SAĞLIQ

Yaponiya şirkətləri Azərbaycanda dərman zavodu tikəcək
07 SENTYABR
112

Yaponiya şirkətləri Azərbaycanda dərman zavodu tikəcək

2016-09-07 14:23:00
Yaponiya şirkətləri tərəfindən Azərbaycanda dərman preparatları istehsalı üzrə yeni zavodun tikintisi nəzərdə tutulur.
 
Fins.az APA-ya istinadən verdiyi xəbərə görə, bu haqda Azərbaycanda səfərdə olan Yaponiyanın “Nipro Pharma” və “JGC” dərman şirkətlərinin nümayəndələri məlumat veriblər.  
 
“Nipro Pharma” dərman şirkətinin vitse-prezidenti Satoshi Kavamura bildirib ki, zavodun tikintisinə başlamazdan Azərbaycanda hansı dərmanlara nə qədər tələbatın olması, hansı preparatların istehsalının məqsədəuyğun olması və bir sıra bu kimi məsələlərlə bağlı araşdırma aparılmalıdır: “Hazırda bizim partnyorumuz Azərbaycan üzrə iri distributor şirkətlərindən biridir. Nipro Pharma şirkətinin istehsal etdiyi dərmanlarla həmin şirkətin məhsullarını müqayisə edib, müəyyən nəticəyə gəlməyə çalışırıq. Bunun üçün ən azı bir il vaxt lazım olacaq. Araşdırmalardan sonra isə biznes plan hazırlayıb, bilavasitə zavodun tikintisini planlaşdırırıq”.

S. Kavamuranın sözlərinə görə, ilk növbədə Azərbaycanda Nipro Pharma dərman şirkətinin 300-ə yaxın məhsulunu istehsal etməyi planlaşdırılar: “Əgər həmin məhsullardan əlavə preparatlara tələbat olarsa, Yaponiyada Nipro Pharmanın partnyoru olan çox sayda şirkətlər var ki, onlar da öz məhsullarını burada istehsal edə bilərlər və hətta bu barədə düşünürlər”.

S. Kavamura qeyd edib ki, məqsəd təkcə Azərbaycan bazarında olmaq deyil: “İstehsal olunan dərman preparatlarını, eyni zamanda, xarici dövlətlərə də ixrac etməyi düşünürük. Dərmanların keyfiyyəti məsələsi bizim üçün buna görə də prioritetdir. Əgər yüksək keyfiyyətli məhsullar istehsal olunmasa, onları ixrac edə bilmərik. Əlbəttə ki, sırf istehsal baxımından yanaşsaq, Azərbaycanda istehsalın daha ucuz qiymətə başa gələcəyini deyə bilərik. Amma burada digər faktorlar da var. Məsələn, xammal, qablaşdırma məhsulları xaricdən idxal ediləcək. Bundan sonra Azərbaycana daha ucuz qablaşdırma məhsulları gətirmək üçün araşdırmalara başlayacağıq. Əgər bununla bağlı məqsədimizə nail ola bilsək, dərmanların indikindən daha ucuz qiymətə bazara çıxarılmasını təmin edə bilərik”.
 
Səfər çərçivəsində “Nipro Pharma” və “JGC” dərman şirkətlərinin nümayəndələri baş nazirin müavini Abid Şərifov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və səhiyyə nazirinin müavini Elsevər Ağayevlə görüşüblər. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275