OXU ZALI

"Uğura inan, öz biznesinə başla" - BİZNES QİRAƏT
09 İYUN
401

"Uğura inan, öz biznesinə başla" - BİZNES QİRAƏT

2016-06-09 14:34:00

Fins.az "Oxu zalı" rubrikası çərçivəsində mütəmadi olaraq biznes ədəbiyyatını təqdim edir.

Kitabın adı: "Uğura inan, öz biznesinə başla"

Müəllif: Elşən Bədirxanov

Hörmətli oxucular, 

Ölkəmiz hal-hazırda keçid dövrünü yaşayır. Neft hasilatı və qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin gəlirləri azalıb. Belə vəziyyətdə Azərbaycanın iqtisadi yüksəlişini yalnız azad sahibkarlıq təmin edə bilər. Bunu sıravi vətəndaşlardan tutmuş dövlət başçımızadək hamı təsdiqləyir. Buna görə də ölkəmizdə azad sahibkarlıq mühiti, kiçik biznes daha da inkişaf etdirilməlidir. Son dövrlərdə dövlətimiz tərəfindən bu sahədə bir sıra mühüm mütərəqqi addımlar atılır. Əminik ki, bunun müsbət təsiri özünü göstərəcək.

Azad sahibkarlığın daha da inkişaf etdirilməsinin vacib elementlərindən biri də gənclərə aktiv həyat mövqeyinin aşılanması və yeni nəsil biznesmenlərin yetişdirilməsidir. Bu fəaliyyətdə hökumət strukturları ilə yanaşı biznes qurumlarının üzərinə də böyük məsuliyyət düşür. Azərbaycan Banklar Assosiasiyası sahibkarlığın inkişafına daim dəstək olmağa çalışıb, dövlət və cəmiyyətlə bu sahədə də aktiv dialoqdadır.

Bu silsilədən fikrimizcə olduqca maraqlı bir kitabı hissə-hissə diqqətinizə çatdırmaq istəyirik. Əminik ki, bu bələdçi bir çox gənci aktivliyə və bizneslə məşğul olmağa sövq edəcək. Kitabın müəllifi ABA-nın ekspert qrupunun üzvü, 20 ildən artıq maliyyə (əsasən bank) sektorunda çalışmış, bır sıra aparıcı maliyyə qurumlarında rəhbər və İdarə Heyətinin üzvü olmuş, gənclər üçün mikro-biznes inkubatoru layihəsinin müəllifi Elşən Bədirxanovdur.

Sizi hər gün kitabdan qısa hissələrlə tanış edəcəyik. Bu gün təqdim olunan Ön sözdə müəllif kitabın strukturu, auditoriyası, yazılma səbəbləri və digər məqamlar barədə maraqlı fikirlərilə bölüşür.

Azərbaycan Banklar Assosiasiyası

 

 

hazir
hazir

İlk hissə: 

Ön söz

Salam! Hamınızı təbrik etmək istəyirəm! Səbəbini bir qədər sonra izah edəcəyəm. İcazə verin, əvvəlcə bəzi məqamları açıqlayım.

Kitabça barəsində ümumi məlumat.

Bu kitabça mikrobiznesə başlamaq üçün əvvəldən sonadək bütün prosesləri əhatə edən bələdçinizdir. O, dünyada ən məşhur iş adamları, motivasiya trenerləri, biznes müəllifləri və mövzu üçün maraqlı olan digər sahələrə aid müəlliflər tərəfindən yazılmış kitab və məqalələr əsasında tərtib edilib və fikrimcə, olduqca maraqlı və xeyirli alınıb. Misal üçün, Stiven Kovi, Brayan Treysi, Riçard Brenson, Bodo Şefer, Kavasaki, Robert Kiyosaki, Deyl Karnegi, Stiv Blank, Çan Kim, Napoleon Hill, Toni Byuzen, Erik Ris, Karl Syuel, Donald Tramp, Set Qodin, Keyt Ferratsi və onlarla digər müəllifin, o cümlədən, bir sıra keçmiş sovet məkanının biznes müəllifi və iş adamının kitablarını qeyd etmək istərdim. Mən yüzlərlə kitab və məqalədəki məlumatlardan, necə deyərlər, “qaymaqları” yığaraq sistemləşdirmişəm və öz təcrübəmdən də misallar əlavə etmişəm. Bu o demək deyil ki, gələcəkdə bu sahə üzrə kitab oxumağınıza ehtiyac yoxdur. Sadəcə, ola bilər ki, mən sizin bir neçə ay və ya ilinizə qənaət edərək imkan yaratmışam ki,  yığcam yazılmış bu bələdçi vasitəsilə qısa zaman ərzində xırda biznesinizə başlayaraq həm biznes vərdişləri qazanasız, həm də maddi qazanc əldə edəsiz. Sonradan öyrəndiyiniz bu vərdişlər və digər biliklər əsasında biznesinizi inkişaf etdirərək kiçik, orta və ola bilsin ki, iri biznesə çevirə biləcəksiz.

