PR

İnsan ömrünü uzadan amil...
24 DEKABR 2018
245

İnsan ömrünü uzadan amil...

2018-12-24 11:46:00

İnsan təbəssüm və gülüşsüz yaşaya bilməz. İnsan kinayəsiz və qrotekssiz də yaşaya bilməz. İnsan yumorsuz da yaşaya bilməz.

Ömründə bir dəfə olsun yumorla reaksiya verməyən insanı təsəvvür edə bilərsinizmi? Mən də təsəvvür edə bilmirəm. Ən qaraqabaq insanı belə yumorla tərk-dünyalıqdan çıxarmaq mümkündür.  Bax, elə buna görə reklamda yomora tez-tez rast gəlirik. Yumor insanı şən əhval-ruhiyyəyə kökləyir. Müvəqqəti də olsa, problemləri unutdurur. Üstəlik, yumor insanın səxavətli olmasına və pul xərcləməsinə həmişə stimul vermişdir. Çünki yumor münasibətlərdəki gərginliyi azaldır, insanı daha sərbəst və çevik qərar verməyə sövq edir. Reklamda ən yaxşı motivator kimi bu faktorlar həlledici hesab olunur. Bu dördlüyə erotika, uşaq obrazları, heyvan obrazları və yumor daxildir. Çünki yumor qanı endorfinlə zənginləşdirir. Bu da insanda gülüş doğurur, ona bir anlıq sərbəstlik və nəfəs dərməyə imkan verir. Ən gərgin anda belə insanı əsəbilikdən uzaq daha düzgün qərar verməyə kökləyir. 

İnsan vəziyyəti daha dəqiq və obyektiv dəyərləndirir, gülüş isə öz növbəsində əsəbi vəziyyəti ciddi şəkildə sakitləşdirir və insan daha rahat əhvali-ruhiyyədə sərbəst olaraq hərəkət edir, onun addımları məntiqə əsaslanır. Sorğuların nəticəsi də onu deməyə əsas verir ki, insanlar onları güldürən, əhvali- ruhiyyələrini yaxşılaşdıran reklam çarxlarına həvəslə baxmaq istəyirlər. Onlar yorucu informativ və ciddi səslə nəsihətverici tonda səsləndirilən reklamları istəmirlər. 

Çünki yumor insanı rahatlaşdırır, gündəlik iş gərginliyinin candan çıxmasına kömək edir, həyacan və qayğılardan uzaqlaşdırır, yeni enerji bəxş edir. İnsanın həyat eşqini gücləndirir, onu fəaliyyətə motivə edir. Burada bir haşiyə yerinə düşərdi. Belə ki, yumor heç də həmişə reklamda müsbət rol oynamır. Yumordan doğru istifadə çox vacibdir. Axı hər mal və xidmətin reklamında fayda vermir, hətta bəzi hallarda ziyanlı da ola bilir, markaya ciddi zərər gətirə bilər. Dəqiqlik və ciddilik tələb olunan yerdə yumorlu mesajlar mənfi emosiyalar və xoşagəlməz assosiasiyalar doğurur. Belə məqamda mahiyyət yumor olaraq təklif olunanda nəticə acınacaqlı ola bilər.

Əslində yumorun da öz əndazəsi var. Onu da üstələyib keçmək olmaz. Çünki yumor və təlxəklik bir-birindən tam uzaq anlayışlardır. Müasir reklamın önəmli fiqurlarından olan Klod Qopkins haqlı olaraq yazırdı ki, heç kim məzhəkəçidən mal almayacaq. Yumorun yeri və tonu ciddi olaraq düşünülməli, yaradıcılıq baxımından ciddi tapıntılarla əsaslandırılmalıdır. Əslində yumor həqiqətin daha yumşaq təhkiyə və görüntü ilə istehlakçıya çatdırılmasını nəzərdə tutur. Yumoru zarafata, lətifəyə çevirmək, mesajı məsxərə ilə söyləmək qətiyyən yolverilməzdir, çünki belə yanaşma kökündən yanlışdır və əslində reklamın ruhuna yaddır. Düzgün yanaşma olmadıqda, basmaqəlib və şablonçuluq olan yerdə insan reklamdakı söylənilənlərə ürəkdən güləcək və elə oradaca da reklamda vurğulalan və müştəriyə mal və xidmətləri təklif olunan markanı unudacaqdır. Yumor müdrik olmalıdır, markanın xarakterini və obrazını gücləndirməlidir, müştərini güldürməli və düşündürməlidir. Mütəxəssislər tövsiyə edirlər ki, yumorlu reklamı kommunikasiya məcralarına yönəltməzdən öncə eksperimental səviyyədə sorğudan keçirmək faydalı olardı. Yumorun təsiri altında satışın artımını düşündüyünüz zaman yumordan istifadə edilməklə reklam olunan məhsulun doğru seçilməsi önəmlidir. Əgər Siz bahalı avtomobil və ya mənzil satırsınızsa bu zaman yumor işləməyəcəkdir. Bu məqamda önəmli olan cəhətlər vardır. Belə ki, reklamda bütün ciddiliyi ilə bahalı məhsulun fərdin həyat tərzinə tam uyğun olmasını ciddi kommunikasiya tonunda ön olana çəkilməsi vacibdir. Əks halda, həmin müştəri Sizə və məhsulunu za Siz istədiyiniz münasibəti göstərməyəcəkdir. 

