ƏRZAQ SƏBƏTİ

Bal istehsalından 100 milyon qazanmaq olar – MÜZAKİRƏ, TƏKLİFLƏR
28 SENTYABR
587

Bal istehsalından 100 milyon qazanmaq olar – MÜZAKİRƏ, TƏKLİFLƏR

2016-09-28 19:14:00

Sentyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib. Qurumdan fins.az-a verilən məlumata görə, tədbirdə Sahibkarlığa və Bazar İqtisasiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov “Kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi haqqında və bu layihənin icra edildiyi dövrdə həyata keçirilən tədbirlər və araşdırmalar barədə qısa məlumat verib. O qeyd edib ki, kiçik sahibkarlıq subyekti olaraq arıçılıq sektorunun inkişaf potensialı Azərbaycanda böyükdür və layihə çərçivəsində aparılmış tədqiqatın məqsədi sektorda mövcud olan problemləri aşkara çıxartmaq və onların həlli istiqamətində hökumətə tövsiyələr verməkdir.
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov arıçılıq sektorunun inkişafının vacibliyini bildirərək bu sahədə təmsil etdiyi Konfederasiyanın gördüyü işlər barədə danışıb.


İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayevin sözlərinə görə, təmsil etdiyi təşkilatın ekspertləri arıçılıq sahəsində mövcud durumunu qiymətləndirmək, arıçılığın inkişaf potensialını qiymətləndirmək üçün tədqiqat aparıblar, Azərbaycanın müxtəlif regionlarını, o cümlədən Qəbələ, İsmayıllı, Şəki, Qax rayonlarının arıçıları ilə görüşlər keçirilib, müsahibələr götürülüb.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspert Samir Əliyev “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda təqdimat etdi. Ekspertin fikrincə, arıçılıq sənayesinin inkişafı Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfə verə bilər. Azərbaycanda tarixən arıçılıq ənənələri olub. Sovet dövründə arıçılıq təsərrüfatlarının inkişafı üçün müəyyən zəruri maddi-texniki baza və infrastruktur yaradılsa da, SSRİ-nin süqutundan sonra həmin dövrdə yaradılmış təsərrüfatlar dağılıb. Ölkədə arıçılıq təsərrüfatları uzun müddət həvəskar arıçılar tərəfindən idarə olunub və ənənələr məhz onlar tərəfindən qorunub saxlanılıb. Bu gün arıçılıq təsərrüfatları kiçikölçülüdür.
Təqdimatçının sözlərinə görə, ölkədə arı ailələrinin sayı azdır: “2016-cı ilin əvvəlinə ölkənin arıçılıq təsərrüfatlarında olan arı ailələrinin sayı 250 mindən çoxdur, arıçıların sayı isə 8-10 min arasında dəyişir. Hazırda ölkədə hər bir arı təsərrüfatına orta hesabla 25-31 arı ailəsi düşür. Bu, çox azdır. Ekspertlərin hesablamalarına görə, arı təsərrrüfatının gəlirli işləməsi üçün hər bir belə təsərrüfat ən azı 200 arı ailəsinə xidmət göstərməlidir. Arı ailələri ölkənin regionları üzrə bərabər paylanmayıb. Mütəxəsissislər ölkədə arı ailələrinin sayının 600-700 minə çatdırmaq potensialının olduğunu bildirir və Aran regionun arıçılıq üçün əlverişli olduğunu qeyd edirlər. Ancaq Aran regionunda kənd təsərrüfatı məhsullarının intensiv əkini arıçılıq üçün problemlər yaradır”.