Fikirlərimi rahat oxuna biləcək dildə yazmışam. Korrektorlar mətni ədəbi dil çərçivəsinə salmaq istəsələr də “dır”, “dir”-lərdən qaçmağa çalışmışam:).

Əlbəttə, biznes elə bir sahədir ki, yarana biləcək bütün halları, bütün biznes sahələrini bir kitabçada əhatə etmək mümkün deyil. Amma bələdçiniz sizə təfəkkürünüzü dəyişərək biznesə başlama yollarını sistemli şəkildə göstərəcək və bir çox praktiki biliklər verəcək. Nəticədə siz özünüz özünüzü yaratmış olacaq və öz gücünüz hesabına uğur qazanacaqsız! Bu şəklə diqqətlə baxın (özü özünü yaradan insanın heykəli). Onu bələdçimizin rəmzi hesab etmək olar. Bu sizsiz!

meqale 1
meqale 1

Bələdçinin strukturu və onu necə oxumalı.

Birinci hissə uğura aparan yola həsr olunub və həyatda məna tapmağa, yeni nailiyyətlərə çatmaq üçün daxili güc tapmağa çalışan bütün insanlara ünvanlanıb. Burada uğur qazanmış insanların timsalında məqsədə çatmaq üçün tələb olunan keyfiyyətlər, zamanın idarə edilməsi, məqsədlərin qoyulması, qorxunun dəf olunması və digər məqamlar barəsində danışacaq, bir çox insanın uğur hekayələrilə tanış olacağıq. Bu hissəni “beynin transformasiyası” da adlandırmaq olar. Bu mərhələni keçmədən yüksək nəticələr əldə etmək çətindir, çünki dəyişikliklər şüurdan başlanır.

İkinci hissə biznes-ideyanın tapılması yolları barəsindədir və ilk növbədə biznesə başlamaq istəyənlər üçün nəzərdə tutulub.

Üçüncü hissə kreativ ideyaların formalaşdırılmasına həsr olunub və zehni qabiliyyətini genişləndirmək, işə yaradıcı yanaşmaq istəyən bütün insanlara faydalı olacaq.

Dördüncü hissə mikrobiznesə başlamaq üçün ilk addımlarını atanlara həsr olunub və əminəm ki, biznesə yeni başlamaq istəyən gənclər üçün maraqlı və xeyirli olacaq. Burada biznes-modelin qurulması, bazarın araşdırılması, məhsulun mövqeləşdirilməsi, sosial şəbəkə marketinqi, müştəri qazanmaq yolları və bir çox digər məqamlar barədə qısa və aydın danışılır.

Əlavələrdə biznesin qurulması və inkişafı ilə bağlı bir sıra maraqlı mövzulara toxunulur (internet, partizan marketinqi və hüquqi məsələlər).

Sizi təəccübləndirməsin ki, hazırlıq prosesinə həsr olunmuş hissələrin həcmi təxmini biznesin başlanmasına həsr olunmuş hissənin və əlavələrin həcminə bərabərdir. Ən önəmlisi məhz ilkin mərhələdir. Əslində insan ilk mərhələlərdəki keyfiyyətlərə malik olsa biznesə başlamaq o qədər də çətin deyil.

Kitabçanı aşağıdakı qaydada oxusanız təsiri daha çox olar:

  • Bu, bədii ədəbiyyat deyil. Yalnız bütün fikriniz oxuduğunuza yönəlsə nəticəsi olacaq.
  • Hər bir tapşırığı məsuliyyətlə, sonadək yerinə yetirin. Bunlar artıq sınaqdan çıxıb, onlara ciddi yanaşın.
  • Ardıcıllıqla oxuyun, əvvəlki məqamların üstündən keçərək birbaşa biznes hissəsindən başlasanız effekti az olacaq.
  • Oxuyanda tələsməyin, aydın olmayanları yenidən oxuyub aydınlaşdırın.

