PR

Məşhur olmaq 3 il vaxt alır
21 İYUN
230

Məşhur olmaq 3 il vaxt alır

2018-06-21 11:36:00

Betül Mardin PR mütəxəssisi, Türkiyədə ictimaiyyətlə əlaqələr sahəsinin təməlini qoyanlardan biridir. Dünyada da ən önəmli PR ustadlarından biri hesab edilir.

1995-ci ildə Beynəlxalq PR Assosiasiyasının (IPRA) rəhbəri seçilərək həmin assosiasiyanın tarixində ilk türk qadın rəhbər olub.

Türkiyənin tanınmış A&B şirkətinin qurucularındandır.

Bir sıra beynəlxalq təşkilatların mükafatlarını qazanıb.

İndi qurucusu olduğu İMAGE PR şirkətinin fəxri rəhbəridir.

Hazırda 91 yaşı olan PR-çı uzun müddətli cəhdlərimizdən sonra təcrübəsini, məsləhətlərini oxucularımızla paylaşmağa razılıq verdi. Betül xanımla söhbətimizi təqdim edirik.

Betül xanım,  niyə PR?

Təqribən 4 yaşıma qədər heç danışmamışam. 8-10 yaşlarında kəkələməyə başlamışam. Yaşıdlarımın lağ etməsi təbii ki,  mənə çox ağır gəlirdi.  1937 ci il idi. Ağlayaraq çinar ağacına doğru qaçıb dedim: Tanrım, mənə elə bir  güc ver ki, mənə bir də heç kim lağ etməsin. Tanrım, mənə elə bir iş ver ki, Türkiyəni tanıda bilim.

İllər sonra həyat göstərdi ki, mən PR mütəxəssisi olaraq dünyaya gəlmişəm.

Ömrüm boyu hər zaman vicdanlı olmağa çalışmışam, məqsədimi bilmişəm. PR sahəsi də elə bunu tələb edir.

Ali təhsil almasam da özümü inkişaf etdirməyə çalışmışam.

PR haqqında ilk dəfə haradan məlumat almısınız?

Jurnalistika  və teatr sahəsində işləmişəm.

Akbank-ın o vaxtkı müdiri Ahmet Dalı atamın dostu idi  və məni də yaxşı tanıyırdı. Söhbətlərimizin birində mənə “Yeni bir peşə var. Adını indi xatırlamıram. Amma ‘Public’ dir, nədir belə bir şey olmalıdır.  Mənə elə gəlir ki, sənə çox uyğundur. Araşdırarsan” dedi. Mən də dərhal araşdırmağa başladım. Marağımı çəkdi.  Bir ay içində 10 müştərim oldu. Dünyada bu için necə aparılmasına marağım məni Londona aparıb çıxardı.

Sonra Türkiyəyə döndüm və dostlarım Ayşegül Dora və Alaeddin Asna ilə birlikdə A & B şirkətini qurduq. Təxminən 10 il birlikdə Türkiyənin qabaqcıl şirkətləri ilə çalışdıq, xidmətlər təklif etdik. Daha sonra IMAGE PR şirkətini qurdum. Sonra isə Canan Noyanla birlikdə daha çox müştəriyə dəstək verə bilmək, etik dəyərlərimizə bağlı qalmaq və yeni nəsil PR məzunlarına iş imkanı yaratmaq niyyətiylə ikinci şirkətimiz olan Strateji Tanıtımı qurduq.

PR-çı üçün profesionallıq düsturunu necə ifadə edərdiniz? PR mütəxəssisi olmağın qızıl qaydaları nələrdir?

PR-çının özündən əmin olması önəmlidir. PR-çı yalan danışmamalı, nəyisə uydurmamalı, sözünün arxasında dayanmağı, sirr saxlamağı bacarmalıdır.  Çalışqan, yaradıcı, cəsarətli, namuslu, səmimi olmalıdır.  Xarici görünüşünə diqqət etməli, hər zaman təmiz və intizamlı olmalıdır. Empati duyğusunu inkişaf etdirməli,  yaxşı dinləyici olmalıdır.

PR sahəsində uğurlu olmaq üçün başqa nələr tövsiyə edərdiniz?

Hər şeydən öncə məqsədinizi bilməlisiniz.

Hər gün oxumaq, dünya gündəmini təqib etmək lazımdır. PR sahəsində uğurlu olmaq istəyən insan mütləq  bir şəbəkə-network qurmalı və bu əlaqələrini canlı tutmalıdır.  Mənim müştərim hər hansı problemi olduğunda hər an mənimlə əlaqə quracağını bilir.

PR nədir sualı niyə çox verilir?

