PR

Reklamda jinql-düşündüyünüzdən də faydalı...
12 NOYABR
157

Reklamda jinql-düşündüyünüzdən də faydalı...

2018-11-12 11:14:00

Mənə elə gəlir ki, hər sahədə, xüsusilə, reklamda ikinci dərəcəli detallar olsa da, ikinci dərəcəli məsələlər yoxdur. Elə həyatda olduğu kimi.Ya vacib məsələlər var, ya da heç nə yoxdur. Sadəcə mif var.

Mif ilə mal və xidmət satılmır. Mif ilə də həyat yaşanmır. Mif ilə uğur qazanılmır. İşlək mexanizmlər reallığa və yaradıcılığa dayanıqlıdır.

 

Reklamda işlək və effektiv vasitələrdən biri də JİNQL-dır. Əslində onun nə olduğunu qısa ifadə etsək, marka və firmanın səsli loqosudur, – deyə xarakterizə etməliyik.

Bu yanaşma daha düzgün olardı. Bəzən ona reklam himni də deyirlər və özünü musiqili reklam bəndi şəklində təzahür etdirir. Hətta ona musiqili «leybl» deyənlər də var.

Terminoloji baxımdan jinql necə adlandırılmasından asılı olmayaraq, əslində bəlli bir marka və ya şirkət barəsində hansısa çox vacib mesajın musiqili və müəyyən ritmik tempdə səsləndirilməsindən ibarətdir.

O, mahnı deyil, çünki nisbətən qısadır, dramaturgiyası isə mal və ya məhsulun tərifi üzərində qurulur. Bu baxımdan ona bəzən reklam himni də deyirlər. Jinqldan reklam çarxlarının musiqi dəstəyi kimi də istifadə olunur.

Reklam tarixində audio formatlarda yaradıcılıq baxımından diqqəti cəlb edən, brandinq tarixində dərin izlər buraxan və insanlar arasında populyar olan müxtəlif səsli loqolar yaradılmışdır.

Jinql, başqa sözlə, səsli loqo ötən əsrin əvvəllərində markalaşmada ciddi rol oynamışdır ki, bu da o zaman kommunikasiya vasitəsi kimi hələ televiziyanın olmaması ilə izah olunur.

Təbi ki, televiziya bir kommunikasiya məcrası olaraq çox möhtəşəm tarixi missiyaya sahibdir və onun rolu hələ uzun zaman öz əhəmiyyətini saxlayacaqdır.

Düşünürəm ki, yaxın illərdə mobil formatda daşınan və bükülən transportabelli televizorların bazara çıxarılacağı zaman bu dörbucaqlının reanimasiyası sayəsində reklam bazarı ciddi yenilənməyə məruz qalacaqdır.

Böyük ekranın cazibəsini hələ ki, qadağan edən olmayıb və bəzən əsassız olaraq, ekspertlər insanlara arzu etdiklərini son instansiyada həqiqət kimi qələmə verməkdən çəkinmirlər. Televiziyanın dəfnində soyuqlamağa tələsməyin. Rəqəmsallaşma əslində böyük ekranın qarşısında daha böyük imkanlar açır.

“Azercell” üçün iki jinql işlənməsində sözlərin müəllifi kimi iştirak etmişəm. Hər ikisinin reklam çarxının və radiospotunun emosional və informativ zəminində bu jinqllər dururdu. Birində söhbət uduş kampaniyasından gedirdi:

Alim, məktəbli,

Fəhlə və kəndli,

Müəllim, həkim,

Söylə daha kim?

Biz bir elliyik, “Azercell”iyik,

Hamı danışır, hamı qazanır...

İkinci jinql imic xarakterli olduğundan informaytiv deyil, daha emosional idi. O zaman “Azercel-lə yaşa, Daha yaxşı yaşa” strategiyası önə çəkilirdi. Sözlər də bu istəyin daha ekspressiv səslənmisinə, mobil operatorun daha səmimi arzularına və dah xoş istəyinə dəstək məqsədi daşıyırdı.

