PR

Reklamda idmançı obrazı və kreativ- Video
20 NOYABR
129

Reklamda idmançı obrazı və kreativ- Video

2018-11-20 12:33:00

Marketinq kommunikasiyaları nə qədər çox və rəngarəng olsalar da, nə qədər yeni çeşidlərlə genişlik qazansalar da, yenə azdır desəm, yanılmaram. Çünki marketinq ən mütəhərrik və çevik resurslardandır.

Marketinq kommunikasiyaları öz elastikliyi ilə seçilən biznes orqanizminə təravət və hərəkətlilik gətirməklə bu sahəni daim ayaqda saxlayır. Digər tərəfdən, marketinq kommunikasiyaları satış sisteminə dəstək baxımından yaradıcı nəfəsə həmişə ciddi ehtiyac duyan sahədir. 

Yeni marketinq erasında, başqa sözlə, müştəri məmnunluğunun tam dominantlığı şəraitində marketinq kommunikasiyaları səmimilik və loyallıq naminə bütün mümkün vasitələrdən effektiv istifadə etmədən inkişafa təkan verə bilməyəcəklər.

Bu baxımdan müktəlif obrazların marketinq kommunikasiyasına cəlb olunması, məcralardan asılı olaraq müxtəlif məşhur insanların üstünlüklərindən bəhrələnmənin zəruriliyi, idmançı obrazlarının da reklamda istifadəsinin xüsusi əhəmiyyət kəsb etdiyini ön plana çəkir.

İnsan cəmiyyəti təkamüldən bəri böyük problemlərə qarşı birləşməyə-mərkəzə qaçmaya meylldir. Lokal problemlərin həllində isə dəstələşmə, tayfalaşma, qəbilə tərzi, sektalaşma, fanat olmaq, tərəfdaşlanma və sairə formalarda səfərbərlik aktual olmağa başlayır.

Əslində məhsul və xidmətə bağlılıq, ona pərəstiş kimidir, onunla qürur duyan müştəri seçdiyi və sevdiyi məhsulu istehlak təyinatından üstə daşıyır, çox yüksək dəyər pilləsinə qaldırır.

Məhsulun fanatları, tərəfdaşları və dəstəkçiləri onun populyarlığı üçün çox ciddi rol oynayırlar və bu mənada idmançılar xüsusi kateqoriya olaraq seçilirlər.

İdmançının uğurunda bir toplumun gözləntiləri cəmlənir və burada idman və sosium arasında bir vətənpərvərlik önə çıxır. Vətən, bayraq və himn prizmasından idmanda qələbə sosial birləşdirici amildir.

Bu mənada idmançının yemək içmək, geyinmək, davranış və maneraları insanlarda bir lider, güc və öncüllük istəyini maddiləşdirir. Digər tərəfdən, müasir idmanda uğur və uğursuzluq arasında məsafə çox qısadır və dünənki qalib bu gün məğlub vəziyyətə düşə bilir.

Odur ki, qəhrəmanların yeri boş qalmır və yeni idmançı obrazı önə çıxır.

Onda nə etməli? Reklamda idmançı obrazından istifadədən boyun qaçırmaq məsləhətdirmi?

Yox! Yox! Yox!

Sadəcə olaraq, burada bir mühüm faktora diqqət yetirməyimiz vacibdir. Belə ki, hələ yüksək nəticələr qazanan insan bir ümumiləşdirici obraz olaraq satışı motivə edə bilməz. O, imicə qismən təravət gətirə bilər. Çünki idmançının qələbəsi keçici eyforiyadır və problemin tam həlli deyil.

Bu idmançının medallı olması çox önəmlidir, amma o hər şey demək deyil, bir brend insan olaraq, populyar olmalı və öz həyat tərzi ilə insanların güvənini qazana bilməlidir.

Belə olduğu zaman idman nailiyyətləri ona ciddi dəstək verir və idman nəticələri zəifləyəndə özü bir brend insan olaraq statusunu qoruyub saxlayır və populyar olmaqda davam edir.

Bu zaman ona olan güvən məhsula da müsbət təsir göstərir. Məsələn, futbolda öz stili ilə seçilən Devid Bekhem sonra stilist olaraq həyat və idmanda məşhur olmağa davam edir. Bu gün də hər kəs Bekhemi sabiq futbol ulduzu kimi dəyərləndirir, amma özü müasir həyat tərzində moderndir, aktiv trenddədir və sabiq idmançı kimi deyil, fəaliyyətdə olan ulduz və insan-brend kimi sevilir və dəstəklənir. Messi, Şarapova, Ronaldo və s. barədə də onu söyləmək olar.

