SAĞLIQ

Vəfat edən şəxslərin orqanlarından – İSTİFADƏ OLUNA BİLƏR
07 SENTYABR
327

Vəfat edən şəxslərin orqanlarından – İSTİFADƏ OLUNA BİLƏR

2016-09-07 17:02:00

Azərbaycanda vəfat edən şəxslərin orqanlarının canlı insana köçürülməsi ilə bağlı müzakirələr aparılır. Bununla bağlı fins.az-a açıqlama verən M.C.Cavadzadləə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev. 

Onun sözlərinə görə, bu gün Azərbaycanda böyrəkköçürmə əməliyyatları yalnız qohum böyrəyinin köçürülməsi ilə həyata keçirilir. “Lakin bu gün ölkədə çox sayda insanların böyrək nəqli əməliyyatına ehtiyacı var. Ona görə də canlıdan canlıya donorluq köməyə tam çatmır. Ona görə də indi  meyitdən canlı insana donor köçürülməsi məsələsi Səhiyyə Nazirliyi və Nazirlər Kabinetində müzakirə olunur”. 

Beyin ölümünü kim təyin edəcək?

F.Babayev bildirib ki, müzakirələrdə meyit orqanlarından donor kimi istifadə etməyin hüquqi tərəflərinə daha çox diqqət yetirilir: “Meyitin orqanını almaq üçün öncə ona beyin ölümü diaqnozu qoyulmalıdır. Yəni, həmin şəxsin bioloji yaşamaq şansının olmadığı rəsmi təsdiq edilməlidir. Ancaq bu işi orqan köçürməsini həyata keçirən həkimlər deyil, tam başqa bir xüsusi komissiya eləməlidir”. 

Şöbə müdirinin fikrincə, beyin ölümünün təsdiqi xüsusi maraq kəısb etdiyindən onu eyni həkimlərə etibar etmək olmaz. Bunun üçün  anestezioloq, reanimotoloq və cərrahdan ibarət ayrıca komissiya rəy verməlidir. 

“Bundan sonra  ölən adamın qohumlarının yazılı razılığı  alınmalıdır. Sonradan mübahisələr yaranmasın deyə bu işlərlə Səhiyyə Nazirliyi deyil başqa bir qurum məşğul olmalıdı”. 

Donor bankı nədir?

Şöbə müdiri xarici təcrübədən öyrən diklərini də bölüşüb. Onun sözlərinə görə, qonşu Türkiyədə artıq bir neçə ildir meyit orqanlarından donor kimi istifadə edilməsi təcrübəsi formalaşıb: 

“Türkiyədə “Donor bankı” adlanan qurum yaradılıb. Ölkənin hansısa bölgəsində  insan dünyasını  dəyişən kimi həmin banka məlumat ötürülür. Həkimlər də dərhal həmin məlumatdan yararlanaraq ölən adamın lazımi orqanını əldə edirlər. Bunun üçün xüsusi həkim briqadası və daşıma xidməti də var. İstənilən yerdən lazım olan orqan hətta uzaq məsafələrə belə daşınır. Bu sistemi bizdə də istifadə etmək olar”.

Orqan köçürülməsi pulsuzdur

F.Babayev hesab edir ki, meyitdən orqan köçürülməsini hüquqi əsaslarla həyata keçirmək üçün Səhiyyə Nazirliyi ilə yanaşı digər qurumlar da iştirak etməlidir: “Məsələn, bəzi ölkələrdə qohumların razılığını notarial qaydada təsdiq edirlər. Digərlərində bu işi sığorta agentləri həyata keçirir. Bütün bu variantlar bizdə də müzakirə olunur. Hələlik hansına üstünlük veriləcəyi bəlli deyil”.

F.Babayev deyir ki, istənilən halda orqan köçürülməsi pulsuz olacaq. Bu sahədə qanunvericilik bazası yaradılıb. Bu gün bütün dünyada orqanların pulla satılması cinayət sayılır. 

Hansı orqan  donor ola bilər?

Orqan köçürülməsi deyərkən insanlarda yanlış təsəvvür yarana  bilər. Amma heç də bütün orqanların köçürülməsi tibbi baxımdan mümkün deyil. Donor kimi ancaq böyrək, dalaq, qaraciyər, mədəaltı vəz, sümük iliyi və  gözün buynuz qişası istifadə edilir. Həmin orqanların köçürülməsi istisaslaşmış klinikalarda aparılır. 

Orqan köçürən klinikalar 

İndi Azərbaycanda orqan köçürülməsi ancaq 5 ixtisaslaşmış tibb müəssisəsində həyata keçirilir. Onlar aşağıdakılardır:

1.        M.C.Cavadzadləə adına Respublika Klinik Uroloji Xəstəxanası – böyrək köçürülməsi
2.        Mərkəzi Neftçilər Xəstəxanası -  böyrək, qaraciyər köçürülməsi
3.        Talasemiya Mərkəsi –sümük iliyinin köçürülməsi
4.        Tibb Universitetinin Tədris Terapevtik Klinikası –qaraciyər köçürülməsi
5.        Z.Əliyeva adına Göz Xəstəlikləri İnstitutu -  buynuz qişası 

Orqanını bağışla, savab qazan

Qeyd edək ki, hələ də insanlar dünyasını dəyişən yaxın qohumlarının orqanlarının başqa insana köçürülməsini şüurlu şəkildə qəbul edə bilmirlər. Ancaq  bununla bir neçə insana yaşama şansı bağışlaya bilərlər. F.Babayev də hesab edir ki, bu məsələdə tibbi və dini nöqteyi-nəzərdən heç bir problem yoxdur.

“Burada yalnız ictimai şüur formalaşdırmaq lazımdır. İnsanlar anlamalıdır ki, orqan bağışlanması nə dini, hüquq baxımdan heç bir problem yaratmır. Əksinə, başqasına həyat   verərək savab qazanmaq olar. Artıq 2 ildir bu istiqamətdə təbliğat gedir və irəliləyiş hiss olunur”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272