ƏRZAQ SƏBƏTİ

Azərbaycan yerli toyuq cinsi yaradıla bilər – YENİ BREND
24 İYUL
227

Azərbaycan yerli toyuq cinsi yaradıla bilər – YENİ BREND

2017-07-24 09:51:00

Aqrar ixtisaslı kadrlar hazırlayan Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakültəsində quşçuluq ixtisası üzrə təhsil alan tələbələrin nəzəri-praktiki bilik və bacarıqlarını yüksəltmək, eləcə də ali təhsil müəssisəsi ilə təsərrüfat sahələri arasındakı əməkdaşlığı gücləndirmək üçün universitet nəzdində Quşçuluq Tədris-Təcrübə Mərkəzi yaradılıb. Mərkəzin yaradılmasında məqsəd həm ölkəmizdə kənd təsərrüfatının quşçuluq sahəsini yüksək ixtisaslı mütəxəssislərlə təmin etmək, həm ərzaq təhlükəsizliyinin inkişafına töhfə vermək, həm də əhalini ekoloji baxımdan saf və daha keyfiyyətli quş əti ilə təmin etməkdir.

Dörd mərhələni əhatə edəcək müqaviləyə əsasən, universitetdə “Lider 55” yeni xətt toyuqların yetişdirilməsi, bəslənməsi və bu toyuqlardan daha məhsuldar cinslərin alınması üçün elmi-tədqiqat işlərinin həyata keçirilməsinə başlanılıb. Həmin toyuqların yetişdirilməsində məqsəd Azərbaycanın “Qarabağ atı”, “Qarabağ qoyunu” və camış cinsi kimi yeni toyuq cinsi yaratmaq və bu quşları Azərbaycan brendi ilə dünyadakı quşçuluq assosiasiyalarına tanıtmaqdan ibarətdir.

Bu məqsədlə baytarlıq təbabəti və zoomühəndislik fakültəsinin nəzdində 3 min cücənin yetişdirilməsi və bəslənməsi üçün ümumi sahəsi 254 kvadratmetr olan müasir tələblərə cavab verən Quşçuluq Tədris-Təcrübə Mərkəzi yaradılıb. Mərkəzin 200 kvadratmetr sahəsində ferma inşa edilib, 30 kvadratmetr ərazidə laboratoriya quraşdırılıb, avadanlıqlarla təchiz olunub. Burada kənd təsərrüfatı quşlarının bəslənməsi, yetişdirilməsi, tələbələrə quşçuluq sahəsində müasir texnologiyaların öyrədilməsi, elmi-tədqiqat işlərinin reallaşdırılması, zootexniki-baytarlıq tədbirlərinin aparılma qaydaları, müasir diaqnostika üsulları və sair həyata keçirilir.

Mərkəzdə il ərzində 3-4 dəfə birgünlük cücələr yetişdirilir və satışadək saxlanılır. Buradakı toyuqların bəslənmə şəraiti haqqında məlumat verən Quşçuluq Tədris-Təcrübə Mərkəzinin rəhbəri Urfan Turabov deyib ki, müasir dövrdə quşları xəstəliklərdən qorumaq və profilaktikası üçün dərman preparatlarından istifadə etməmək qeyri-mümkündür. Hətta bəzi ölkələrdə quşların yemində genetik kodu dəyişdirilmiş simulyator-qida vasitələrinə üstünlük verilir. Lakin bu cür yemləmə ekoloji baxımdan düzgün olmadığı üçün Aqrar Universitetin Quşçuluq Tədris-Təcrübə Mərkəzində bəslənilən quşların qidalanmasında həmin vasitələrdən istifadə olunmur. Mərkəzdə istifadə olunan preparatlar vitamin və mineral əlavələrdir ki, onların da insan orqanizminə heç bir fəsadı yoxdur.

Mərkəzin rəhbəri, həmçinin qeyd edib ki, Aqrar Universitetlə Müsüslü Quşçuluq Mərkəzinin əməkdaşlığının nəticəsi olan və broylerlərdən aktivliyi ilə seçilən “Lider 55” toyuqları digər göstəricilərinə görə də üstün olduğu üçün hazırda təsərrüfat sahibləri arasında bu cinsə maraq daha böyükdür.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294