PR

Animasiya və kreativ: Reklamda çeviklik... - Video
03 DEKABR
69

Animasiya və kreativ: Reklamda çeviklik... - Video

2018-12-03 11:42:00

Yaşlılar nağılı çox sevirlər. Nədən?

Hələ uşaqlıqdan qəlbin ən dərin guşələrində bəslənilən xülyalardır nağıllar...

Baş tutmayan, əl çatmayan, ün yetməyən və hələ də ümidlərin kəsilmədiyi, niyyətin yaşadığı bir perspektivin cazibəsidir nağıllar...

Sərt gerçəkliyin stress pəncəsindən bir anlığa da olsa qurtulmaq şansıdır və yayın səhra gəmisidir, pozitiv ovqatın sərin mehidir nağıllar…

Nağıllarda bosslar həyatdakı kimi güclü deyildir.

Onları boks armuduna da çevirmək olur nağıllarda…

Uşaqlar nağılı çox sevirlər. Nədən?

Nağıllar bütün qadağa çərçivələrini dağıdırlar. Fikrin sərbəstliyi, təxəyyülün səmalarda uçuşudur nağıllar sanki…

Orada əfsunlar var, güclü qəhrəmanlar köməyə zəiflərin gəlir, ən çətin məqamlarda belə çıxış yolunu tapırlar, şər qüvvələrə qalib gəlirlər.

Nağıllarda “etmə, olmaz, yemək vaxtıdır, yatmaq zamanı gəldi, dərsini oxu” kimi komandalar yoxdur.

Nağıllarla cizgilər, qrafika, rəssamlıq, illüstrasiya arasında qırılmaz bağlantı var, müdrikliyin sadə dilli zirvəsidir nağıl və animasiya…

Uşaqlar animasiyanı sevirlər. Çünki bu filmlərdə bütün yasaq olunanlar pozulur, qəhrəmanlar gerçəklikdə mümkün olmayan hərəkətlər edir, qaçır, uçur və qələbə qazanırlar.

Böyüklər də animasiyanı sevirlər. Çünki multiplikasiya filmlərində bütün şərtiliklər pozulur, insanın iç qəhrəmanlığı və xülyaları rəssam təxəyyülü ilə həyat keçmiş olur və daha gerçək təsir bağışlayır.

Animasiya pozitiv enerji qaynağıdır

Animasiyanı sevməyən həyatı sevmir, çünki sərtiliklərə meydan oxuyur, sərbəstliyə kökləyir, yaşdan asılı olmayaraq hər nəslin sevimlisidir və bu baxımdan multiplikasiya filmi qəhrəmanları tez dilə-dişə düşür, xüsusən uşaqlar arasında populyarlaşır. Hətta böyüklər, iş adamları, təlimçi və kouçlar, menecer və kreativçilər infoqrafik təqdimatlara ciddi əhəmiyyət verirlər. Onun əyani izah ediçiliyi daha effektivdir, bu tipli təqdimatlar irəli sürülüən fikir və ideyaları daha anlaşıqlı formatda auditoriyaya çatdırmağa imkan yaradır. İnfoqrafik çarxlar mal və xidmətlərin təşviqində yaşlılar arasında da ən effektiv inandırma resursu kimi istifadə olunur.

Animasiya uşaqlarla uşaq, böyüklərlə böyük kimi davranır

Bu gün reklamda aktyor oyunu ilə (xüsusi səhnə quruluşu verilməklə), animatik (çizgi qəhrəmanlarının iştirakı ilə) və kombinə olunmuş (aktyor oyunu və illustratorun iştirakı ilə) formatda çarxlar istehsal olunur. Animasiya nisbətən yeni resurs olsa da, reklamçılıqda ciddi vüsət almışdı.

Bunun sirri nədədir? Əvvəlan, animasiya müasir həyat tərzinə traformasiya üçün çox çevikdir, ikincisi, süjetin dramaturji dinamikasını daim yüksək tempdə saxlayır, üçüncüsü, diqqəti tez cəlb edir, dördüncüsü, tamaşaçını mahiyyəti anlamağa gərginliksiz dəvət edir və nəhayət, beşincisi, ekran qarşısındakı insan nəsihətlə deyil, süjetin orijinal təhkiyəsi və təsviri ilə baxıma motivə olunur.