Təsərrüfat sahibləri arıçılıq sahəsndə müəyyən biliyə malik olsalar da, xırda istisnalarla onların fəaliyyəti daha çox həvəskar fəaliyyətdən ibarətdir. Tədqiqatın hazırlanması prosesində əldə etdiyimiz məlumatlar göstərir ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərüüfatlarının idarəedilməsi üzrə mütəxəssis qıtlığı mövcuddur. Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arçılıq ixtisası yoxdur. Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.
Təqdimatçı tədqiqatın ortaya çıxartdığı nəticələri dəyirmi masa iştirakçılarının diqqətinə çatdırıb:
• Arı ailələrinin sayında artım müşahidə edilir. Ölkədə arı ailələrinin sayı az olsa da son dövrlər artım tendensiyası göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-2015-ci illərdə ölkə üzrə arı ailələrinin sayı 2 dəfədən çox artaraq 115618-dən 251233-ə yüksəlib. Arı ailələrinin 248668-i ailə kəndli və ev təsərrüfatlarının, 914-ü fərdi sahibkrların payına düşür.
• Arı ailələrinin uçotu düzgün aparılmır. Dövlət Statistika Komitəsinin rəsmi internet saytında, dövlət qurumları ilə müzakirələrdə, arıçılarla söhbətdə arı təsərrüfatlarının dəqiq sayını müəyyənləşdirmək mümkün olmayıb.
• Yerli təbii bal istehsalı tələbatı ödəmir. Yerli təbii bal istehsalının illik həcmi təxminən 2400-2500 tondur. Son 10 ildə təbii bal istehsalı 2 dəfədən çox artıb. Dövlət Gömrük Komitəsinin rəsmi məlumatına görə, 2015-ci ildə Azərbaycana 69,66 ton həcmində təbii bal idxal olunub və son illər artım müşahidə edilir.
• Təbii balın ixrac potensialı zəifdir. Araşdırma nəticəsi göstərdi ki, təbii bal ixracına həm maya dəyərinin baha olması, həm də lazımi həcmdə olmaması mane olur. 2015-ci ildə ixracın orta qiyməti təbii balın hər kq-ı üçün 11,2 dollar olub. Bu dövrdə idxal olunan ən bahalı Fransa balı 2 dəfə ucuz - 6,71 ABŞ dolları olub. İdxal olunan təbii balın 1 kq-nın orta qiyməti 1,5-2.5 ABŞ dolları olub.
• Arıların balverimi məhsuldarlığı çox aşağıdır. Azərbaycanda arı ailələrinin balverimi səviyyəsi ilə bağlı vahid statistik bazası məlumat yoxdur. Tədqiqatdan məlum olub ki, arı təsərrüfatlarında balverimi səviyyəsi 5-20 kq invervalında dəyişir. Xarici ölkələrin təcrübələri göstərir ki, bəzi ölkələrdə arı ailələrinin balverimi səviyyəsi 40-50 kq-a çatır.
• Təbii balın satış problemi yoxdur. Ölkədə təmiz və keyfiyyətli bala tələbat yüksək olaraq qalır. Təbii balın satışı əsasən pərakəndə qaydada həyata keçirilir. Topdansatış kanalları mövcud deyil. Pərakəndə satış ticarət şəbəkələrində satış, fərdi satış və müvafiq dövlət qurumlarının təşkil etdiyi yarmarkalarda satışdan ibarətdir. Arıçılıq təsərrüfatları satışı əsasən, fərdi qaydada, öz təsərrüfatında həyata keçirməyə üstünlük verir.
• Arıçıların beynəlxalq təmsilçiliyi zəifdir. Azərbaycanın Arıçılar Assosiasiyasının Beynəlxalq Federasiyası olan Apimondiyada təmsilçiliyi yoxdur. Apimondiyanın hazırda 94 tam, 20 assosiativ üzvü var. Keçmiş SSRİ ölkələrinin demək olar hamısı həmin qurumda bir və ya iki təşkilatla təmsil olunur.
• Damazlıq-seleksiya işləri sistemsiz aparılır. Arıların cırlaşması məhsuldarlığa mənfi təsir göstərir. Mütəxəssislər bunun səbəbini damazlıq-seleksiya işlərinin xaotik, sistemsiz aparılması ilə əlaqələndirirlər. Arı cinsləri ancaq elmi-tədqiqat məqsədilə idxal olunmalı olduğu halda bəzən icazəsiz olaraq arıçıların şəxsi təşəbbüsü ilə yeni arı cinsləri gətirirlər. Bu isə sonda arı cinslərinin bir-biri ilə qarışaraq onların cırlaşmasına gətirib çıxarır.
• Arıçılıq üzrə kadr qıtlığı mövcuddur. Araşdırma göstərir ki, ölkədə kifayət qədər arıçılıq təsərrüfatlarının olmasına rəğmən bu sahədə peşəkar kadrlar yox dərəcəsindədir. Müşahidələr, ekspert müzakirələri göstərir ki, ölkədə istər arı xəstəlikləri, istər arıların bəslənməsi, istərsə də arıçılıq təsərüüfatlarının idarəedilməsi üzrə mütəxəssis qıtlığı mövcuddur. Hazırki tədris müəssisələri arıçılıq üzrə kadrlar hazırlamır, arıçılıq ixtisası yoxdur. Heyvan xəstəliyi üzrə ixtisaslaşan baytarların arı xəstəlikləri barədə bilikləri kifayət etmir.
• Lazımi laboratoriyalar yoxdur. Təbii balın keyfiyyətini ölçmək və arı xəstəliklərinin analizi üçün zəruri laboratoriyalar yoxdur. Balın keyfiyyətini analiz edərkən balın hansı bitkidən çəkildiyini, balın tərkibində GMO-nun mövcudluğu müəyyənləşdirmək mümkün deyil. Mövcud laboratoriyalar arıçılıqda olan probemləri tam müəyyənləşdirməyə imkan vermir.
• Təbii balın istehlak həcminin uçotu aparılmır. Dövlət Statistika Komitəsi ildə ərzində ölkədə istehlak olunan təbii balın həcmi barədə statistik məlumata malik deyil. Rəsmi statistikaya görə, əhalinin illik istehlakı təxminən 1000 tona bərabərdir. Müstəqil ekspertlər hesab edir ki, ölkənin illik istehlak potensialı 4000-4500 ton civarındadır.