Bizdə də idmançı obrazlarından reklamda istifadə olunmuşdur. Bu yaxşı haldır və hərtərəfli dəstəklənməlidir. Həm sağlam həyat tərzi, həm də daha müasir istehlakçı kimi...

Amma burada bir cəhətə diqqəti xüsusi olaraq cəlb etmək istərdim. Reklamda istifadə öncəsi və ya istifadədən sonrakı mərhələlərdə idmançının sosial tanıtımına xüsusi əhəmiyyət verilməlidir.

İdmançının öz sahəsində qazandığı nailiyyət Sizə faydalı ola bilməz. Bu ona aid olan və onun özünün gəldiyi nəticə və qələbədir.

Qadın idmançının güləşdə qələbəsinin kosmetika sahəsində aktiv istifadəçi olan zövqlü və zərif qadınların sevimli obrazına çevriləcəyinə inanmağım gəlmir.

Amma ağırlıq qaldırmada belə yüksək nəticəyə sahib olan qadının bir sosial aktiv və brend insan ola bilməsi, onun bu və ya digər markaya bağlantısını dəstək verə bilər və məhsula bəslənilən loyallıq tellərini geniş kütləsi hesabına daha da gücləndirər.

İdmançılar həmişə insanlar üçün qibtə, oxşama və pərəstişarlıq, cazibə mənbəyi olmuş və olacaqdır. Qaliblər həmişə sevilir, trendin önündə getməyə məhkumdur, çünki fərqlidir, güclüdür, özünü sübut etmişdir. Dəstəkçiləri çoxdur.

Amma bir idmançı kimi sevilir, yamsılanır. Həyat tərzi, marka sifəti olmaq üçün onun brend insan olması önəmlidir, əks halda, ya məhsul onu üstələyəcək, ya da onun reklamdakı rolu məhsula çox ciddi ziyan vuracaqdır.

Bunu aktyorlara və ictimai şəxslərə aid etmirəm. Çünki onların yüksək səviyyəli və davamlı PR-ı var, onlar “skandaldan qaçmırlar”, əksinə bunda özləri də müəyyən dərəcədə maraqlı olurlar.

İdmançıların reklama gəlişi çox böyük uğur gətirə bilər. Bundan ötrü idmançının fanatlar çərçivəsindən kənarda da populyarlığı üstün olmalıdır.

Əslində idmançı tez populyar olduğu kimi, tez de populyarlığını itirə bilir, idmanın özünün aktiv qələbəli dövrü də uzun olmur. Zədələr, fiziki fəsadlar, hakim səhvləri, ani ulduz xəstəliyi idmançıları tez-tez sınağa çəkir və bu mərhələdən az adam uğurla keçə bilir.

Məhəmməd Əli ilk qələbəsini qazananda çox susuzlamışdı, amma ona bir qab su verən tapılmadı. Dərisi qara idi. Ətrafı isə ağlardan ibarət idi. Çünki o illərdə qara idmançının bu sahədə bu qədər yüksək triumfu cəmiyyət tərəfindən şillə kimi qarşılanmışdı.

Sonrakı dövrdə bir insan, şəxsiyyət və uzaqgörən siyasi düşüncəli antirasist fərd kimi o, özünü təsdiq etdi və çox sevilən bir insan kimi nüfuz qazana bildi. Qaradərili idmançılara münasibətin dəyişilməsində ölçüyəgəlməz dərəcədə böyük rol oynadı.

Belə geniş tutuma və dəyərə sahib olan, populyar insanın mal və xidmət üçün üz olması onun bir sadə idmançı olmaqdan çıxarır və idmançını aktiv həyat tərzli ilə bərabər bir sosial tipə çevirir, ona hər kəsi nəyəsə motivə edəcək şəxsiyyət kimi dəyər qazandırır. İdmançılar xeyriyyəçiliyi belə öz həyat və fəaliyyətlərində önə çəkə bilirlər.

İdmançıların reklama cəlb olunması üç şərti ön plana çəkir.

Birincisi, idmançının mükəmməl sosial portreti də olmalıdır ki, onun ümumiləşdirilən obraza çevrilməsi fanatlarının çərçivəsi ilə məhdudlaşmasın.

İkincisi, idmançının obrazı davamlı olaraq sosial məkanda öz satusundan aşağı enməməlidir, PR təbliğatı ilə onun adının gündəlikdə olması fasiləsiz təmin olunmalıdır.

Üçüncüsü, idman nəticələrində geriləmələri onun reklam obrazını kiçiltməməlidir və məhsul ilə o idmançı arasında bağlantı qarşılıqlı olaraq yaradıcılıq baxımından dəstəklənməli və zənginləşdirilməlidir. Bu sahədə bir aktlı pyes diqqəti cəlb etməyəcəkdir və gözləntiləri doğrulmayacaqdır.

Teymur Məmmədov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256