Bu kitabçanı hazırlamaq qərarına niyə gəldim?

Ölkəmizdə yaranan vəziyyət hamıya bəllidir. Geniş iqtisadi təhlillərlə sizi yormaq istəmirəm. Neft hasilatı və qiymətinin aşağı düşməsi nəticəsində ölkəmizin gəlirləri xeyli aşağı düşüb və bu proses davam edə bilər. Belə vəziyyətdə Azərbaycanın iqtisadi yüksəlişini yalnız azad sahibkarlıq təmin edə bilər. Bunu sıravi vətəndaşlardan tutmuş dövlət başçımızadək hamı etiraf edir. Buna görə də ölkəmizdə azad sahibkarlıq mühiti, kiçik biznes daha da inkişaf etdirilməlidir. İnkişaf etmiş ölkələrin ÜDM-in 50%-dən çoxu kiçik biznesin payına düşür. Bizdə isə kiçik biznesin 2014-cü ildə yaratdığı əlavə dəyər yalnız 2,6% təşkil edib. Halbuki iqtisadiyyatda kiçik biznesin rolu böyükdür (əsasları aşağıda sadalanıb):

  • İqtisadi konyuktura dəyişməsini yumşaldır;
  • Rəqabətli mühitın yaranmasına xidmət edir;
  • Yeni ehtiyacların qısa zamanda ödənilməsini təmin edir;
  • Yeni iş yerlərinin formalaşmasına şərait yaradır;
  • Dövlətin böhrana qarşı əsas müdafiə üsullarından biridir;
  • Az investisiya müqabilində gəlirlilik olduqca yüksək olur;
  • Sosial sabitliyin qorunmasına xidmət edir (o cümlədən orta təbəqənin artması hesabına);
  • Dövlət büdcəsinin gəlirini artırır və s.

Qeyd edilən məqsəd uğrunda fəaliyyətin əsas yükü təbii ki, dövlətin üzərinə düşür. Amma cəmiyyətimiz də, mütərəqqi biznes qurumları da sosial məsuliyyət fəaliyyəti çərçivəsində bu prosesə ciddi dəstək ola bilər. Məsələn, ABŞ-da yerləşən dünyanın ən iri biznes-inkubator assosiasiyasına (Milli biznes-inkubatorlar assosiasiyası) daxil olan ən qabaqcıl biznes-inkubatorlarının, həmçinin Avropa biznes-inkubatorlarının iki ali məqsədindən biri məhz müsbət biznes mühitinin formalaşdırılmasıdır. Biznes-inkubatorların fəaliyyəti isə yalnız dövlət tərəfindən deyil, həm də ictimai, şəxsi biznes və digər mənbələrdən maliyyələşdirilir. Azərbaycanda da bu sahədə xeyli iş görülüb, amma problemlər də mövcuddur: real nəticə göstərən biznes-inkubatorların sayı çox azdır, kütləvilik hiss olunmur, ideyası olmayan gənclərə dəstək olan biznes-inkubator yoxdur və qeyri-texnoloji sahəyə diqqət azdır. Fikrimcə, müsbət biznes mühitinin formalaşdırılması üçün mütləq mütərəqqi təfəkkürlü yeni biznesmenlər nəsli yetişdirilməlidir.

Gənclərin biznesə həvəsini yoxlamaq, həmçinin biznesdən çəkindirən məqamları aydınlaşdırmaq üçün internetdə 25 yaşadək olan gənclər arasında sorğu keçirdim (bu prosesdəki dəstəyə görə gənc biznesmen Bəhmən Hacıyevə təşəkkür edirəm). Nəticələr bəzi hallarda gözlənilən olsa da, maraqlı məqamlar da az olmadı.