Sonda S.Əliyev Azərbaycanda arıçılığın inkişafı üçün təklifləri səsləndirib:
• Ölkədə arıçılıq təsərrüfatlarının inkişafı, arı məhsullarının istehsalının artımı və ixrac potensialının gücləndirilməsi, habelə arıçılıq təsərrüfatlarının kadr potensialını və maddi-texniki bazasının gücləndirilməsinə dövlət dəstəyi mexanizmlərinin yaradılması məqsədilə 2017-2021-ci illəri əhatə edən beşillik “Arıçılığın inkişafı” Dövlət Proqramının qəbulu və həyata keçirilməsi;
• Arıçılıq təsərrüfatlarının istehsal etdikləri məhsulların rəqabət qabiliyyətini artırmaq və yerli arıçılığın inkişafını stimullaşdırmaq üçün dövlət büdcəsi hesabına arıçılıq təsərrüfatlarına subsidiyaların verilməsi;
• Arıçılıq təsərrüfatlarına dövlət dəstəyinin ünvanlı və səmərəli olması üçün arıların vahid dövlət qeydiyyatı uçotunun aparılması;
• Arıçılıq təsərrüfatlarının ucuz maliyyə resurslarına çıxışını təmin etmək üçün güzəştli şərtlərlə kreditlərin verilməsi mexanizmlərinin yaradılması;
• Əhalinin, o cümlədən məktəblilərin, hərbiçilərin yüksəkkalorili qida ilə təmin edilməsi üçün, eyni zamanda yeni istehsalı stimullaşdırmaq üçün Nazirlər Kabinetinin qərarı ilə təbii balın qida rasionuna daxil edilməsi;
• Arıların kütləvi məhv olmasının qarıçısını alınması, sağlam arıların yetişdirilməsi üçün arı xəstəlikləri üzrə laboratoriyaların yaradılması;
• Arıçılıq sənayesinin inkişafı üçün arıçılıq sahəsində peşəkar kadrların (menecment, xəstəliklər üzrə) hazırlanması üçün sahəvi ali məktəblərdə (Gəncə Aqrar Universitetində) arıçılıq üzrə ixtisasların yaradılması və mütəxəssislərin hazırlanması;
• Bal arılarınını məhsuldarlığını artırmaq üçün yüksək nektar veriminə malik bitkilərin əkilməsini və həmin bitkilərdən ibarət meşə plantasiyalaının salınmasının təmin etmək;
• Arı genefondunun qorunması üçün bir mərkəzdən idarə olunmaqla ölkənin ayrı-ayrı regionlarında damazlıq-seleksiya və ixtisaslaşmış təəcrübə-sınaq təsərrüfatlarının yaradılması və bunun üçün dövlət tərəfindən xüsusi sahələrin ayırlmasını təmin etmək;
• Arı məhsullarının ayrı-ayrı çeşidləri üzrə keyfiyyət standartlarının, habelə bu məhsulların qablaşdırılması, saxlanması, daşınması və satışı ilə bağlı milli standartların hazırlanması;
• Arıçıların peşə birliklərinin yaradıması və onlara dövlət tərəfindən texniki dəstək göstərilməsi;
• Azərbaycan arıçılarının beynəlxalq səviyyədə əlaqələrini gücləndirmək, dünya səviyyəsində tanıtımına nail olmaq, qabaqcıl texnologiyaların mənimsənilərək ölkəyə gətirilməsi baxımından Arıçılar Assosiasiyasının Beynəlxalq Federasiyası olan Apimondiyaya üzvlüyə nail olmaq