Bizdə, bunu dərin təəssüflə qeyd edirəm, jinql janrının imkanlarından az istifadə olunur. Orijinal jinql yazılması kütləvi hal almayıb. Məşhur mahnılara və xalqdan gələn ritmlərə söz yazaraq məşhurluğun istismarından faydalanmağa can atılır.

Mən burada həmin mövzuda diskussiya açmaq niyyətində deyiləm. Bu sətirləri yazmaqda da mənim məqsədim jinql janrından daha məhsuldar və orijinal yaradıcılıq məhsulları kimi faydalanmağı məsləhət görməkdir.

Jinql qısa, səmimi və sadə olduqda, tez yadda qalır və hər kəs onu özününkü kimi qəbul edir ki, bu da məhsulun populyarlığına ciddi təkan verə bilir. Əslində musiqi insanın mesajlarını daha anlaşıqlı və emosianal edir. Bu mənada jinql sadəliyi və dinləyici üçün qavrayış komfortu ilə seçilir.

Əgər jinql üçün tərif versəydik, məncə, belə demək olardı: mühüm və zəruri mesajın ən qısa və yaddaqalan emosional və ritmik ifada təqdimi...

Jinql sevməyən marketoloqlara və sahibkarlara, musiqiyə o qədər də önəm verməyən iş adamlarına bir məsləhətim var. Sizin məhsulu bir marka olaraq satış nöqtələrində, loqo olaraq qablaşdırmada, açıq hava olaraq çöl reklamlarında tanıya bilərlər.

Amma efirdə tanınmaq, elə ilk akkordlardan başlayaraq Sizin səsli loqonuzu tanıtdırmaq, lizenziyalı və bəzən də lisenziyasız, müqaviləsiz stok materiallarından istifadədə narahatlıq keçirmək istəmirsinizsə (Stok materialları birtipli və konveyerdən çıxmış təsiri bağışlayır. Digər tərəfdən, Sizin kompozisiyanız olaraq qəbul olunmur), elə indidən özünüzün orijinal jinql kompozisiyanızı yazdırın.

Sonra onun xronometraj olaraq fərqli versiyalarıni istəyin. Onda illərlə bu jinql Sizin işinizə yarayacaq və hər səslənmədə hədəf kütlənizə daha yaxından bağlanacaqsınız. Üstəlik də maliyyə vəsaitlərinə qənaət etmiş olarsınız.

Jinql yaradıcılığının təşəkkülü 1926-cı ilə təsadüf edir və ABŞ-da Milad bayramı ərəfəsində “General Mills” buğda lopalarına həsr olumuşdu. “Wheaties Quartet” qrupu tərəfindən ifa olunan kapellada söhbət, hətta uşaqları da yeyə biləcəyi “Wheaties”dən, dünyada ən yaxşı səhər yeməyindən gedirdi.

Mütəxəssilərin fikrincə, bu tarixdə ilk jinql nümunəsidir. Təsəvvür edirsinizmi, bu kompozisiyanın 92 yaşı var!!! O vaxtdan indiyə minlərlə jinql yazılmış, araalarında uğurlusu və uğursuzu olsa belə, təcrübə bu kommunikasiya resursunun faydalı və effektiv olduğunu sübut etmişdir.

Bu mövzuya yekun vuraraq, onu söyləmək istərdim ki, məhz böhranlı illərdə, reklam büdcəsinin ixtisara salındığı dövrlərdə, radio reklamlarının nisbətən ucuz olduğu vaxtlarda jinql əvəzolunmaz və müqayisəyəgəlməz dərəcədə işlək resursdur.

Məncə, bu düşüncəmdə, mən yalnız deyiləm.

Növbəti söhbətimiz reklamda idmançı obrazından istifadə barəsində olacaqdır. Yeni görüşlərədək...

©facemark

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256