Şəkil 3
Şəkil 3

İnsanların məsuliyyəti kənar faktorların üstünə atmaq kimi psixoloji xüsusiyyətini nəzərə alaraq ehtimal edirdim ki, maliyyə vəsaiti və biznes mühiti barədə olan bəndlərin nəticəsi təxminən 80% təşkil edəcək. Amma sevindirici haldır ki, bu bəndlər ümumi səslərin yarıdan azını təşkil etdi. Maraqlı digər məqam da ondan ibarətdir ki, bizneslə məşğul olmaq istəyənlərin təxminən yarısı xanımlardır. Deməli, gənclər bizneslə məşğul olmaq həvəsindədirlər. Sadəcə, onlara şərait yaradılmalı, yollar göstərilməlidir.

İndiki durumda hamı yeni reallıqlardan çıxış etməlidir. Xəyalları kənara ataraq mürəkkəb iqtisadi vəziyyətin tezliklə düzələcəyini, dövlətin və ya kimlərinsə bizə kömək edəcəyini gözləməməli və çıxış yollarını özümüz tapmalıyıq.

Araşdırma göstərdi ki, gənclər üçün “biznesə necə başlamalı” mövzusunda azərbaycan dilində motivasiyalı, həmçinin praqmatik bələdçi rolunu oynaya bilən bir kitab yoxdur (hər halda tapa bilmədim). Bunları nəzərə alaraq qərara gəldim ki, cəmiyyətimizə, gənclərə mən də öz töhfəmi bu bələdçi ilə verim. Hazırkı kitabça mənim və mənə dəstək olan şəxslərin biznes təcrübəsi olmayan gənclərə bir köməyidir.

Gəlin tanış olaq.

Özüm haqqında bir qədər geniş yazacam. Bəndin sonunda səbəbini izah edəcəyəm. Mən Elşən Bədirxanovam. 46 yaşım var, amma özümü sizin kimi gənc hiss edirəm:). 1986-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuşam. O zamanlar yeganə universitetin tarix fakültəsinə daxil olmaq olduqca çətin idi, çünki bu fakültəni bitirənlər üçün yüksək perspektivlər açılırdı. Sənədvermə prosesində universitetin bir ağsaqqalı ilə atam söhbət edəndə ona səmimi şəkildə bildirmişdi ki, oğlunuzun bu fakültəyə daxil olmaq şansı yoxdur, uşağı sındırma. Atam bunu mənə demədi və nəticədə apelyasiya vasitəsilə tarix fakültəsinə daxil oldum (o zamanlar test sistemi mövcud deyldi). Apelyasiya, qiymətindən razı olmayan abituriyent üçün xüsusi komissiyanın çağırılması idi. Bu komissiya universitetin ən nüfuzlu alimlərindən təşkil olunurdu və sorğu-sual nəticəsində son qərar verilirdi. Sonradan özüm də bu hərəkətimə təəccübləndim. Təsəvvür edin, çəkingən, ünsiyyət qabiliyyəti aşağı olan bir gənc universitet “əjdahalarını” bir yerə toplayır və onların suallarına cavab verir. Nəticədə mənim məsələm Bakı Dövlət Universitetinin rektoru Faiq Bağırzadə (o, Azərbaycan Respublikasının başçısı Kamran Bağırovun qardaşı idi) səviyyəsinə qalxdı və müsbət həll olundu. 1992-ci ildə universiteti fəqlənmə ilə bitirdim. Dövlət imtahan komissiyasının sədri akademik Ziya Bünyadov idi. Fəxrlə qeyd edirəm ki, imtahandan sonra o, məni aspirantuyaya dəvət etdi. Amma SSRİ-nin dağıldığı dövrdə mədə maraqları elmi üstələdi. Özümə bəraət qazandırmaq istəmirəm, amma maddi durum doğrudan da ürəkaçan deyildi. 1992-ci ildə mən universiteti bitirəndə Qarabağ müharibəsinə könüllü qoşulan böyük qardaşım ağır yaralandı. Onun müalicəsi uzun illər çəkdi. Nə isə…

1993-cü ildən bank sistemində çalışmağa başladım (Qüdsiyyə Əhmədovaya mənə göstərdiyi dəstəyə görə təşəkkür edirəm). Təhsilimə uyğun olmadığına baxmayaraq, bir neçə aydan sonra artıq şöbə müdiri vəzifəsini icra etməyə başladım. Burada həm mənim şəxsi keyfiyyətlərim, həm yeni bank sisteminin təzəcə formalaşması, həm də təhsil sistemimizin yeni bank çağırışlarına tamamilə uyğun olmaması rol oynadı. Yəni iqtisad fakültəsini bitirən və bitirməyənlər arasında bank sahəsində işləmək cəhətdən fərq demək olar ki, yox idi. Bir ildən sonra Rabitəbanka dəvət olundum və şöbə müdiri, sonra isə departament rəhbəri oldum.

