PR

Tarixin ən parlaq reklam kampaniyaları
06 FEVRAL
273

Tarixin ən parlaq reklam kampaniyaları

2019-02-06 15:34:00

Bəşəriyyət tarixinin son 100 ili marketinq tarixinin ən parlaq və keşməkeşli dövrüdür. Bu əsri marketinq əsri adlandırsaq yerinə düşər. Bu bloq yazısında son 100 ildən ən çox səs gətirən 10 uğurlu reklam kampaniyaları diqqətinizə təqdim edirik:

1. Nike: Just Do It.

Vaxtı ilə Nike ancaq marafon qaçan peşəkar idmançılar üçün idman ayaqqabıları satan şirkət idi. 1980-ci illərə tərəf Qərbdə fitness və sağlam həyat tərzi cərəyanı geniş yayıldıqdan sonra Nike marketerləri qarşılarındakı nəhəng bazarı kəşf etdilər. Nike, idman ayaqqabılarında əsas rəqibi olan Reebokdan daha az satırdı. Rəqibin yeni bazara çıxışını zəiflətmək və brendini yeni müştəri auditoriyasına mövqeləndirmək üçün Nike “Just do it” reklam kampaniyasına start verdi. Və bu kampaniya bomba kimi partladı! Cəmi 10 il ərzində Nike öz dövriyyəsini $800 mln-dan $9,2 mld-a qaldırdı. Bu kampaniyanın uğur sirri nə idi? Nike yeni müştərisini ən zəif damarından tuta bildi. Kim, hansı fiziki formada olmağından asılı olmayaraq, bəhanə gətirmə, dur hərəkət elə.

2. Coca-Cola: Share a coke.

reklam kampaniyaları Coca-Coca
reklam kampaniyaları Coca-Coca

Coca-Colanın bu siyahıda olmasına yəgin ki, təəccüb etmədiniz. 2010-cu illərdə Coca-Cola vahid brend mövqeləndirməsinə uyğun olaraq bir neçə yadda qalan reklam kampaniyaları keçirdi. Onlardan ən yadda qalanı heç şübhəsiz “Share a coke” (Kolanı paylaş) oldu. Məhsulların üzərinə ad yazmaq ideyası ilk dəfə 2011-ci ildə Avstraliyada sınaq keçdi – kampaniya çərçivəsində 150 ən populyar insan adında Cola qabı satışa çıxarıldı. Hətta fərdi qaydada sən internet sayt üzərindən istədiyin adda Cola sifariş edə bilərdin.

Bu ideyanın möhtəşəmliyi nədə idi? Global, 100 yaşında qocaman bir brend bir anda insanlarla fərdi ünsiyyət qura bildi. Münasibət marketinqinə ən gözəl nümunə olan bu kampaniya həm də satışlara güclü dəstək verdi – axı sən dostuna Cola alırsansa, mütləq özünə də alacaqsan.

3. Always: #LikeaGirl

Qadın bezləri reklamları çox vaxt standart və eybəcər olur. Anaların qızlarına bez tövsiyə etməsi yanaşması Z nəslini inandıra bilmirdi. Bu vəziyyətdə Always brendi nə etdi? Müştəri insaytlarına müraciət etdi. #Likeagirl (Qız kimi) konsepti də qızlara tanış olan hisslərə, onların duyğularına birbaşa xitab edən mesaja sahib idi.Qız kimi olmağı zəiflik, çatışmamazlıq olaraq görmə, özünə, gücünə, bacarığına inan. Bu kampaniya marketinq tarixinin ən viral olan kampaniyalarından biridir eyni zamanda. Niyə? Çünki daşıdığı mesaj qadınların emansipasiya dövrünün zirvədə olduğu illərə təsadüf etdi.

4. Volkswagen: Think Small

reklam kampaniyaları Volswagen
reklam kampaniyaları Volswagen

1960-cı illərdə Avropa avtomobil brendləri Amerika bazarına üz tutdular. Amma Amerika bazarında sürücü tərcihləri Avropadakılardan kəskin fərqlənirdi: Amerikalılar nəhəng maşınları çox sevirdilər. Avropa maşınları isə ölçülərinə görə çox kompakt idi, üstəlik amerikalılar öz maşın brendlərinin fanatı idi. Bazardan pay qoparmaq üçün Volkswagen müştəri tələblərinə uyğunlaşmağı deyil, zəif cəhətini üstünlüyə çevirməyə qərara aldı. DDB agentliyi onlar üçün 1960-cı ildə “Think small” kreativ konseptini hazırladı və reklam kampaniyasını keçirdi. Onlar sürücüləri kiçik ölçülü maşınların üstünlüyünə inandırmağa çalışdılar. Təsadüfi deyil ki, şəhərlərdə tıxac və parkovka problemi ilə üzləşən cavan nəsil üçün bu ideya göydən düşmə oldu. Qısa zamanda kiçik ölçülü maşınlar seqmenti böyüdü. Daha sonrakı neft böhranı, yanacağın qiymətinin 4-5 dəfə qalxması ilə də iri avtomobillərin yollarda hökmdarlığına son qoydu. Bu təcrübə göstərir ki, brendlər müştərisi ilə nə qədər səmimi olsalar, bir o qədər onların etibarını qazana biləcəklər.

