ƏRZAQ SƏBƏTİ

Quru süddən hazırlanan məhsullara qadağa – TƏKLİF EDİLİR
13 İYUL
411

Quru süddən hazırlanan məhsullara qadağa – TƏKLİF EDİLİR

2017-07-13 09:35:00

Azərbaycanda quru süddən hazırlanmış məhsulların süd məhsulu kimi satılmasına qadağanın qoyulması, quru və təbii süddən hazırlanmış məhsulların bir-birindən ciddi şəkildə fərqləndirilməsi təklif edilib.

Milli Məclisin deputatı Musa Quliyev bildirib ki, Gürcüstanda qanunvericliiyə edilən yeni dəyişikliyə əsasən, ölkədə təbii süd tərkibli olmayan məhsulların süd məhsulu kimi, başqa sözlə quru süddən hazırlanmış məhsulların yağ, pendir və s. adı ilə satılmasına qadağa qoyulub.

Azərbaycanda da belə bir qadağanın qoyulmasını çox vacib sayan M.Quliyev bildirib ki, bu gün ölkədə 70-80 faiz halda süd məhsullarının üzərində onun quru, yaxud təbii süddən hazırlanması barədə məlumat qeyd edilmir.

Azərbaycanda süd məhsullarının – pendir, süzmə, şor, kəsmik və sair məhsulların keyfiyyətinin xeyli aşağı olduğunu deyən deputat hesab edir ki, qanunvericilikdə bu məsələyə baxılmalıdır: "Prezidentin sərəncamı ilə Nazirlər Kabinetinə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, bizdə də bu məsələyə baxılmalı və təbii süddən hazırlanan məhsullarla quru süddən hazırlanan məhsulların arasında ciddi fərq qoyulmalıdır. Məhsulların üzərində mütləq yazılmalıdır ki, o, quru, yaxud təbii süddən hazırlanıb".

M.Quliyev deyib ki, məhsulun üzərində onun nədən hazırlanması ilə bağlı məlumat görünən yerdə və asanlıqla oxuna biləcək şəkildə yazılmalıdır.

Deputatın sözlərinə görə, belə bir dəyişiklik olarsa, quru və təbii süddən hazırlanmış məhsulların qiymətlərində və keyfiyyətlərində fərqlər olacaq.

O əlavə edib ki, qanunvericiliyə belə bir dəyişikliyin edilməsi istehlakçının hüquqlarının qorunmasında çox ciddi addım ola bilər: "Quru süddən hazırlanmış məhsulla təbii süddən hazırlanmış məhsulun keyfiyyəti fərqli olur. Təbii süddən hazırlanan məhsulun tərkibində canlı bakteriyalar var. Onlar 1, uzağı 2 həftəyə xarab olur, hazırlanan kimi də istehlaka getməlidir. Quru süddən hazırlanan məhsul isə demək olar ki, ölü məhsuldur. Belə süd məhsullarına istifadə müddətini 6 ay, 1 il qoyurlar. Təbii ki, belə məhsullar o qədər keyfiyyətli də deyil. Amma buna baxmayaraq, belə məhsullar təbii süddən hazırlanan məhsul adı ilə satılır. Müştərilər müəyyənləşdirə bilmirlər ki, bu, təbii, yoxsa quru süddən hazırlanıb? Quru südü ölkəyə çox ucuz qiymətə gətirib, burada onu təbii süd kimi məhsul hazırlayıb satırlar. Bunun da nəticəsində heyvandarlıq qeyri-rentabellli bir sahəyə çevrilib. Məhsul çeşidlənərsə, onun üzərində nədən hazırlandığı qeyd edilərsə, bu, həm müştəri məmnuniyyətinə xidmət edər, həm də təbii süd istehsalının artması üçün bir stimul ola bilər".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287