2003-cü ildə Bank of Baku-da İdarə Heyəti sədrinin müavini, 6 aydan sonra isə sədr əvəzi təyin olundum. Hər iki bankda komanda ilə birlikdə bir çox sahələr üzrə olduqca uğurlu nəticələr əldə etdik.

Bundan sonra 2007-ci ildən Bank VTB (Azərbaycan)-da və 2012-ci ildən isə Buta Sığorta şirkətində İdarə Heyəti sədrinin müavini kimi çalışmışam. Hazırda maliyyə qurumlarında müşavirəm, maraqlı layihələr həyata keçirirəm. İşlədiyim bir çox qurumlarda İnsan Resurslarının idarə edilməsi, pərakəndə bankçılıq və bir sıra digər sahələr mənim kurasiyamda olub, biznes təhlili ilə məşğul olan Kredit Komitəsinin üzvü olmuşam.

Çox vacib hesab etdiyim bir nailiyyətimi də nəzərinizə çatdırmaq istərdim. İş təcrübəsi olmayan bir çox gənc istedadın aşkarlanmasında rolum olub. Onlardan biri hal-hazırda aparıcı bankların birində İdarə Heyətinin sədri, digəri isə sədr müavinidir. Vaxtilə seçdiyim gənclərdən bəziləri hal-hazırda müxtəlif aparıcı banklarda İdarə Heyətinin üzvü, departament, şöbə və ya filial rəhbəridirlər.

İnkişaf etməyə çalışıram. Həm peşəkar, həm də şəxsi inkişaf sahəsində. 44 yaşında hiss etdim ki, bir maliyyəçi kimi biliklərim məni qane etmir və buna görə Performance Management üzrə CİMA Diplomuna sahib oldum. Son zamanlar çox kitab oxuyuram. İdmanı sevirəm. Böyük tennis üzrə bank çempionu olmuşam, şahmatda isə ikinci yerə çıxmışam. Futbol oynamağı xoşlayırdım. Həftədə 3 dəfə açıq havada idmanla məşğul oluram. Ağır olsa da, heç bir hazırlıq keçmədən 4000 metrlik zirvəyə qalxmışam. İntellektual oyunları və məntiqi məsələləri həll etməyi xoşlayıram. Çətin vəziyyətə düşəndə yumor hissim köməyimə çatır, insanlarda da bu hissi qiymələndirirəm.

Ailəliyəm, 2 övladım var. Ailəmdən razıyam (güman edirəm ki, onlar da məndən gileyli deyillər:)).

Çatışmazlıqlarım da az deyil. Hərdən tənbəllik məni üstələyir, münasibətlərdə diplomatikliyim azdır və s. Gərək onları da aradan qaldırım.

Əminəm ki, uğur qazanmaq yollarına həsr olunmuş kitabların oxunuşuna 20-25 il əvvəl başlasaydım nəticələrim indikindən xeyli yüksək olardı. Bax belə.

Bütün bunları deməkdə məqsədim heç də özümü tərifləmək deyil. Sadəcə, göstərmək istədiyim odur ki, birincisi, hər bir insan özünün müsbət tərəflərini görməli və özünü səlis təqdim etməyi bacarmalıdır. Əminəm ki, hər birinizdə fəxr etməli keyfiyyət və nailiyyətlər var. Qoy xırda olsun, fərqi yoxdur, amma mütləq var. Mən özüm haqqında ətraflı danışdım, indi növbə sizindir. Siz də özünüz haqqında yazılı şəkildə aşağıdakı formatda təqdimat hazırlayın və məşq edərək onu yadda saxlayın:

  • Adınız, soyadınız;
  • Yaşınız, təhsiliniz, işiniz (əgər işləyirsizsə);
  • Nailiyyətləriniz (təhsildə, idmanda, şəxsi həyatda və s.);
  • Şəxsi keyfiyyətləriniz, sizi müsbət cəhətdən fərqləndirən xüsusiyyətlər;
  • Sizin üçün uğur nədir?;
  • Siz uğurlusuzmu, və ya uğura, xoşbəxtliyə çatmaq üçün hansı imkanlarınız var (sahib olduqlarınızı qiymətləndirin)?