5. Google: Year in Search

Google şirkətinin 2010-cu ildən bəri illik bir ənənəsi var: keçən ildə baş verənləri 2 dəqiqəlik bir video olaraq paylaşmaq. Çoxları bunu reklam olaraq görməsə də, bu cür qəbul olunması artıq bu reklam konseptinin nə qədər uğurlu olmasından xəbər verir. Bu videoların yayımlanma vaxtı da yerinə düşür – insanlar keçən ili analiz edib, xatırlamağı çox sevirlər. Təsadüfi deyil ki, hər il bu videoları viral olaraq sosial şəbəkələrdə çox yayılır.

6. Kaliforniya Süd İstehsalçıları Birliyi: Got milk?

Bir məhsulu satmağın ən rahat və ən effektiv yolu ondan istifadəni vərdiş halına gətirməkdir.Yemək vaxtı Cola, yeməkdən sonra Dirolun etdiyi kimi. Hər səhər ya da yatağa girəndə süd içməkdən təbii nə ola bilərki? “Got milk?” (Süd içmisən?) reklam kampaniyaları olaraq əsas məqsədi mövcud müştərilərdə gündəlik süd içmə vərdişi yaratmaq idi. Süd içməyin faydaları, ən məşhurların, o cümlədən aktyor və idmançıların da süd içdiyini vurğulamaqla həmin Birlik süd içməyi fəxr olunası hala gətirmək istəyirdi. Və öz istəyinə də nail oldu.

7. Apple: Get a Mac

Apple-ın Mac kompüterləri indi-indi satışlara görə liderliyə dırmaşır. Yarandığı illərdə isə Mac kompüterləri bazardakı rəqiblərinə görə bir sıra cəhətlərinə görə üstün və fərqli idi. Marketerlərə nə iş qalırdı? Bu üstünlükləri sadə və əyani şəkildə insanlara göstərmək. “Get a Mac” reklam kampaniyası Mac ilə PC kompüterlərinin birbaşa müqayisəsinə həsr olunmuşdu. İdeya o qədər tutdu ki, cəmi bir il ərzində Apple kompüter seqmentində bazar payını 42% artırdı. Apple bir daha sübut etdi ki, ən gözəl məhsulun belə reklama, daha doğrusu düzgün reklama ehtiyacı var, və bunun ən effektiv yollarından biri rasional yanaşmadır.

8. De Beers: A Diamond is Forever

De Beers brilliyant istehsalı bazarında şəksiz liderdir (90% yaxın payı ilə). Bu cür güclü brend niyə reklam etsin ki, deyə soruşa bilərsiz? Əlbəttə daha çox satmaq üçün. Bunun üçün isə satdığı mala dəyər qatmaq, briliyanta qarşı istehlakçının (qadının) həvəsini artırmaq lazımdır. İndiki nəsilin yadında olmaz, amma nişana, toya briliyant üzük almaq ənənəsi məhz De Beers şirkətinin “A Diamond is Forever” (Brilliyantlar əbədidir) reklamından sonra yarandı. Brilliyant qısa zamanda qızılı ən bahalı mallar kateqoriyasında ötdü keçdi. Qadınların, varlı kişilərin ən gizli emosiyalarına xitab etməyi bacaran şirkət marketinq tarixinin ən uğurlu mövqeləndirilməsinə imza atdı.

9. Procter & Gamble: Thank You, Mom

“Təşəkkürlər, ana!” kreativ ideyası olduqca sadə, bir o qədər də tutarlı idi. İlk dəfə Olimpiyada üçün hazırlanan bu reklam kampaniyasında kiçik yaşlarından idmançıların yetişdirilməsinə Anaların roluna diqqət çəkilirdi. Bu ideya o qədər emosional göstərilmişdi ki, reklam çarxını izləyən hər kəs həmin reklamda özünü, öz anasının üzərindəki zəhmətini görürdü. Procter&Gamble öz müştərisinin emosiyalarında düzgün mesajla xitan edə bildi. Xoş bir haldır ki, bu reklam kampaniyaları Azərbaycanda da keçirildi. Təsədüfi deyil ki, Azərbaycan versiyasını YouTube-da 1 mln-dan çox baxış toplayaş bilmişdi. Marketinq nəhəngi bir daha sübut etdi ki, müştəridə brendə lazım olan emosiyanı yaratmaqla, onun etibarını qazanmaq, onun dostuna çevrilmək mümkündür.

10. Red Bull: Stratos

Red Bull-un içənləri qanadlandırdığı hamı bilir. Amma nə qədər qanadlandıra bilər? O qədər ki, insan kosmosdan yerə tullana bilər? Mümkün deyil? Red Bull ilə mümkündür.

2012-ci ildə Felix Baumgartner adlı Avstraliyalı peşəkar paraşütçü 39 km yüksəkliyə qalxaraq yerə tullandı. Yüksəklik rekordu vurmaqla yanaşı sürət rekordu da qırıldı: sərbəst düşüşdə Felix 1,357 km/s sürəti nümayiş etdirdi. Bu inanılmaz hadisə nə üçün lazımdır? Red Bull öz brend dəyərlərinə sadiq qalaraq insanın nəyə qadir olduğunu bir daha göstərmiş oldu. Bu hadisə dünyanın 50 ölkəsində aparıcı 80 TV kanallarında canlı olaraq göstərildi, minlərlə KİV bu hadisə barədə xəbər paylaşdı. Kosmosdan tullanış videosuna ümumilikdə 200 mln çox insan baxdı. Bu hadisən sonrakı 6 ay ərzində ancaq ABŞ-da Red Bull satışları 7% artdı. Red Bull Stratos ən çox izlənən canlı yayım olaraq da tarix keçdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9008
  • ₽ RUB
    0.0262