PR

Yelləncək və kreativ
11 SENTYABR
249

Yelləncək və kreativ

2018-09-11 12:52:00

Bu gün marketinq fərqli bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən tarixi boyu fərqli trendlərə imza atan bu mühüm fəaliyyət sahəsi fərqli zaman kəsimlərindən fərqli özəlliklərlə keçib getmişdir.

Bu gün tarixə qısa ekskursiya etsək, görərik ki, keçilən yolun mərhələləri ciddi sınaqlara məruz qalmışdır. Önəmlisi isə budur ki, marketinq axtarış və müqayisəsiz, ciddi fərqlər və fərqliliklər yaratmadan irəliləyə bilməz. Axtarış olan yerdə isə yaradıcılıq var. Yardıcılıq yeganə cəhətdir ki, marketinqin bütün inkişaf magistralında onun ayrılmaz çığırdaşıdır.

 Bu sətirlərin yazılmasının özəlliyi isə ondadır ki, müasir dövrdə start götürən yeni marketinq kreativsiz keçinə bilməyəcək, əksinə, onun missiyasını daha da gücləndirməli və rolunu yüksəltməli olacaqdır.

Texnologiya bütün texniki, analitik, funksional, bazarın statistkasına dair məlumatları sistemləşdirən proqram və platformalara daha yaxından yiyələndikcə brandin yaradıcılıq prizmasından təqdimatına tələb geniş miqyasda artacaqdır.

Bu zaman əlbir çalışan, eqoizmi deyil, şəxsi təkəbbürü yox, əməkdaşlığı fəaliyyətin məhək daşına çevirən, marketinq strategiyasını düzgün quran, kreatorlarla doğru ünsiyyət yaradan və texniki tapşırıqlarını anlaşılan brif dilində ifadə etməyi bacaran sifarişçilər öndə olacaqlar. Dəbli və nüfuzlu firma qalstuklu menecerlər ordusu bizim sahəmizdə, yəni reklamın kreativində-yelləncək kimi yellənməkdən ayrı bir zövq alırlar. Əslində elə bu növ zövq işidir.

Əsl komediyadır. Müştəridən brif gəlir (gəlməlidir əslində, amma gəlməyə də bilir).

Müştəri və Bizim Müştəri Təmsilçimiz agentliyə gəlirlər (bu, xüsusi təntənəli qəbuldur).

Təqdimat. Terminlər. Təlimlərdən xatirələr və tam unudulmuş təlimlər…

Sonra bir analitika başlayır ki, gəl görəsən. Bu analitikanın başlıca rolu statistika deyil, məhsulun və ya xidmətin bazara həcmi də deyil…Əslində məqsəd menecerlərin statusudur və məlumatlılıq yaratmaq istəyidir.

Məqsədim menecerlərin klassifikasiyası deyildir. Hər kəsin öz seçimi var. Buna da hörmət olunmalıdır. Mənim məqsədim isə doğru-düzgün brif almaqdır. Gözəl anlayıram ki, mənim xilaskarım yalnız dolğun və peşəkar tərəfindən yazılan texniki tapşırıqdır.

Əks halda, mənim işim sifarişçi menecerlə bizim menecerin yelləncəkdə yellənməsinə tamaşa etməkdən ibarət olacaqdır.

Menecerlər, marketoloqlar! Əvvəl kreativə, sonra özünüzə və vaxtınıza yazığınız gəlsin. Sol əllə sağ qulağı qaşımağın zamanı keçmişdir. Sağ əllə sol qulağı qaşımağın da…Məndə hərdən elə təsəvvür yaranır ki, bunlar ya tam bilərəkdən edilir, ya da tam bilməyərəkdən. Amma bu yanaşmanın məntiqi olmasa da, yəqin motivi və ya məntiqi var.

Sanki motiv kreativi maksimum dərəcədə mətləbdən azdırmaq və ya yayındırmaqdır.