Adətən ad ilə bağlı yumor çox geniş yayılır, amma marka adı adı bazara çıxanda ilkin alış üçün işləkdir və effekt verir, amma təkrar alış üçün təminat vermir. Bu mənada yumorun hədəf kütlənin jarqon, slenq və ünsiyyət tərzinə müdaxilə edəcək keyfiyyətə malok olması və ilk tələffüzdən popululyarlaşması çox vacibdir. Bir mühüm amili də nəzərə almaq lazımdır. Belə ki, heç də bütün xalqlar yumora eyni cür münasibət bəsləmirlər. Məsələn, ABŞ və İspaniyada birbaşa söylənilən yumor məqbul hesab olunur. İngiltərə, İsveçrə və Yaponiya kimi ölkələrdə isə zərif və intellektual yumor daha çox sevilir. 

Fransa və Almaniyada canlı və hərəkətli yumor daha doğmadır. Araşdırmalar göstərir ki, Amerikada ümumi çarxların payında yumorlu reklamlar 10-30 faiz təşkil edirlər. Bu əslində kifayət qədər ciddi münasibət tələb edən faiz nisbətidir. Bir tərəfdən, ölkənin ümumi durumunun daha sabit olmasından xəbər verir, digər tərəfdən isə yumora pozitiv münasibəti əks etdirir. Əslində üzdə təbəssümlə, pozitiv əhvali-ruhiyyə ilə kütləni istehlak mallarının və xidmətlərinin satışını etmək daha məntiqli görünür.

Əksər hallarda zarafata və yumora alkoqol, siqaret və şirniyyat satışında müraciət olunur. Bunlar impulsiv alınan kütləvi xarakterli məhsullardır və onlara bağlı yumor tərzi həmişə müsbət tendensiyaya malikdir.

İmpulsivlik, əvvəlcədən planlaşdırılmayan yumor olan yerdə müsbət emosiyaların baş qaldırması realdır və bu zaman zarafat çox yerinə düşərdi. Həm də müştəri tərəfindən yaradıcılıq fəndi kimi deyil, üinsiyyətin təbii komponenti kimi müsbət qəbul olunur.

Yeri gəlmişkən, yumorun rolunu düzgün dəyərləndirmək, ondan dozalaşdırılmış çərçivədə faydalanmaq, yumorun müsbət və mənfi cəhətlərini nəzərə almaq həmişə obyektiv nəticəyə dayanıqlı olardı. Belə ki, birincisi, dəqiq mövqeləndirməyə ciddi dəstək ola bilirdi. İkincisi, virus reklamı kimi çox işlək alət kimi faydalı olardı. Üçüncüsü, digər analoji markaların fonunda ciddi fərqlilik yarada bilərdi. Dördüncüsü, daha yüksək yaddaqalma motivasiyası ilə satışa dəstək olardı. Mənfi cəhətlərinə gəldikdə isə, əvvəlan, ciddiliyin aşağı olması etibarı zəiflədə və markanı öldürə bilər. İkincisi, məhsulun irəlilədilməsinə və aktiv fazada saxlanılmasına xərclərin məbləğini artıra bilərdi. Üçüncüsü, müştəri oxşar başqa məhsula keçə bilərdi və bu bütün hallarda istisna olunmalıdır. Yumor reklamda effektiv alət olmaqla bərabər məhsula ciddi fərdi yanaşmanı, eksperimentli sorğudan sonra bazara çıxışın təmin olunmasını önəmli faktora çevirir. Bu baxımdan yumora ciddi münasibət marketinqdə həmişə aktuallığını saxlayacaqdır və bir əlamətdar alət olaraq diqqət mərkəzinə olacaqdır.

© Facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264