PR

Kiçik biznes və uğurun 9 qaydası
05 FEVRAL
292

Kiçik biznes və uğurun 9 qaydası

2019-02-05 13:02:00

Kiçik biznes iqtisadiyyatın təməl daşıdır. Kiçik və orta sahibkarlıq nə qədər güclü olarsa, iqtisadiyyat da bir o qədər güclü və böhranlara qarşı davamlı olacaqdır. Kiçik və orta biznes əhalinin orta təbəqəsini formalaşdırır. Orta təbəqə nə qədər geniş olarsa, dövlət də o qədər zəngin və inkişaf etmiş olar.

Kiçik biznes sahibkarlıq əzmi və təşəbbüskarlığı ilə qurulur. Onun inkişafı üçün dövlət lazımı şərait yaradıbsa (ən azından mane olmursa) və əhalidə sahibkarlıq ruhu varsa kiçik biznes inkişaf edəcəkdir. Kiçik biznesdə uğur qazanmaq üçün nələri bilmək lazımdır? Bu yazımızda uğurun sirrlərinə toxunacayıq.

Kiçik biznes üçün uğur qazanmağın 9 əsas qaydası:

1. Düzgün müştəri seçin.

Kiçik biznes hamıya xidmət göstərə, hamıya mal sata bilməz. İşə başlayandan qabaq biznes sahibi öz müştərisini mümkün qədər dəqiq müəyyən etməlidir. Məsələn, Elmlər Akademiyası metrosu yaxınlığında dəftərxana malları mağazası açan sahibkarın əsas müştəriləri yaxınlıqdakı universitetlərdə təhsil alan tələbələr və dərs deyən müəllimlər olacaq. Bu hədəf auditoriyasınafokuslansanız, onların ehtiyacına uyğun mal təminatı və qiymət siyasəti etsəniz uğur qazanacaqsız.

2. Rəqiblərdən fərqli olun.

Həmin dəftərxana mağazası misalına baxsaq görərik ki, belə “yağlı” yerdə rəqib mağazalar da olacaq. Bu şəraitdə rəqiblərdən üstün olmaq, daha çox müştəri cəlb etmək üçün nə etmək lazımdır? Müştəri niyə bizim mağazamızı seçsin ki? Bizim mağazamız daha rahat yerdə, yolun düz kənarında yerləşə bilər. Bizim mağazamızda daha yaxşı çeşid, daha keyfiyyətli mallar ola bilər. Bizim mağazamız daha geniş, bir yox iki kassamız ola bilər. Bizim satıcılarımız müştəriyə qarşı daha diqqətcil, daha hörmətcil ola bilər. Bütün bu səbəblər bizi rəqiblərdən fərqləndirməklə müştərini mağazamıza cəlb edən amillər olacaqdır.

3. İşçi seçiminə diqqət edin.

Kiçik biznesdə işçi sayı da az olur. Az olduğuna görə onlardan çox şey asılıdır, hərəsi bir neçə funksiya yerinə yetirir. Satıcı birbaşa müştəri ilə ünsiyyətdə olur, bu səbəbdən də mağaza barədə müştəri rəyi satıcının müştəriyə rəftarından  çox asılıdır. Çalışın bacarıqlı və yardımsevər insanları işə götürün. Bacı oğlunuz yaxşı oğlan ola bilər, amma satış bacarığı yoxdursa onun yerinə bacarıqlı şəxsi işə götürmək daha düzgündür.

4. Çevik olun, cəld olun.

Kiçik biznesin uğuru nə qədər sürətli, nə qədər çevik olmasından asılıdır. Mağazanızda uzun növbələr yaranırsa, sifarişiniz gecikib sizi malsız qoyursa, müştərilər stress çarxı soruşub sizdə tapa bilmirsə, gələn zənglərə və emaillərə vaxtında cavab verə bilmirsinizsə iflasa doğru gedirsiniz. Bu vəziyyətin qarşısını alacaq, problemləri həll edəcək tədbirləri gecikdirməyin.

5. Minnətdar olun.

Tez-tez müştərinizə, işçilərinizə, mal gətirənlərə təşəkkür edin. Bəsit “Çox sağ olun” sözü haqqınızda müsbət rəy formalaşdıracaq, sizə qarşı etibarı və loyallığı artıracaqdır.

6. İşinizdə sabit olun.

Müştəri sabitlik sevir. Hər gün girdiyi mağazada onu gülərüzlə qarşılayan satıcını görmək, aldığını malı eyni yerdə tapmaq istəyir. Xidmət səviyyənizi, malın keyfiyyətini düşməyə imkan vermədən artırmağa və qiymət siyasətini eyni saxlamağa çalışın. Müştərinin gözləntilərini aldatmayın.

7. Ümidli olun.

Kiçik biznes ümid üzərində qurulub – sahibkar öz biznesini çiçəklənən və inkişaf edən görmək istəyir. Sahibkarın özü də, satıcılar və adi işçillər də iş başında ümid və sevinc bəxş etməlidir. Müştərilər sizi görüb ümidlənməli, böyük supermarket yerinə sizi seçdiklərinə, sizə dəstək olduqlarına görə məmnunluq və fəxr hissi yaşamalıdır.

8. Məhsul satmayın, müştəri qazanın.

Kiçik mağazanın böyük supermarketdən fərqli loyal müştəriləridir. Supermarket müştərini geniş çeşid və aşağı qiymət ilə cəlb edirsə, kiçik mağaza xidmət və fərdi yanaşma ilə fərq yaradır. Kiçik biznes hər satış əqdində müştərini qazanmalı, onu loyal etməlidir. Bəzən ziyan etmək, malı qaytarmaq olar – əvəzində müştəri sizə daha çox etibar edəcək, sizə daha bağlanacaqdır.

9. Əzmkar və çalışqan olun.

Sahibkarlıq əzmi biznesi batmaqdan qoruyan və uğura aparan yelkən kimidir. Bu əzmi qətiyyən itirmək olmaz. Kiçik biznes sahibkarın əməyindən və işə nəzarətindən çox asılıdır. Kiçik sahibkar işi başqasına dövr etmək lüksuna sahib deyil. Hər zaman iş başında, müştəri ilə ünsiyyətdə hamıdan daha diqqətli, müştəriyə qarşı daha qayğıkeş olmalıdır. Restoranda müştəriyə ofisiant ilə bərabət qulluq edən, çirkli qabları götürməkdən çəkinməyən restoran sahibi sizdə hansı təəssürat yaradır?

Bu qaydalara riayyət etsəniz, daha artığını etməyə hazır olsanız, konfort zonasını tərk edib yeni zirvələrə doğru irəliləsəniz uğur qazanacağınızdan əmin ola bilərsiz. Bu səfər sizi daha çətin seçim gözləyəcək: kiçik biznes olaraq qalmaqmı yoxsa biznesi böyütməkmi? Hansı qərarı verəcəyinizdən asılı olmayaraq bu qaydaları iş prinsipinizə çevirin, biznesinizi daima çiçəkləndirin.

©mktg.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259