ƏRZAQ SƏBƏTİ

Azərbaycanda fermerlər birləşməli olacaqlar – YENİ QANUN - TAM MƏTN
08 İYUN
215

Azərbaycanda fermerlər birləşməli olacaqlar – YENİ QANUN - TAM MƏTN

2016-06-08 14:21:00

Xəbər verildiyi kimi, Azərbaycanda «Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun 2-ci oxunuşda qəbul edilib. Qanunda fermerlərin iştirakı ilə kooperativlərin yaradılması, fəaliyyəti, və belə kooperativlər üçün yaradılacaq imkanlar müəyyən edilir.

Aktuallığını nəzərə alaraq fins.az adı çəkilən qanun layihəsini təqdim edir.

Kənd təsərrüfatı kooperasiyası haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin vəfəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

1-ci fəsil
Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. kənd təsərrüfatı kooperasiyası - kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən öz maddi və sosial tələbatlarının ödənilməsi məqsədilə kənd təsərrüfatı kooperativləri və onların birlikləri vasitəsilə həyata keçirilən könüllü birgə fəaliyyət;
1.1.2. kənd təsərrüfatı kooperativi (bundan sonra - kooperativ) - kənd təsərrüfatı məhsulları istehsalçılarının birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub, iştirakçılarının maddi və sosial tələbatlarının onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədi ilə yaradılan hüquqi şəxs;
1.1.3. kənd təsərrüfatı istehsal kooperativi (bundan sonra- istehsal kooperativi) - kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə şəxsi əməyi ilə iştirakına əsaslanan birgə istehsalat və digər təsərrüfat fəaliyyəti yerinə yetirmək üçün birləşməsi ilə yaradılan kommersiya hüquqi şəxs;
1.1.4. kənd təsərrüfatı istehlak kooperativi (bundan sonra - istehlak kooperativi) - kənd təsərrüfatı məhsulları istehsalçıları olan fiziki və (və ya) hüquqi şəxslərin kənd təsərrüfatı sahəsində fəaliyyəti dövründə üzvlərinin xərclərinin azalmasına və (və ya) gəlirlərinin artmasına və onların iqtisadi maraqlarının müdafiəsinə yönəlmiş xidmətlərin təşkili üçün birləşməsi yolu ilə yaradılan qeyri‑kommersiya hüquqi şəxs;
1.1.5. kənd təsərrüfatı istehsal-istehlak (qarışıq) kooperativi (bundan sonra - istehsal-istehlak kooperativi) - kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı ilə bağlı birgə təsərrüfat fəaliyyətini həyata keçirmək, üzvləri istehsal vasitələri və maddi-texniki resurslarla təmin etmək, onlara iqtisadi, sosial və digər tələblərini ödəmək məqsədilə xidmətlər göstərmək üçün yaradılan kommersiya hüquqi şəxs; 
1.1.6. kənd təsərrüfatı məhsulları istehsalçısı - əmtəəlik kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və ya hüquqi şəxs;
1.1.7. kooperativin təsərrüfat fəaliyyətində iştirak - kooperativ üzvlərinin kooperativə məhsul, xammal göndərməsi, kooperativdən mal alması, kooperativin xidmətindən istifadə etməsi.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi və başqa normativ hüquqi aktlar ilə müəyyən edilmiş mənaları verir.

Maddə 2. Kənd təsərrüfatı kooperasiyası haqqında Qanunvericilik

2.1. Kənd təsərrüfatı kooperasiyası haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının torpaq qanunvericiliyindən, bu Qanundan və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlardan ibarətdir.
2.2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə kənd təsərrüfatı kooperasiyası sahəsində müəyyən edilmiş normalar bu Qanunda nəzərdə tutulmuş normalardan fərqli olduqda beynəlxalq müqavilələrin normaları tətbiq olunur.

Maddə 3. Qanunun məqsədi

Bu Qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında irikənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq,  kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.