Mən analitikaya hörmət edirəm və özüm bir layihə hazırlayanda ən azı 10-15 gün yalnız oxuyur və təhlil edirəm. Məqsəd oradakı məlumatları əsas götürüb strategiya qurmaq deyil. Və mənim kreativə tam fərqli yanaşma tərzim var. Bundan ötrü başqalarının “şparqalka”sına da ehtiyacım yoxdur. Amma analitika xatirinə analitika mənlik deyil. Mən istəyirəm ki, söylənilsin ki, nə qədər vaxta nə qədər mal satılmalıdır və bundan ötrü yetərli bir kreativ ortaya çıxara bilərikmi…Əks halda, heç bir analitika nə mənə, nə də Sizə kömək etməyəcəkdirElə düşünməyin ki, kreativ mükəmməldir. Yox, Yox, Yox!!! Kreativin də öz problemləri var. Həmkarlara deyəndə ki, Sizin misssiyanız müsabiqə qalibi olmaq deyil, məhsul və xidmət satdırmaqdır, təəccüblənirlər. Bizim əsas missiyamız satış həcminin artırılmasıdır və bundan mükəmməl mükafat təsəvvür edə bilmirəm. Kreativ, ilk növbədə, intellektə dayanıqlıdır. İntellekt isə uzun illər boyu formalaşan qırılmaz prosesdir. Yaradıcı insan həmişə oxumalı və öyrənməlidir. Əslində yaradıcı insan-rəssam, heykəltaraş, şair, dizayner, ssenarist-ömrü boyu bir əsər işləyir və sadəcə yaşından və intellektindən asılı olaraq, hər dəfə yazdıqlarını yeni bilik və reallıqlar müstəvisində yenidən təqdim edir. Süjet və obrazlar fərqli ola bilər. Amma mahiyyət eyni olur. Dəsti-xətt tanınır.

Yaradıcı adam başını sağa və sola çevirə-çevirə menecer yelləncəyinə baxmaq istəmirsə, elə yeni və innovativ arqumentə sahib olmalıdır ki, müştəri mal və xidmətinin tələb olunacağına, imicinin yüksələcəyinə və loyallığın daha geniş əhatə dairəsinə yayılacağına möhkəm inansın. Onda yelləncək dayanacaq, hər kəs duruma daha ciddi və diqqətli münasibət bəsləməyə çalışacaqlar. Yelləncəkdə isə uşaqlar əylənməyə başlayacaqlar. Onların əylənmə və öyrənmə zamanıdır.

Yaradıcı insanlar qədər şəxsi inkişafa meylli peşə sahibləri tapmaq çətindir. Meyllilik isə hələ şəxsi inkişaf demək deyildir. Çünki yaradıcı insanlar gözəl bilirlər ki, bu dünyada hər şey yaradılıb. Eyni zamanda, yaradıcı insanlar gözəl bilirlər ki, bu dünyada insanın yaratdıqları onun yarada biləcəyi və yaradacaqları ilə müqayisədə uşaq oyuncağıdır. Odur ki, fiziki boy artımınızın 25 yaşda bitdiyini qəbul etmək təbiidir. Amma yaradıcı boy artımı sonsuzdur. Hələ ki, varsan, boy atacaqsan. Balaca da qala bilərsən. Seçim sənindir. Yelləncəyə baxmaq sənin xoşuna gəlirsə, beləcə liliput olaraq qala bilərsən.

Yaradıcı adamlar-əsl yaradıcı insanlardan söhbət gedir- acıdil və bir az da kobud adam təsiri bağışlayırlar. Bu yanaşma yanlışdır. Onlarda kövrəklik və tez incimək müdafiə immunitetindən irəli gəlir. Onların bu zəifliyini bağışlayın, şəxsi azadlıqlarına hörmət edin və onlardan öz biznesinizin çiçəklənməsi üçün maksimum faydalanın. Onlarla qamçı ilə deyil, konfetlə (Konfet qabığı ilə deyil) davranın, münasibəti mülayim edin, ünsiyyətə şirinlik qatın. Onların yaradıcılıq ərazisinə ehtiyatla daxil olun, onların daha sərbəst olmasını təmin edin ki, daha səmərəli fikirlərini və işlək ideyalarını ortaya çıxara biləsiniz. Bu zaman yaradıcı insanlar uşaq kimi sadəlövh və səmimi olurlar. Yaradıcı insanın fikir və ideyalarının təntənəsi - onun doğru anlanılmasına və həvəsləndirilməsinə dayanıqlıdır, yaradıcılıq uğuru isə Sizin mənəvi dəstəyinizlə şərtlənir.

