PR

Doğru hədəf kütləsini seçdiyinizə əminsinizmi?
10 OKTYABR
115

Doğru hədəf kütləsini seçdiyinizə əminsinizmi?

2018-10-10 11:06:00

Əgər hədəf kütlənizi dəyişdirəcək ağıllı bir üsul, taktika tapsanız gəlirləriniz  artacaq.

Fəaliyyətinizi, yalnız mövcud hədəf kütlənizə, sizin məhsullarınızı müştərisi olaraq düşündüyünüz kütləyə yönəlik işlərlə məhdudlaşdırsanız, biznesinizin böyüməsi də məhdudlaşacaq. Əgər hədəf kütlənizi dəyişdirəcək ağıllı bir üsul, taktika tapsanız gəlirləriniz  artacaq. Yəni, “futbolu yalnız kişilər seyr edir” və ya “yemək bişirmək qadın işidir” deyə düşünərək yaradılan strategiyalar dayaz bir düşüncənin məhsuludur. Fikrimizi dəqiqləşdirmək üçün, aşağıdakılara diqqət yetirək:

“Analar günü”, yalnız şəxslər deyil, eyni zamanda bir çox təşkilat üçün də, marketinq taktikalarının dəyişməsi, kampaniyalar hazırlanması baxımından mühüm bir gündür. Bir həftə əvvəlcədən, bir çox reklam rolikində, e-maillərdə “Analar Günü” ilə əlaqədar kampaniyalara rast gələ bilərsiniz. Baxaq, görək yaponlar nə ediblər?

“Analar günü” münasibəti ilə, Yaponiyanın Tokio şəhərində bütün metro stansiyaları şokolad və çiçək posterleri ilə doldurulmuşdu. Məsələnin maraqlı tərəfi isə, metrodakı monitorlarda yayımlanan reklamlarda “Ananıza Nintendonun video-oyun sistemini alın” şəklində reklamlar verilməsi idi.

2004-cü ildə bazara təqdim olunan, “touch screen” (toxunmaqla idarə edilən) ekranlı Nintendo DS Yaponiyada 16 milyon ədəd satıldı və məhsulların böyük hissəsinin qadınlara satıldığı müəyyən edildi. Buna görə də,  indi video-oyun istehsalçıları gənc qızları və qadınları hədəfləyərək onların maraqlarını əhatə edən oyunlar hazırlamağa başlayıblar.

Marketinq tədqiqatları zamanı müəyyən edildi ki, adamların çoxu metro ilə gedərkən oyun oynamağı bəyənir, hətta bunun çox maraqlı olmasını və dəbdə olduğunu düşünənlər də çoxdur.

Yaponiyanın ən məşhur ticarət şəbəkələrindən biri olan Tsutaya,  "Gənc Qızların Stili" adlı bir köşk yaradaraq, qadın müştərilərin marağını cəlb etməyə və onları potensial alıcılar halına gətirməyə çalışırlar. Bəzi qadın jurnallarında “Nintendoq” , yəni virtual bir ev heyvanı bəsləmək kimi evdar qadınlara yönəlmiş oyun reklamları verilir.

Nə etmək lazımdır? 

İndiyə qədər sizin məhsullarınızın kimlər tərəfindən alındığını araşdırın. Ehtimal ki, alıcılarınız sizin bu günə qədər hədəflədiyiniz kütlədir.

İndi isə, “mənim məhsulumu alma ehtimalı bir az da olsun var”, deyə düşündüyünüz bir qrupa köklənin. Hər baxımdan reklam, təqdimat, şirkət daxili tənzimləmə daxil olmaqla, o kütlə ilə məhsulunuzu barışdıracaq, bir-birləri üçün imtina edilməz bir şeylər xəyal edin. Əslində, dəyişdirə biləcəyiniz bir çox şey olduğunu görəcəksiniz. “Digər rayonda necə məhsul sata bilərəm? Ölkə xaricinə necə sata bilərəm? Gecələr sata bilərəmmi? Şirkət avtomobillərini gecələr boş dayanması əvəzinə, başqalarına kirayəyə verə bilərəmmi?” - kimi bir çox fərqli fikrə gələ bilərsiniz.

Nintendonun ən böyük rəqibi Playstation isə, “qatara gecikmiş” vəziyyətdədir. O, az qala hamısı kişilər tərəfindən istehlak edilən bir məhsul imicinə sahibdir. Onların da, fərqli bir çıxış yolu tapmalarının zamanı artıq gəlib.

Hədəfinizi dəyişdirmək və ya hədəfinizə alternativ yollarla çatmaq imkanlarınızı bir daha araşdırsanız yaxşı olardı.

Babək Bayramov

NLP Master Trainer

Biznes Trainer

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259