Animasiya roliklərini özünəməxsusluğu ciddi resursa dayanıqlıdır. İlk növbədə, aktyor oyunu ilə mesajı vermək üçün daha çox zamana ehtiyac vardır. Amma animasiya bu problemi anında həll edir. İkincisi, qısa zaman kəsimində daha çox informasiyanı daha əyləncəli və göz yormayan tərzdə insana yetirmək olur. Müasir zamanda bunun nə qədər önəmli olduğunu ozünüz yaxşı bilirsiniz. Üçüncüsü, kreativ cəhətdən uğurlu animasiya zəruri videomesajin sona qədər dinləniləcəyinə və hətta təkrar baxılacağına təminat verir. Reklam işində bu cəhətin – mesajın tam anlaşılan olmasının və ideyanın doğru qavrayışına zəmin yaradılmasının nə qədər önəmli oduğu sirr deyildir.

Animasiya misilsiz alətdir və istənilən ideyanın daha kreativ təqdiminə inanılmaz imkanlar açır. Qrafikanın nəhayətsiz imkanları yaradıcı təxəyyülün üfüqlərinin genişləndirilməsinə və kreativ reklam çarxlarının ərsəyə gətirilməsinə, ideyanın ən gözlənilməz baxış bucaqlarından imporvizasiyasına dəstək verir. Aktyor oyunu və mizan səhnələrin quruluşunda ortaya çıxan çoxsaylı problemlərin kreativ həlli daha optimal yollarla araşdırılır və əksər hallarda bu yolda axtarışlar yaradıcılıq süzgəcindən keçirilməklə uğurla məntiqi yekunlaşır.

Reklamda saniyələr çox şeyi, bəlkə də, hər şeyi həll edir

Bu mənada, animasiya əvəzolunmaz kommunikasiya resursu kimi diqqəti cəlb edir. Onun müasir səviyyəli qrafik studiyada həyata keçirilməsi zaman baxımından şox sərfəlidir. Digər tərəfdən isə canlı insan resursu baxımından qənaətlidir. Çoxsaylı insanların və məkanların video çəkilişinin nə qədər büdcəli olduğunu hamımız yaxşı bilirik.

Animasiya çarxlarında xronometraj daha rahat idarə olunur. Montajda ortaya çıxan problemlər daha operativ həll edilir. Büdcə baxımından daha sərfəlidir. Qarşıya qoyulan vəzifələrə də nail olmaq baxımından tamformatlı videodan heç də geri qalmır. Bir çox sahələrdə isə hətta üstün cəhətləri vardır.

Animasiya hər yaş qrupu üçün keçərilidir, pozitivliyi yüksəkdir, hərəkətlidir, yaradıcı ideyanı, habelə reklam olunan mal və məhsul barədə zəruri bilikləri ildırım sürəti ilə istehlakçıya çatdıra bilir.

Animasiyanın inanılmaz dərəcədə çeşidli resursları vardır. Qrafikanın köməyi ilə təsvirlərdə inanılmaz plastik hərəkətlərə nail olmaq mümkündür. Burada zarafatdan, yumordan və satiradan daha tez-tez istifadə asandır. Kinayə və emosiyalara təsir, yazıqgəlmə və emosional həssaslıq, təəssüf və peşimançılıq, hala yanmaq, səmimi hisslər doğurmaq, problemi gülüşlə və istehza ilə həll etmək mümkündür.

Animasiya hər bir vəziyyətdən daha gözlənilməz həllər ilə çıxmağa da imkan verir.

Onun təbiətində bir həyatsevərlik və insanpərvərlik var. Gerçək pisliklə animatik pişik müqayisə edilərsə, illustratorun yaratdığı animatik pişikdə daha səmimi hisslər doğurmaq baxımından geniş yaradıcılıq ehtiyatları mövcuddur. Belə videoçarxlar tez yadda qalır, böyük-kiçiyə pozitiv hisslər aşılayır, nikbinlik gətirir, qavrayış üçün daha rahat “həzm” olunan materialdır.

Mən yaradıcılıq baxımından öz təcrübəmdə 2D formatına daha çox üstünlük vermişəm. Bu fikrimdə indi də qalıram. Çünki 3D gerçək parametrlərə daha yaxındır. Nağıl təəssüratından doğan emosiyaları sanki azaltmış olur və gerçəkliyə daha yaxın olur. Animasiyanın kommunikasiya məcraları baxımından da hansısa bir çərçivəsi yoxdur. Televiziya, internet, sinema, videoafişa, nəqliyyat və planşetlərdə göstərilməsi üçün məhdudiyyətlər yoxdur.