2-ci fəsil
Kooperativlər

Maddə 4. Kooperativin təşkili və fəaliyyətinin əsas prinsipləri
4.1. Kooperativə üzvlük könüllüdür və dinindən, irqindən, cinsindən, siyasi partiyalara və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, onun nizamnaməsi ilə müəyyən olunmuş öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır.
4.2. Kooperativ demokratik əsaslarla idarə olunur və onun fəaliyyətinə üzvləri nəzarət edir. Kooperativ üzvlərinin hər biri eyni səs hüququna (bir üzv - bir səs) malikdir.
4.3. Kooperativ üzvləri onun iqtisadi fəaliyyətində, pay fondunun və kapitalının formalaşmasında, gəlirlərin bölünməsində eyni əsaslarla iştirak edirlər.
4.4. Kooperativlər sərbəst və müstəqil fəaliyyət göstərirlər, onlar kooperativin inkişafı və iştirakçılarının mənafeyi naminə dövlət, bələdiyyə, özəl və qeyri-hökumət təşkilatları ilə müxtəlif əqdlər bağlaya bilərlər.
4.5. Kooperativin səmərəli inkişafını təmin etmək məqsədi ilə kooperativlər öz üzvlərinin və işçilərinin təhsil almasına, təlimlər keçməsinə imkan yaradır, onların sosial müdafiəsinə köməklik və qayğı göstərirlər.
4.6. Kooperativ üzvlərinin kooperativin fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulan qaydada məlumatlar almaq hüququ vardır. Kooperativlər öz fəaliyyətləri barədə ictimaiyyəti məlumatlandırırlar.
4.7. Kooperativlər onların səmərəli inkişafı, üzvlərinin mənafeyi naminə bir‑biri ilə, habelə müxtəlif səviyyəli kooperativ ittifaqlarında geniş əməkdaşlıq işləri aparırlar.
4.8. Kooperativlər təsisçilərinin vəsaiti hesabına yaradılır, fəaliyyətlərini öz xərcini ödəmə və özünü maliyyələşdirmə prinsipləri əsasında qururlar. 
4.9. Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, kooperativin əmlakı, üzvlərin pay haqları və kooperativin pay fondu, kooperativin mənfəəti və onun bölüşdürülməsi, kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam verilməsi və payın keçməsi, kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı bu Qanunda nəzərdə tutulmayan digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə tənzimlənir.

Maddə 5.  Kooperativlərin növləri və fəaliyyəti

5.1. Kooperativlər fəaliyyət xarakterinə görə istehsal, istehlak və istehsal‑istehlak növlü ola bilərlər.
5.2. Kooperativin firma adında onun fəaliyyət xarakteri qeyd edilməklə kənd təsərrüfatı kooperativi olduğu göstərilir. 
5.3. Kooperativlər ümumi məqsədləri həll etmək üçün kənd təsərrüfatı kooperativ ittifaqları (assosiasiyaları) yarada bilərlər. Bir kooperativ bir neçə müxtəlif fəaliyyət istiqamətli kooperativ ittifaqının üzvü ola bilər.
5.4. Kooperativin maliyyə-təsərrüfat fəaliyyətini tənzimləmək, kooperativ üzvlərinin maraqlarına zidd olan, kooperativin fəaliyyətini pisləşdirən və ya onun iflasına səbəb olacaq nöqsanların aradan qaldırılması və kooperativin idarə edilməsinin səmərəliliyini artırmaq məqsədi ilə kooperativdə "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq audit yoxlaması həyata keçirilir.

Maddə 6. İstehsal kooperativləri

6.1. İstehsal kooperativində görülən işlərin ən azı 70 faizi kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir.
6.2. İstehsal kooperativlərində muzdla işləyən işçilərin əməyindən istifadə oluna bilər. Bu işçilərin sayı (mövsümi işlərə cəlb olunanlar istisna olmaqla) kooperativin üzvlərinin sayının 30 faizindən çox olmamalıdır. İstehsal kooperativinin işçisi eyni zamanda həmin kooperativin və eyni fəaliyyət növü ilə məşğul olan digər istehsal kooperativinin üzvü ola bilməz.

