PR

Məndən PR mütəxəssis çıxarmı?
08 OKTYABR
108

Məndən PR mütəxəssis çıxarmı?

2018-10-08 14:45:00

Siz əgər gələcəkdə PR sahəsində işləmək və ya indi bu sahədə çalışıb peşəkar olmaq olmaq istəyirsinizsə bu yazıdan buyurub faydalana bilərsiniz:

1) Yazmaq və ya hekayə qurmaq bacarığı – Əgər siz hər hansı bir xəbəri hamının yazdığı kimi yazacaqsınızsa və sadəcə kim, nə, harada, nə zaman və nə üçün suallarına cavab vermək prinsipi ilə ortaya çıxaracaqsınızsa, bu sizə elə böyük uğur gətirməyəcək. İstər məqalə, istər məktub, istər e-mail üçün mətn olsun fərq etməz, siz onu maraqlı etməyi bacarmalısınız. Başlıq cəlbedici olmalıdır. Əgər siz hansısa brend üçün yazacaqsınızsa, onun dəyərlərini və prinsiplərini mətnaltı effektlərlə oxuyana çatdırmağı bacarmalısınız. Yazmağı vərdiş halına gətirmək üçün elə bloq yazmaq da yaxşı üsuldur. Yaxud da, ən azından siz Facebook-da 6-7 cümləlik hansısa maraqlı faktları status kimi da paylaşıb insanların sizin yazmaq qabiliyyətinizə olan marağını da izləyə bilərsiniz. Yaza, hekayə qura bilsəniz sonradan sizə onu real həyatda da təqdim etmək rahat olacaq.

2) Fərqli bucaqla hadisələrə baxmaq bacarığı – PR-ın sehirli qüvvələrini media, şirkətlər, brendlər çox gözəl istifadə edirlər. Necə ki, tez-tez gündəm dəyişir, kimsə el qəhrəmanı, kimsə öləndən sonra gülüş obyekti olur, bunlar hamısı PR-ın sayəsində baş verir. PR sahəsində çalışan adamı zərgər kimi qəbul etsək, bu insan hər hansı bir üzüyə, sırğaya baxarkən onun necə hazırlanmasını, neçə qram qızıldan, eləcə də başqa daş-qaşlardan hansı səviyyədə istifadə edildiyini bilməlidir. Yəni işin texniki və həyata keçirilməsi tərəflərini və konsepsiyanı başa düşməlidir. Siz də özünüzə PR mütəxəssis demək istəyirsinizsə, gündəmdə olan hadisələrin və ya hansısa ümumi problemlərin fərqli tərəflərini görməyi bacarmalısınız. Əgər hadisələri adi insanların gördüyü kimi görür və dərhal özünüzdən çıxır, əsəbləşib narahat olursunuzsa PR sahəsində işiniz çətin olacaq.

3) İnsanların içərisində olmaq – Vacib deyil ki, bütün günü metro ilə gedəsiniz, hər gün restoranda yemək yeyəsiniz, bazarda, marketdə olasınız. Zaman-zaman, xüsusən də insan öz maddi ehtiyaclarını ödədikcə ictimai yerlərdən qaçır. Əslində insanların içərisində olmaq deyərkən də birbaşa ictimai yerlərdə olmağı nəzərdə tutmuruq. Əsas mesajımız odur ki, hər bir səviyyədə olan insanları duyasınız. Bu çox çətindir. Yəni adi başa düşdüyümüz mən səni çox gözəl başa düşürəm məsələsi deyil. Əgər siz ətraf mühitə azdan-çoxdan ziyan vuran hansısa bir zavodda çalışırsınızsa və onun PR işlərini həyata keçirirsinizsə zavodun yerləşdiyi ərazidə yaşayan insanlara kağız çantada bloknot və qələm paylamaq PR deyil. Yaxud da televizorda çıxıb bizim ətraf mühitə heç bir ziyanımız dəymir deməklə iş bitmir. Özünüzü həmin ərazinin bir sakini kimi hiss edin, hansı ki, gecələr iydən yata bilmir və ya zavodun ətrafa buraxdığı maddələrin təsirindən xəstələnmiş yaxınını itirib, yaxud da axşam 10-da evə gəlir və televizora baxmır. Qısası özünüzü çox çəkməyək, biraz aşağı düşək!

4) Xəbərləri, daha doğrusu trendləri izləmək – PR sahəsində çalışan insan tək çalışdığı sahə üzrə deyil, yaxud da indi dəbdə  olan texnoloji trendləri deyil, bütün sahələr aid xəbərləri izləsə bundan sadəcə qabağa düşər. Vacib deyil ki, günün 1-2 saatını xəbər oxuyasınız. Yaxşı olar ki, özünüzə müxtəlif xəbər saytlarını mənbə kimi müəyyənləşdirin. Bu hansısa Facebook profilləri də ola bilər. Günün müəyyən hissəsində siz bu resurslara daxil olub dünyada və Azərbaycanda nə baş verdiyini ümumi öyrənə bilərsən. Həftəlik və aylıq bülletenlər bizdə az yayılsa da, onları da izləmək faydalıdır. Çünki siz hansısa bir yeniliyi, trendi ümumi kontekstdə izləyə bilirsiniz. Əgər neftin və ya dolların qalxıb düşməsini sadəcə hər gün girib Bloomberg saytında izləyirsinizsə, bu sizə elə də böyük fayda verməyəcək. Çalışın təhlilləri də izləyəsiniz. Bir misal kimi göstərəyəcəm. Mən təhsil ilə bağlı ildə bir neçə dəfə Britaniya təhsil müəssisələri üçün təqdimatlar keçirirəm. Ona görə də Təhsil Nazirliyinin saytında xəbərlərə abunə olmuşam və onlardan mənə maraqlı olan xəbərləri açıb oxuyuram. Amma sahəm təhsil ilə bağlıdır deyə, sadəcə təhsil xəbərləri ilə işimi bitmiş saymıram. Lazım olanda hətta Banu Muradın şəkillərinin altında yazılan şərhlərə də açıb baxıram, sensansion xəbərlər yazan saytlardan da ölkədəki ‘biznes’ mühiti haqqında oxuyuram ki, cəmiyyəti daha yaxından başa düşüm.

5) Biznesi başa düşmək – Bizdə jurnalistlərin PR sahəsində çalışması geniş yayılıb. Yəni əslində yaxşı yazmaq bacarığı və ya media ilə yaxşı əlaqələrin olması PR üçün çox vacibdir. Amma bu sadəcə işin yarısıdır. PR həm marketinqin, həm də üumilikdə biznesin əsas aparıcı qüvvəsidir. Hətta elə biznes sahələri var ki, onun məhsulu və xidmətinə görə PR ölüm-dirim səviyyəsində vacib rol oynayır. Əgər siz ağlınıza gələni tez-tələsik PR adı ilə mediaya ötürürsünüzsə və bu məlumat təhlil edilmirsə 2-3 gün sonra şirkətin başqa prioriteti və ya problemi çıxırsa bu sadəcə sizin brend haqqında mənfi fikir formalaşdıracaq. PR mütəxəssin işi zatən sadəcə hər xəbəri dərhal mediaya çıxartmaq da deyil. Yaxud da bu gün ölkədə idman dəbdədirsə istənilən idman tədbirinə sponsor olaq prinsipi ilə işləmək düzgün deyil. Bu sahədə çalışan hər şeydən öncə marketinqi bilməlidir ki, hər hansı bir addımı atmamışdan öncə biznes prespektivində 2-3 addım sonranı görə bilsin.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259