrə ilk effektiv çalışmalara Avropa Birliyi tərəfindən qaramallarda dəli dana xəstəliyi (bovine spongiform encephalatopathy) aşkar olunduqdan sonra başlanılıb. Dəli dana xəstəliyi, dabaq, donuz vəbası, quş qripi və insanların sağlamlığına ciddi ziyan vuran Salmonella, Escherichia coli və s. bakteriyaların törətdikləri xəstəliklərin artması heyvan və heyvan mənşəli məhsulların qida təhslükəzliyi üçün mövcud olan izlənilmə sistemlərinin vacibliyini göstərir.

İzlənilmə - doğulduğu vaxtdan kəsilənədək bir heyvanın növü, cinsi, sağlamlığı, yetişdirilmə məqsədləri və s. məlumatların qeydiyyata alınmasıdır. Ona görə də, izlənilmə biotəhlükəsizlik sistemi olub, “Tarladan süfrəyədək” prinsipinə uyğun olaraq, qida təhlükəsizliyini təmin etməklə qidaların çirklənməsini, xəstəliklərin yayılması kimi faktorların qarşısının alınmasına kömək edir.

Heyvan və heyvan mənşəli məhsulların izlənilməsi heyvanların fərdi şəkildə identifikasiyası və qeydiyyata alınması ilə başlayır. Heyvan növləri, cinsləri, yetişdirilmə məqsədləri və s. nəzərə alınaraq, praktikada bir çox identifikasiya üsullarından istifadə edilir. Bununla belə, istifadə olunan identifikasiya vasitələrinin əksəriyyəti yalnız bir metodun tamamilə kifayət etmədiyini göstərir.

Hal-hazırda heyvanların qalıcı olaraq identifikasiyasında, əsasən, damğalama, qulaq işarətləmə, elektron identifikasiya və biometrik metodlardan istifadə olunur. Ənənəvi identifikasiya üsullarından biri olan damğalama (isti və soyuq) qaramal, at, qoyun və camışlarda istifadə olunur. İsti damğalama ağrılı metod olduğu üçün bir çox inkişaf etmiş ölkələrdə qadağandır.

Ən geniş istifadə edilən, ucuz, praktik və ənənəvi identifikasiya üsullarından biri döymədir. Döymə bütün heyvan növlərinin sol və ya sağ qulağına, atların dodaqlarına, ev heyvanlarının qasıqlarına, qoyun və keçilərin quyruq altına vurulur. Döymə tüksüz, qığırdaqsız və damarsız nahiyələrə vurulmalıdır. Bu nömrələr heyvan ölənə qədər oxuna bilir. Qrup (sürü) şəklində saxlanılan heyvanların tanınması üçün qulaq sırğalanması kimi başqa identifikasiya metodlarından da istifadə olunmalıdır.

Qulaq nahiyəsinin bir hissəsinin kəsilməsi qaramal, qoyun, keçi və donuzlarda istifadə olunan qalıcı, köhnə üsuldur. Keçmişdə tüberkülozlu (vərəm) qaramalların kəsiləcəyi zaman heyvanı tanımaq üçün qulağı T şəklində kəsərək işarələyirdilər.

İdentifikasiya üsullarından biri kimi praktikada ən geniş olaraq istifadə olunan üsul qulaq sırğalanmasıdır.  Bu sırğalar müxtəlif şəkillərdə və materiyallarda ola bilər.

Yuxarıda qeyd etdiyimiz ənənəvi identifikasiya üsullarında (damğa, döymə, sırğalama və s.) heyvan rifahına mənfi təsir göstərmə, silinmə, oxunma xətaları, qısa oxunma məsafəsi və saxtalaşdırma əlamətləri olduğundan, yeni müasir identifikasiya üsulları (elektron, biometrik) yaranıb.

Elektron idenfikasiyada dəri altına vurula bilən mikroçiplər, eletronik qulaq sırğaları və kapsullarından istifadə olunur. Bu sistemdə zəif radiodalğalardan istifadə edilir. Radio dalğaları ilə identifikasiya (RFİD) ötürücü, RFİD oxuyucu / qəbul edici və bu sistemlər arasında əlaqə yaradan proqram təminatıdır. Elektron identifikasiyanın üstünlüyü ənənəvi üsulların təmin edə bilmədiyi çətin mühitlərdə də asanlıqla istifadə edilməsidir.

Biometrik identifikasiya – heyvanların fizioloji xüsusiyyətlərini xarakterizə edən, onu birmənalı və ya digər məlumatlarla uzlaşdıraraq identifikasiya etməyə imkan verən (burun izi, üz təsviri, diş izləri, gözün qişası, dezoksiribonuklein turşusu (DNT) analizinin nəticələri, bədən ölçüləri, bədənin xüsusi əlamətləri və s.) sistemdir. Biometrik identifikasiya hazırda “Tarladan süfrəyədək” izlənilmə sistemini ən etibarlı şəkildə təmin edən üsuldur.

Nəticə olaraq, heyvanların identifikasiya və izlənilmə sistemi qalıcı, pozulmayan, heyvana zərər verməyən quruluşda, asan tətbiqedilən və oxunabilən şəkildə olmalıdır. Belə bir sistem üçün qurulacaq məlumat bazası, heyvan sağlamlığına epidemioloji nəzarət, damazlıq proqramlarının müəyyənləşdirilməsini və qida zənciri boyunca izlənilmə təmin etməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256