Sonra məruzəçi iştirakçıların suallarını cavablandırdı.
Qax rayonu Bal Evinin rəhbəri Bədrəddin Həsrətovun fikrincə, ölkədə laboratoriya imkanları, kadr bazası zəifdir, beynəlxalq əlaqələr zəifdir, yeganə olaraq arıçılar var. Arıçıya görə ölkədə arıçılığln inkişafı üçün arıçıların bir təşkilatda birləşməsi və beynəlxalq təşkilatlarda təmsil olunması təmin edilməlidir. Arıçı diqqəti damazlıq-seleksiya işlərinə də çəkdi.
Kənd təsərrüfatı mütəxxəsisi Famil Baxışov arıçılığın inkişaf amillərindən biri də bu sahədə təhsilin gücləndirilməsidir. Onun fikrincə, texniki-peşə məktəblərində arıçılıqla bağlı ixtisaslar yaradılmalıdır. Çıxışçı həmçinin aqrar sahədə televiziya kanalının açılmasını, xarici ölkələrdə innovativ texnologiyaların ölkəmizə gətirilməsini təklif edib.
Füzulidən olan arıçı Kamil Cəfərov diqqəti ana arılarının yetirişdirilməsini, arıların məhsuldarlığının artırılmasını, arıların cırlaşması problemini qabardıb.
Şəki rayonunun Qinyat oğulları şirkətinin rəhbəri Lətif Qinyatoğlu arıçıların peşəkarlığının artırılmasında təhsilin vacibliyini bildirərək texniki peşə məktəblərində müvafiq ixtisasların açılmasını təklif etdi. Eyni zamanda bildirdi ki hər il Kənd Təsərrüfatının Nazirliyinin təşkil etdiyi bal yarmarkalarına formatı dəyişməli, yarmarkalara əsil arıçılarla yanaşı bu işə yeni başlamış arıçılar da dəvət edilməlidir.

Şahdağ E şirkətinin rəhbəri Elxan Ələkbərovun sözlərinə görə, ölkədə laboratoriyalar olsa da servis yoxdur. Arı xəstəlikləri ilə bağlı məlumatları laboratoriyalara göndərsək ki, analizin cavabı çox gec gəlir.

Quba arıçısı Anar Əzizov arıverimi olan bitkilərin əkilməsini və buna görə subsidiyalaşmanın olmasını təklif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275