Kreativ insanlar həssas və çevik olurlar. Onlar dəyişən mühitə tez uyğunlaşırlar və adi gözlə görünməyən detalları daha tez görürlər, ətraf mühitdə baş verən hal və hadisələrdən, habelə, informasiya axınından düzgün baş çıxarırlar. Onlar bu axını öz filtrlərindən ustalıqla keçirirlər, bu məqam üçün gərəksiz olan fonu məharətlə ələkdən keçirir və gərəkli olan kiçik qızıl dənəvərlərini ərəsəyə gətirə bilirlər. Onlar həvəslə çalışanda daha iti düşünürlər, hafizələri daha mütəhərrik olur, daha ciddi resurslarını səfərbər edə bilirlər.

Bizim sahəmizə şamil etsək, marketinq strategiyası nə qədər doğru biriflənsə, konkret zaman kəsimi üçün satışın problemləri daha detallı təhlil olunsa və kreativ qarşısında vəzifə nə qədər aydın və mükəmməl sərgilənsə, peşəkar kreativin uğurlu iş ortaya çıxarmaqdan başqa əlacı qalmır, onlar yaxşı nəticə əldə etməyə məhkumdurlar. Kreativ maksimal çevik xarakteristikaya malikdir. Onun qabiliyyəti yalnız əlverişli və münbit mühitə düşərkən bəhrə verir. Suvarılması, nəvaziş göstərilməsi və ehtiyaclarının qarşılanması kreativin verimliliyini yüksəldir, effektivliyini artırır.

 Deməli, kreativlik də adi fəaliyyət sahəsidir. Missiyası isə, birincisi, daha çox insana daha fərqli kommunikativ təsir vasitələri ilə mal və xidmət barəsində bilkləri sevdirərək, duyğulandıra biləcək qədər effektiv ötürməkdir.

İkincisi, marketinqdə kreativ sırf abstraksionist və ya impresionist yaradıcılıq eksperimentləri üçün sınaq meydanı deyildir və yaradıcı reklamın effektivliyi onun bədii məziyyətlərindən daha çox satış və loyallığa verdiyi fayda ilə ölçülür.

Üçüncüsü, marketinqdə yaradıcılıq uğuru hətta rəqiblərin belə maraq və rəğbətinə səbəb ola bilir, amma o halda ki, kreativ həqiqətən qoyulan marketinq vəzifələrini tam yerinə yetirmiş olsun.

Dördüncüsü, kreativ bir yaradıcılıq qəhrəmanlığı və şücaəti, yaradıcılıq tapıntıları yolunda fədakarlıq da deyildir və konkret marketinq strategiyasının daha uğurlu kommunikativ təcəssümüdür.

Beşincisi, kreativin missiyası festival və müsabiqələrdə baş üzərində kubok qaldırmaqdan ibarət deyildir.

Altıncısı, indiki dövrdə kreativ marketinq əslində mal və xidmətə ciddi düşünülmüş və sistemli münasibət ilə yaradıcılığın üzvi və harmonik ittifaqıdır.

Yeddincisi, öndən isə yeni bir tarixi kəsim gəlir. Onun da başlıca özəlliyi kreativin bütün həyat və texnologiya müstəvilərində şəriksiz hökmranlığını bərqərar etməsindən ibarətdir.

Səkkizincisi, hazırlaşın, yaxşı mənada bütün dünyanı sarsıdan kreativ dalğası gəlir və ondan ötrü biz kreatorlar texnologiyanın iri addımlarla inkişafına minnətdar oluruq. Həyat texnologiya burulğanına daha çox cəlb olunduqca insan hər günü daha yaradıcı yaşamaq istəyəcəkdir.

Artıq robotlar öz yazdıqları musiqini dinləyirlər...

Yellənçəkdə yellənənlərə baxmaq zamanı geridə qalmaqdadır.

Teymur Məmmədov,

Kreativ direktor

facemark.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255