Animasiya bu gün də dəbdədir, sabah da dəbdə olacaq

Bəlkə də elə bu baxımdan animasiya bu gün dəbdədir, müasir trendə sahibdir və üstəlik də böyük gələcəyi vardır. Yaxşı animasiya çarxı hazırlamaq da tamformatlı video kimi çətindir və istedad tələb edir. Burada üç amilin bir arada olması zəruridir-gözəl ideya, bacarıqlı illustrator və qabiliyyətli animator. Əks halda, adi bir çarx ortaya çıxacaq və kommunikativ dəyəri də sıfır olacaqdır.

Animasiya sahəsində çalışanlar yaxşı bilirlər ki, burada istər müştəri və istərsə də yaradıcı qrupun şablonçuluğun təsirinə düşmə təhlükəsi vardır. Odur ki, animasiyada kreativ aparıcı faktor olduğu unudulmamalıdır. Əks halda, reklam olunan məhsul və xidmətin satış və imicinin yüksələcəyinə bel bağlamaq mənasızdır.

Mən o ekspetlərlə razıyam ki, animasiya özü-özlüyündə janr deyildir. Bu gün rəqəmsal texnologiyanın inkişaf tempi yeni texniki resurslar ortaya çıxarır və onların sayəsində ərsəyə gətirilən məhsulların maya dəyəri məqbul və sərfəli həddə çatan kimi, texniki dəstək üçün tayı-bərabəri olmayan resursa çevrilirlər ki, bu mənada animasiya da istisna deyildir.

Mütəxəssislər qeyd edirlər ki, son zamanlar reklamın ənənəvi kommunikasiya məcralarının bütün mümkün künc-bucağına və yeni kanallara nüfuz etməsi insanları qıcıqlandırır. Bu zaman animasiya həmin gərginliyi azaldır və daha səmimi təsir bağışlayır. Uşaqlıqdan hamımız multiplikasiya janrına rəğbət bəsləyirik. Animatik çarxlarda insanlar məhsul satışını deyil, obrazların səmimiliyini qəbul edirlər və onların reklam etdiyi malları şüuraltın səviyyədə müqavimətsiz qəbul edirlər.

Animasiya nə ucuzdur, nə baha…

İlk baxışdan animasiya ucuz görünə bilər və onun əsas üstünlüyü kimi düşünülə bilər. Amma əslində onun başlıca fərqliliyi-ssenarinin çərçivəsini daraltmamasında, istənilən kreativ süjet və həlləri gerçəkləşdirmək imkanına sahib olmasıdır. Amma animasiyanın elə bir üstünlüyü var ki, onu aktyor oyunu ilə ortaya çıxarmaq olmur. Məsələn,süjet üzrə dəvə, dinozavr və fil obrazına ehtiyac var. Təbii ki, müştəri və kreativ qrup anında bu maraqlı plandan imtina etməli olcaqdır.

Çünki büdcə baxımından sərfəli deyil. Animasiya bunun öhdəsindən rahat gələcəkdir. Üstəlik, texnologiya, elektronika, aviasiya və bank sahələrində animasiya daha arzuolunandır. Promoaksiyalar üçün animatik yaradıcılıq işləri mühüm kommunikativ həll resursudur.

Amma yeni avtomobil modelinin təqdimatında, kosmetika və geyim sahələrində animasiya bu effekti verə bilməyəcəkdir. Odur ki, aktyor oyunu və ya animatik həll, habelə 2D və ya 3D formatlarının seçilməsi büdcəyə və məhsula bağlıdır.

Reklamın bir dəyişməz missiyası var. Mesajlar və ideyalar hədəf kütləyə təhrif olunmadan, səmim hisslər oyadaraq çatdırılsın, insan bu və ya digər reklam çarxında məhz onun istədiklərinin səsləndrildiyini duysun və bu mesajın məhz ona ünvanlandığını hiss etsin.

Mənim zənnimcə, animasiyaya tələb getdikcə daha da artacaqdır. Digər tərəfdən, ən vacib trend ondan ibarət olacaq ki, animatik video məhsulların yaradıcılıq baxımından daha yüksək səviyyədə olması ön plana keçəcəkdir.

Çünki saysız-hesabsız cizgi filmləri və çarxları arasında itib-batmamağın yeganə düzgün yolu yaradıcılıq üfüqlərinin genişləndirilməsidir.

Gələn görüşümüzdə məşhur film, teatr, nağıl obrazlarının, habelə maskotlardan reklamda istifadənin zəruriliyindən bəhs etməyi düşünürük.

Teymur Məmmədov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256