Maddə 7. İstehlak kooperativləri

7.1. İstehlak kooperativləri aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər:
7.1.1. emal kooperativləri - kənd təsərrüfatı məhsullarının emalı;
7.1.2. tədarük və satış (ticarət) kooperativləri - kənd təsərrüfatı məhsullarının tədarükü, topdan və pərakəndə satışı, həmçinin onun saxlanması, çeşidləşdirilməsi, qurudulması, yuyulması, çəkilib bükülməsi, qablaşdırılması və daşınması, satış bazarının öyrənilməsi, məhsulun reklamı;
7.1.3. xidmət kooperativləri - aqroservis, baytarlıq və damazlıq, mexanikləşdirmə, elektrikləşdirmə, meliorasiya, nəqliyyat, təmir, tikinti, ekoloji‑bərpa işləri, telefonlaşdırma, sanatoriya-kurort, tibb, məsləhət, audit xidmətlərinin (işlərinin) həyata keçirilməsi;
7.1.4. təchizat kooperativləri - istehsal vasitələrinin, gübrələrin, yemlərin, neft məhsullarının, avadanlıqların, ehtiyat hissələrinin, pestisidlərin, aqrokimyəvi maddələrin və kənd təsərrüfatı məhsulları istehsalı üçün lazım olan digər vasitələrin alınması, gətirilməsi və satışı;
7.1.5. kredit kooperativləri - kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi, əmanətlərinin saxlanması və öz üzvlərinə kredit verilməsi;
7.1.6. sığorta kooperativləri - kənd təsərrüfatı məhsulları istehsalçılarının şəxsi və tibbi sığorta xidmətlərini, əkinlərin, bitkilərin və heyvanların, əmlakın sığortalanmasını həyata keçirmək. 
7.2. Kredit və sığorta istehlak kooperativlərinin yaradılması və fəaliyyəti müvafiq qanunlarla tənzimlənir.
7.3. İstehlak kooperativləri bu Qanunun 7.1-ci maddəsində göstərilən fəaliyyət növlərinin birini və ya bir neçəsini yerinə yetirə bilərlər. 
7.4. İstehlak kooperativləri beşdən az olmayan fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılır. 
7.5. İstehlak kooperativinin üzvləri bu kooperativdə öz əməyi ilə deyil, kooperativin təsərrüfat fəaliyyətində iştirakı ilə təmsil olunurlar. 
7.6. İstehlak kooperativlərinin yerinə yetirdikləri işlərin (xidmətlərin) həcminin pul ifadəsində ən azı 70 faizi kooperativ üzvləri üçün həyata keçirilməlidir.

Maddə 8. İstehsal-istehlak kooperativləri

İstehsal-istehlak kooperativləri kənd təsərrüfatı məhsulları istehsalı ilə yanaşı istehlak kooperativlərinin fəaliyyət növünün birini və ya bir neçəsini yerinə yetirirlər.

Maddə 9. Kooperativin hüquqları

9.0. Kooperativin hüquqları aşağıdakılardır:
9.0.1. mülkiyyətində olan əmlak barəsində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirmək;
9.0.2. kənd təsərrüfatı kooperasiyası iştirakçıları, habelə xarici hüquqi şəxslərlə kənd təsərrüfatı məhsullarının istehsalına, satışına və xidmətlər göstərilməsinə dair müqavilələr bağlamaq;
9.0.3. dövlət tərəfindən tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, öz məhsulu, işi və xidmətinə bazara uyğun qiymət (tarif) müəyyən etmək;
9.0.4. kooperativlər ittifaqlarında (assosiasiyalarında) birləşmək və beynəlxalq kooperativlər təşkilatlarının fəaliyyətində iştirak etmək;
9.0.5. kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək;
9.0.6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və kooperativin nizamnaməsi ilə müəyyən edilən digər hüquqları həyata keçirmək.

Maddə 10. Kooperativin torpaqları

10.1. Kooperativin torpaqları kooperativin mülkiyyətində,  istifadəsində və ya icarəsində olan torpaq sahələrindən ibarətdir. 
10.2. Kooperativin torpaqlara mülkiyyət hüququ alqı-satqı, bağışlama və ya digər əqdlərin bağlanması yolu ilə əldə edilir.
10.3. Kooperativin üzvü olan və ya olmayan şəxsin mülkiyyətində olan torpağı kooperativə bağışlaması üçün kooperativ üzvlərinin ümumi yığıncağında həmin şəxsin iştirakı ilə torpağın kooperativin xüsusi mülkiyyətində olan əmlaka aid edilməsi barədə qərar qəbul edilir. Kooperativə bağışlanan torpaq sahəsi əmlak pay haqqı hesab edilmir. 
10.4. Kooperativ üzvlərinin kooperativin istifadəsinə və ya icarəsinə verdikləri torpaqlar onların əmlak pay haqqına aid edilmir və kooperativin xüsusi mülkiyyəti hesab olunmur. Bu torpaqlar kooperativin mənfəəti bölüşdürülərkən ümumi yığıncağın müəyyən etdiyi qaydada meyar kimi nəzərə alınır.
10.5. Kooperativin istifadəsinə və ya icarəsinə verilən torpaqlar tərəflər arasında bağlanan müqavilə əsasında rəsmiləşdirilir.
10.6. Kooperativ üzvü olmayan şəxslər öz torpaqlarını kooperativin istifadəsinə və ya icarəsinə verə bilərlər. 
10.7. Kooperativin istifadəsində və ya icarəsində olan torpaqların kooperativin məqsədləri üçün istifadə olunması və onun mülkiyyətçilərə geri qaytarılması torpaq və mülki qanunvericiliyin tələblərinə və tərəflər arasında bağlanan müqavilənin şərtlərinə uyğun həyata keçirilir.

