PR

Müasir PR ənənələrə sadiq deyil
09 İYUL
257

Müasir PR ənənələrə sadiq deyil

2018-07-09 11:33:00

Ümumiyyətlə, PR  sahəsi Azərbaycanda yeni olduğundan,  hələ ki yerinə tam oturmayıb. Qərbdə  PR-ın funksiyası illər öncə müəyyən olunsa da, bizdə hələ də  “mətbuat xidməti” işi ilə qarışdırılır. Təbii, mətbuatla işin qurulması ictimaiyyətlə əlaqələrin bir hissəsidir, amma heç də hamısı deyil.

Burada PR-ın tərifi haqqında danışmaq niyyətində deyiləm, əgər bu yazını oxuyursunuzsa, deməli, Siz bu haqda məlumatlısınız, ya da Google-da axtarış edə bilirsiniz.

ABŞ PR mütəxəssisləri düşünür ki, PR artıq ona elm kimi yanaşmanı tələb edir və yeni PR texnikaları kəşf edənlərə bu sahənin alimləri deyirlər. Buna görə də, uzun müddətdir ki, universitetlərdə PR xüsusi ixtisas kimi tədris edilir, bu haqda elmi işlər yazılır, elmi dərəcələr alınır və s. Buna  görə də, qərb PR-ında yeni kəşflər qaçılmazdır və hər an baş verir.

Bu səbəbdən də, müasir PR texnologiyaları ənənəvi PR-dan çox fərqlənir. Misal üçün, indi Qərb mütəxəssisləri PR-ın bildiyimiz ənənəvi kommunikasiya modulları haqqında danışmır, onları gözardı edirlər.  Çünki texnologiyanın, daha doğrusu, İnternetin və sosial medianın kəşfi innovasiyalarla ayaqlaşmaq üçün interaktivliyi tələb edir. Bu da öz növbəsində, PR yanaşmasına yeni tendensiya gətirir və  PR-ı marketinqin bir aləti olmaqdan  nəzərə çarpan dərəcədə uzaqlaşdırıb daha müstəqil və əsas sahələrdən birinə çevirir.

Əslində, yuxarıda qeyd etdiyim kimi bizdə hələ də mətbuat xidməti və PR-çılığın qarışdırılmasının səbəbi də ölkədə PR-ın İnteraktiv Kommunikasiyaya keçidindən xəbərsiz olunması və ya gözardı edilməsidir.

İndiyə qədər PR-ın işi daha çox tərəflər arasındakı ünsiyyəti qurmaq və Marketinq üçün zəmin yaratmaq idisə, indi gələcəkdə baş verə biləcək təhlükələri hesablamaq və ya baş vermiş neqativ hallardan çıxış yolunu tampağa çalışmaq, “məhsulumu sevmirlər, sevməsinlər, amma məni pisləməsinlər”dir.

Çünki yuxarıda qeyd etdiyim kimi İnternetin və Sosial Media platformalarının inkişafı cəmiyyətlə birbaşa və tənzimlənməz ünsiyyətin yaranmasına səbəb olub. Yəni, artıq 10 il öncəsində olduğu kimi, cəmiyyət PR-çılar tərəfindən hansısa mesajın ötürülməsini, strategiyanın qurulmasını gözləmir. PR-çılar da cəmiyyətin “feedback” imkanlarının təkcə mediaya məktub yazmaq kimi qədim alətlərdən ibarət olduğunu düşünmürlər. İndi İnternet, ağıllı telefonlar var və hər kəs ötürüləcək mesajın hədəfi olduğu kimi, eyni zamanda şirkətin, qurumun və ya fərdin nüfuzunu zədələyə biləcək potensial təhlükədir. İndi hər kəs “media”dır, hər kəs də mesajını asanlıqla bütün dünyaya yaya bilir.

Deməli, ortaya çıxan bir məsələ var, PR-çıların işləri heç zaman bugünkü qədər çətin olmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258