ƏRZAQ SƏBƏTİ

Bakıda 2 beynəlxalq sərgi işə başlayır
19 MAY
364

Bakıda 2 beynəlxalq sərgi işə başlayır

2016-05-19 08:29:00

Bu gündən başlayaraq mayın 21-nə qədər Bakıda XXII Azərbaycan Beynəlxalq Qida Sənayesi - "WorldFood Azerbaijan 2016" və X Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “CaspianAgro-2016” sərgiləri keçiriləcək. Fins.az xəbər verir ki, sərgilərdə dünyanın 34 ölkəsini təmsil edən 313 şirkət iştirak edəcək. Sərgilərə Kənd Təsərrüfatı Nazirliyi (KTN), eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Tədbirlərin təşkilatçıları “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir.

Builki sərgilərdə iştirak edən 313 şirkətdən 210-u xarici, 103-ü isə yerli şirkətlərdir. Sərgidə Azərbaycanla yanaşı, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Çexiya, Qazaxıstan, Hindistan, İspaniya, İtaliya, Litva, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən yerli və beynəlxalq ərzaq məhsulları bazarının aparıcı istehsalçı, distribüter və təchizatçıları iştirak edəcəklər.

Sərginin bölmələrində konservləşdirilmiş məhsullarla yanaşı, süd məhsulları, baqqaliyyə məmulatları, şirniyyat, soyutma sistemləri, içkilər və bir sıra digər məhsullar təqdim olunacaq. Həmçinin builki sərgidə ölkə bazarında ilk dəfə təmsil olunan meyvə və tərəvəz çeşidini geniş təmsil edəcək Azərbaycan şirkətləri iştirak edəcək.

"WorldFood Azerbaijan 2016" sərgisi qida sənayesi sahəsində mövcud olan təmayüllər və bu sahənin əsas inkişaf problemlərinin müzakirəsi ilə yanaşı, yeni məhsul və texnologiyaların təqdimatı üçün unikal platformaya çevriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq qida məhsulları təchizatçılarının ticarət şəbəkələri və distribüterlərlə ikitərəfli görüşləri keçiriləcək. Bu cür ikitərəfli "B2B" görüşlər, istehsal şirkətlərinin rəhbərləri və pərakəndə satış nümayəndələri arasında şəxsi işgüzar əlaqələrin qurulmasına və ikitərəfli müqavilələrin imzalanmasına mühüm imkanlar yaradacaq.

Eyni zamanda, həmin gün keçirilməsi planlaşdırılan Xəzər Beynəlxalq "Qablaşdırma, Tara, Etiket və Poliqrafiya" Ipack Caspian 2016" sərgisində müxtəlif sənaye sahələri üçün qablar, qablaşdırma materialları, tara və hazır qablaşdırmaların istehsal və tərtibatı üçün avadanlıqlar təqdim olunacaq.

Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində KTN bir sıra yenilikləri ilə yanaşı, sərgi iştirakçılarına elektron kənd təsərrüfatı xidmətlərindən istifadə qaydalarını da nümayiş etdirəcək. Belə ki, nazirliyin müvafiq informasiya sistemləri və elektron xidmətləri – Subsidiya və siyasətə dair informasiya sistemi, Aqrolizinq informasiya sistemi, kənd təsərrüfatı texnikalarının və sürücülük vəsiqələrinin qeydiyyatı sistemləri sərgi müddətində fermerlərə xidmət göstərəcək.

Kənd təsərrüfatı ilə məşğul olan şəxslər fermerlərin reyestrində qeydiyyatdan keçmək, kənd təsərrüfatı texnikasının, cins heyvanların, subsidiyaların alınması üçün onlayn xidmətlər, kənd təsərrüfatı texnikasının qeydiyyatı, sürücülük vəsiqəsinin alınması və dəyişdirilməsi xidmətlərindən istifadə edə biləcəklər.

Nazirliyin stendində kənd təsərrüfatlı təyinatlı torpaqların coğrafi məlumatlar bazası əsasında hər bir rayon üzrə torpaqların təyinatına və məqsədli istifadə növünə görə bölgüsü üzrə rəqəmsal xəritə vizualizasiyası, torpaqlar üzrə statistik məlumatlar, yeni ortofotoxəritələrin yaradılması layihəsi haqqında təqdimatlar və ətraflı məlumatlar bütün sərgi iştirakçılarına nümayiş etdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275