ƏRZAQ SƏBƏTİ

“Kilosunu 1 manata satırdıq, indi 60-70 qəpiyə düşüb”
30 NOYABR
683

“Kilosunu 1 manata satırdıq, indi 60-70 qəpiyə düşüb”

2016-11-30 09:58:00

Oktyabr ayında yağan aramsız yağışların bir çox sahələrdə işi ləngitməsinə baxmayaraq, xeyri də olub. Çölləri, dağ yamaclarını torpaqdan yenicə baş qaldırmış otlar yaşıl libasa bürüyüb, ağaclar, bağ-bağçalar yuyulub təmizlənib. Havalar tez soyuduğundan Muğanda ağaclar yarpaqlarını tökdüyü halda dəmirağacın, digər bəzi meşə ağaclarının yarpaqları təzə-təzə saralmağa başlayıb. Naringi, portağal, limon, feyxoa bağları isə yamyaşıldır. Ağaclarda yetişən narıncı rəngli meyvələr bağların bol barından xəbər verir, ətrafa xüsusi gözəllik gətirir.

Kijəbə qəsəbə ərazi nümayəndəsinin müavini Sədail Qasımov avtomobillə  yol gedə-gedə bizi ərazi ilə tanış edir, onun keçmişindən, indisindən söhbət açır:

“Dağın başındakı ağ daşdan tikilmiş evdə ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi işləyərkən olub. “Ulduz” filminin bəzi kadrları burada çəkilib. N.Podqornı da SSRİ Ali Sovetinin sədri işləyəndə bu kəndə gəlib”.

Dağların yamaclarında qırmızı və ağ örtüklü evlər  bağ-bağatların arasında göz oxşayır. Yol yoldaşım nəfəsini dərib sözünə davam edir:

“Bizim ərazi nümayəndəliyinə daxil olan kəndlərdir. Əhalisinin sayına görə Kijəbə qəsəbəsi Astara şəhərindən sonra rayonun ən böyük ərazi nümayəndəliyidir. 6 min əhalinin yaşadığı Kijəbə qəsəbəsini və bir o qədər də əhalisi olan 9 kəndi əhatə edir. Sovet dövründə bu təsərrüfat Kijəbə qəsəbəsi ərazisində rayonun ən iri sovxozu olub. Təsərrüfatın 200 hektar sitrus meyvə bağı, 280 hektar çay plantasiyası, 220 hektar dəfnə ağacı sahəsi var idi. O zaman ölkəni ən çox dəfnə yarpağı ilə bu sovxoz təmin edirdi. Gəliri də digər sahələrdən qat-qat çox olub, hətta deyirmişlər ki, kənd sakinlərindən biri həmin illərdə Rusiyanın Maqadan şəhərində hərbi xidmətdə olan oğlunun yanına gedəndə görür ki, oradakı mağazalarda Kijəbədə yetişdirilən dəfnə yarpaqları gözəl tərtibatlı, balaca qutularda yaxşı qiymətə satılır.

Keçən əsrin 90-cı illərində sovxoz ikiyə bölünür. Bir hissəsi N.Gəncəvinin, digər hissəsi isə N.Nərimanovun adını daşıyır. Daha sonra həmin təsərrüfatlar da ləğv olunur, torpaqlar əhalinin mülkiyyətinə verilir. Hazırda Kijəbə ərazi nümayəndəliyinin qəsəbə və kəndlərində, həyətyanı sahələr də daxil olmaqla, 900 hektardan çox sitrus bağları mövcuddur.

Bu meyvələrin ən çox yetişdirildiyi Tüləgüvan kəndinə çatırıq. S.Qasımov “Jiquli”sini yolun kənarındakı evin  qarşısında saxlayır. Hər ikimiz həyətə daxil oluruq. Buradan görünən gözəl təbiət mənzərəsi adamı valeh edir. Mənzərəni fotoaparatın yaddaşına köçürürük. Ev sahibi Rafiq Ağayev ali təhsilli aqronomdur. Vaxtilə uzun müddət buradakı sovxozda işləyib. İndi isə şəxsi təsərrüfatı ilə məşğuldur. 1 hektardan çox naringi və feyxoa bağı var. Hal-əhval tutub, işlərinin necə getdiyini xəbər alırıq. Deyir ki, işlərimiz qaydasındadır. Feyxoanı yığıb qurtarmışıq. Düzdür, feyxoa bu il nisbətən az oldu. Amma yaxşı qiymətə getdi. Hazırda naringini yığırıq. Naringi nisbətən ucuz alınır. Bu da bolluqla əlaqədardır. Bir-iki həftə bundan qabaq naringinin  kiloqramını 1 manata satırdıq, indi 60-70 qəpiyə düşüb. Biz də öz işimizi bilirik. Məhsulun bir hissəsini yığıb taxta yeşiklərdə evdə saxlayırıq. Şübhəsiz ki, hər gün nəzarət etməklə. Naringini Yeni ilə, hətta Novruz bayramına kimi saxlamaq olur.

Dayandığımız yerdən 60-70 metr aralıda qızlar, gəlinlər, oğlanlar ağaclardan naringi dərib yeşiklərə yığırdılar. Onların yanına gedib “Məhsulunuz bol olsun, qolunuz yorulmasın” dedik. Sahibkar bir neçə naringi götürüb: “Görürsünüz necə yaxşı yetişib, dadına söz ola bilməz”, – dedi. Astara naringisinin, ümumilikdə sitrus meyvələrinin dadlı olmasının səbəbini buranın torpağının tərkibində dəmirin çox olması və ərazinin dəniz səviyyəsindən yüksəkdə yerləşməsi ilə izah etdi.

Nümayəndəliyin ərazisindəki torpaq mülkiyyətçilərindən Aydın Ağayev, Faiq Xankişiyev, Güloğlan Şəkərov, Alış Babayev və digərləri bu il daha bol məhsul yetişdiriblər. Astara rayonu üzrə hazırda 2 min 245 hektardan çox sitrus meyvə bağları var. İndiyə kimi bağlardan 18 min ton məhsul yığılıb. Bundan sonra daha 21-22 min ton tədarük edilməsi gözlənilir.

Mənbə: Azərbaycan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272