3-cü fəsil 
Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyi

Maddə 11. Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri

11.1. Kənd təsərrüfatı kooperasiyası sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
11.1.1. kooperativlərin yaradılması və inkişafı üçün əlverişli şərait yaratmaq;
11.1.2. kooperativlərin və onların üzvlərinin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinin və inkişafının dəstəklənməsini, onların fəaliyyətinin effektivliyinin artırılmasını, kooperativlərin təsərrüfat fəaliyyətinin və təşəbbüsünün məhdudlaşdırılmasının qarşısının alınmasını, habelə mallar, işlər və xidmətlər bazarında onların sərbəst və bərabər iştirakını təmin etmək;
11.1.3. kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, satışı, maddi-texniki təchizat və digər xidmət sahələri üzrə kooperasiya infrastrukturlarının formalaşmasına təkan vermək;
11.1.4. kənd təsərrüfatı kooperasiyası sahəsində normativ hüquqi aktlar qəbul etmək;
11.1.5. kənd təsərrüfatı kooperasiyasının inkişafı üzrədövlət proqramını qəbul etmək; 
11.1.6. kənd təsərrüfatı kooperasiyası üzrə orta ixtisas və ali təhsilli mütəxəssislərin hazırlanmasını, təkrar hazırlıq kurslarının keçirilməsini təşkil etmək, bu sahədə elmi-tədqiqat işlərinin genişləndirilməsini təmin etmək; 
11.1.7. kooperativ üzvlərinin və digər kənd təsərrüfatı məhsulları istehsalçılarının, habelə aidiyyəti dövlət və bələdiyyə orqanlarının, müəssisə və təşkilatların işçilərinin maarifləndirilməsi üçün yerlərdə informasiya-məsləhət xidmətləri göstərmək; 
11.1.8. kooperativlər və onların üzvləri arasında müqavilələrin bağlanması və icrası qaydalarına və kooperativlərdə uçot və hesabatın aparılmasına dair metodiki tövsiyələr, müqavilələrin və müxtəlif növ kooperativlərin nizamnamələrinin nümunəvi formalarına və kənd təsərrüfatı kooperasiyası sahəsindəbaşqa məsələlərə dair tövsiyə xarakterli sənədlər hazırlamaq;
11.1.9. dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək;
11.1.10. şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri və onların ittifaqları arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə  əməkdaşlığın genişlənməsini təmin etmək;
11.1.11. "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kooperativlərin inkişaf və fəaliyyət göstəricilərinin statistik məlumat sisteminin işlənib hazırlanmasını təşkil etmək.

Maddə 12. Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri

12.0. Kənd təsərrüfatı kooperasiyası sahəsində bələdiyyələrin vəzifələri aşağıdakılardır:
12.0.1. kənd təsərrüfatı kooperasiyasının yerli inkişaf proqramlarını qəbul etmək və regional proqramların hazırlanmasında iştirak etmək;
12.0.2. kooperativlərin yaradılmasını dəstəkləmək, onların təşkilinə köməklik göstərmək;
12.0.3. ərazilərində yaşayan sakinlərin ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatını yaxşılaşdırmaq, kənd təsərrüfatı məhsulları bazarında rəqabəti genişləndirmək və kooperativlərin səmərəli fəaliyyətinə təkan vermək üçün:
12.0.3.1. kooperativlərin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmaq;
12.0.3.2. kənd təsərrüfatı məhsulları satış -  yarmarkalarının  təşkili üçün müvafiq yer vermək;
12.0.3.3. mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerləri ayrılmasında iştirak etmək;
12.0.3.4. bələdiyyə və ictimai  ehtiyaclar üçün kooperativlərlə kənd təsərrüfatı məhsullarının tədarükü və satışına dair müqavilələr bağlamaq;
12.0.3.5. kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı  və satışında kooperativlərə köməklik göstərmək.