Çünki çox əhatəli peşədir. Dərindən araşdırılması lazımdır. Odur ki, müştərilərin PR-a olan ehtiyacalarını anlaması bir az uzun müddət ala bilər.

PR-ın gələcəyini necə görürsünüz?

Əgər bu gün hansısa şirkət ictimaiyyətlə əlaqə qurmursa o şirkət iflasa uğrayacaq. Çünki bir şirkət haqında söylənilənlər onun işinə çox təsir edir. Şirkətin işçiləri ilə kommunikasiyası da güclü olmalıdır ki, bunu da PR işləri təmin edir.  Elə müdirlər var ki, yanına yaxınlaşmaq olmur. Amma əgər yaxşı bir katibəsi varsa və “İndi bir az hirslidir. Sabah gəlsən daha yaxşı olar” deyirsə həyat daha asanlaşır.

PR sahəsi hazırda əvvəlkinə nisbətən daha çox sabitliyə qovuşub.  Bazar böyüyür  və daha da böyüyəcək.

Gənclərin bu möhtəşəm peşənin dadını bilməsini istərdim.

Betül xanım, imiciniz haqqında nə düşünürsünüz? Öz imicinizi necə formalaşdırır və çatdırırsınız?

Düşünürəm ki, insanlar məni xatırlayır. 40 yaşımdan bu günə kimi imicimi, tərzimi dəyişdirməmişəm. Hər şeyin uzun müddətli olmasını sevirəm.  Eyni insanlarla illərlə birlikdə çalışıram, illərdir eyni gözəllik salonuna gedirəm və s…

Həyatımızı biz formalaşdırmasaq bizim yerimizə bunu başqası edər. Həyatımız bizim sənət əsərimizdir. Onu biz dizayn edirik. İstəyirəm ki, mən olmayanda da haqqımda yaxşı danışılsın…

 Həyat prinsipiniz nədir?

Yalan danışmamaq, namuslu və səmimi olmaq, vədləri yerinə yetirmək. Öyrətdiyim hər şeyi şəxsi həyatımda da tətbiq etməyə çalışıram. Məsələn, siyasətçilərlə, siqaret və silah istehsal edən şirkətlərlə işləmirəm. Bu sözümü heç zaman pozmamışam.

İşlərinizi necə qurursunuz?

Yaradıcı olmaq üçün düşünmək, araşdırmaq, oxumaq şərtdir. Məsələn, mən belə edirəm. Əgər nəsə hazırlamalıyamsa səhərdən axşama qədər ona fokuslaşır, o haqda düşünərəm. Yatağımın kənarında həmişə kağız-qələm olur. Bir də görürəm ki, hər şeyi qeyd etmişəm.  Beynəlxalq PR Assosiasiyasının Türkiyədə keçirilən 50 illik konqresini də bu şəkildə hazırlamışdım…

Yaradıcı ola bilsən gənc qalarsan.

Qarşınızdakına necə təsir edirsiniz?

Zarafat insanları rahatlaşdırdığı üçün ünsiyyətdə çox əhəmiyyətli bir nöqtədir.  Türk insanı da gülməyi çox sevir.

Konfliktləri hansı üsulla həll edirsiniz?

Ölümdən başqa hər şeyin həlli var. Araşdırıb hər şeyin yaxşı tərəfini tapmaq mümkündür. Problemlər qarşısında belə pozitv olmağa çalışaram.

Çox gözlənilməz bir şeylə qarşılaşdıqda harada səhv etdiyimi aydınlaşdırmağa çalışıram. Çünki etdikləriniz sizə qayıdır.

Sizin qədər şöhrətə sahib olmaq istəyənlərə nə məsləhət verərdiniz?  

Mən nə etdim? Özümə həmişə hədəflər qoydum. Gündəlik, həftəlik, aylıq… Özümün doktoru oldum. Nəzarəti əldən buraxmadım…

Sizə bir sirr verim. Məşhur olmaq 3 il vaxt alır. Birinci mərhələdə qərar verməlisən ki, ən yaxşı nəyi edə bilərsən. Daha sonra isə bunun üzərinə yeni biliklər inşa edib, özünü davamlı inkişaf etdirməlisən. Sonrakı mərhələdə ancaq qərar verdiyin mövzuyla bağlı danışmalısan. Məsələn, qolfu  yaxşı bilirsənsə səndən qolf xaricində bir şey soruşulanda “mən sadəcə qolfu bilərəm” deməlisən. Ancaq etdiyin işlə bağlı danışmalısan.  Elə bir mərhələyə gəlir ki, qolf haqqında danışıldıqda ağıla ilk gələn  sən olursan. Səni axtarmağa başlayırlar. Deyirlər ki, bu mövzunu o bilir. Yəni insanların şüurunda bir mərkəz olursan.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267