Maddə 13. Kənd təsərrüfatı kooperasiyasının inkişafına dövlət dəstəyinin əsas istiqamətləri

13.1. Kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına müvafiq icra hakimiyyəti orqanları tərəfindən aşağıdakı istiqamətlər üzrə dövlət dəstəyi göstərilir:
13.1.1. kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperasiya meyllərinin stimullaşdırılması;
13.1.2. kooperativlərin və onların ittifaqlarının yaradılmasının dəstəklənməsi;
13.1.3. ölkədə istehsal edilən, daxili və xarici bazarda satılan yerli kənd təsərrüfatı məhsullarının ümumi həcmində kooperativlərin payının artmasının stimullaşdırılması;
13.1.4. kooperativlərin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərən satış şəbəkələrinin təşkil edilməsi;
13.1.5. kredit təşkilatlarının, bələdiyyələrin, kənd təsərrüfatı və digər müəssisələrin və investorların kooperativlərə ortaq (assosiativ) üzv olmasının stimullaşdırılması;
13.1.6. kooperativlər üçün sığorta mexanizminin təkmilləşdirilməsi;
13.1.7. kooperativlərə və kənd sakinlərinə göstərilən maliyyə-kredit xidmətlərinin genişləndirilməsi;
13.1.8. kooperativlərin güzəştli şərtlərlə kreditləşməsinin təmin edilməsi;
13.1.9. kooperativlərin istehsal vasitələrinə olan tələbatının güzəştli lizinq şərtləri hesabına təmin edilməsi;
13.1.10. kooperativlər üçün kredit zəmanəti fondunun yaradılması.
13.2.  Müvafiq icra hakimiyyəti orqanları kooperativlərə müasir texnika və texnologiyaların, innovasiyaların tətbiqi, kənd təsərrüfatında məhsuldarlığın artırılması, ekoloji təmiz, idxalı əvəz edən və ixrac yönümlü kənd təsərrüfatı məhsullarının istehsalı və digər istiqamətlərdə dövlət dəstəyi göstərə bilərlər.

4-cü fəsil 
Kənd təsərrüfatı məhsulları bazarı və kooperativlər

Maddə 14. Kənd təsərrüfatı məhsulları bazarında kooperativlərin iştirakı

14.1. Kooperativlər dövlət və bələdiyyə orqanları və hüquqi şəxslərlə birlikdə kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış bazarlarının təşkilində iştirak edə və ya belə bazarları təşkil edə bilərlər. 
14.2. Kənd təsərrüfatı məhsulları bazarlarında kooperativlərə ticarət yerlərinin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 15. Satış şəbəkələrinin təşkili

15.1. Kənd təsərrüfatı məhsullarının istehsalçıları ilə istehlakçıları arasında birbaşa əlaqə yaratmaq, mövcud bazarlarla ədalətli rəqabət aparmaq və qiymətlərin bahalaşmasının qarşısını almaq məqsədilə kooperativlərin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərən satış şəbəkələri (fermer mağazaları, yaşıl marketlər, kooperativ bazarlar, topdansatış mərkəzləri) təşkil edilir.
15.2. Kooperativlərin nəzdində satış şəbəkələrinin təşkili və fəaliyyəti qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15.3. Dövlət və bələdiyyə mülkiyyətində olan, fəaliyyət göstərməyən və ya səmərəli istifadə edilməyən obyektlər satış şəbəkələri təşkil etmək üçün kooperativlərin icarəsinə qanunvericiliklə müəyyən olunmuş qaydada verilə bilər. 
15.4. Kooperativ bazarların və topdansatış mərkəzlərin  yaradılması üçün  torpaq sahələrinin ayrılması kooperativlərin müraciəti əsasında  müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən  qanunvericiliklə müəyyən olunmuş qaydada təmin olunur.

Maddə 16. Kooperativ bazarlarının təşkili

16.1. Kooperativlərin səmərəli fəaliyyətini təmin etmək və kənd təsərrüfatında brend məhsullar istehsalını formalaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada  kooperativ bazarlar təşkil edilir.
16.2. Kooperativ bazarlar kənd təsərrüfatı məhsullarının satışı (ticarəti) ilə məşğul olan istehlak kooperativlərinin nəzdində və onların idarəçiliyi altında fəaliyyət göstərirlər.
16.3. Kooperativ bazarların yaradılmasını və onlara torpaq sahələrinin ayrılmasını müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr həyata keçirirlər.
16.4. Kooperativ bazarı olan istehlak kooperativləri bazardakı ticarət yerləri ilə ilk növbədə öz üzvlərinin tələbatını ödəməyə borcludurlar. 
16.5. Kooperativ bazarlarda Azərbaycan Respublikasında fəaliyyət göstərən  kooperativlərin istehsal etdiyi kənd təsərrüfatı və emal məhsullardan başqa digər məhsulların satışına, habelə kənd təsərrüfatı məhsul istehsalçısı olmayan digər fiziki və hüquqi şəxslərin satış etməsinə yol verilmir.

5-ci fəsil
Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli

Maddə 17. Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Maddə 18. Mübahisələrin həlli

Kənd təsərrüfatı kooperasiyası ilə əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275