Geniş təqdimatla yanaşı özünüz haqqında  30 saniyəlik “lift təqdimatı” da hazırlayın. Adı ona görə belə qoyulub ki, liftə sizə maraqlı olan insanla bir yerdə daxil olsanız özünüzü tanıtmaq üçün ixtiyarınızda təxminən 30 saniyə vaxtınız olacaq. Biznesinizi başlayanda eyni formatda şirkətiniz və məhsullarınız haqqında da təqdimat hazırlamalı olacaqsız.

İkincisi, məndə qeyri-adi istedad yoxdur, zəif tərəflərim də az deyil. Vaxtilə inkişaf üçün indiki imkanlar da yox idi. Mən bunlara nail olmuşamsa siz bundan qat-qat yüksək nailiyyətlər əldə edə bilərsiz. Özünüzə güvənin. Bu kitabçanı oxuyarkən bütün praktiki məşğələləri etsəniz uğur qazanacaqsız. Belə bir qədim şərq məsəli var: İnsana balıq versən bir gün tox olacaq, balıq tutmağı öyrətsən isə ömürlük. Siz də beləcə biznes bilik və vərdişlərinə sahib olaraq yeni peşə qazanacaqsız, yəni biznesə başlayıb həyatda özünüzü tapacaqsız.

Biz necə şanslı olduğumuzu dərk edirikmi?

Gəlin əvvəlcə bir videoya baxaq. Nik Vuyçiç.

Həyatın çətinliklərinə qalib gələn iradəli və nikbin insanlar Azərbaycanda da var.

ilham_zakiyev_150715
ilham_zakiyev_150715

İlham Zəkiyev 1998-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Kəşfiyyatçı olub. 1999-cu ildə döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperi onu ağır yaralayıb. Güllə sol gicgahından daxil olub sağ gicgahından çıxıb. Sağ qalmasını bir möcüzə hesab etmək olar. O, özünə qapanmadı və hətta idmana qayıtdı. 2 dəfə paralimpiya oyunları çempionu, 2 dəfə dünya çempionu, 5 dəfə Avropa çempionu oldu və s. 2008-ci ildə “Şöhrət” ordeni ilə təltif edildi.

Ön sözün lap əvvəlində mən sizi təbrik etmişdim. Bunun səbəbini indi izah etməyə çalışacam:

  1. Uğur qazanmağınız üçün bütün imkanlarınız var. Fiziki cəhətdən sağlamsız, sabit şəraitdə yaşayırsız, ilkin tələbatınız ödənilir (aclıq çəkmirsiz, içməli suyunuz var və s.). Dünyada hər gün 22 000 uşaq aclıq və baxımsızlıqdan ölür, 1 milyarddan çox insan içməli suyun çatışmazlığından və ya aclıqdan əziyyət çəkir. Dünya əhalisinin 25%-i elektrik enejisinə möhtacdır, 1,2 mlrd insan günə cəmi 1,25 ABŞ dollaradək vəsaitlə dolanır.
  2. Siz düzgün yoldasız, çünki bu kitabı oxumağa qərar vermisiz. Deməli, həyatınızı yaxşılaşdırmaq istəyirsiz və bunun üçün ən azı ilkin addımı atmısız. Oxuduğunuz fikirləri qəbul edərək tətbiq etsəniz həyatda biznesə başlamaq və ya digər şəkildə uğur qazanmaq üçün tələb olunan ən effektiv hazırlıq yolunu keçmiş olacaqsız. Nəticədə siz 1-2 aya öz biznesinizə başlaya bilərsiz. Bəli, bu xülya deyil. Cəhd edin və nəticəsini görəcəksiz. Bu sizin üçün növbəti bir şansdır. Hər bir insana ömründə bir neçə şans verilir. Sadəcə, onu görüb istifadə etmək lazımdır. Əlişir Nəvai deyib ki, Allah hər bir canlıya ruzisini verir, amma onu gətirib yuvasına qoymur.
  3. Neft gəlirlərinin azalması səbəbindən indi ölkəmiz müəyyən çətinliklərlə üzləşib və bu dövrdə məhz sahibkarlıq ölkənin inkişafına dayaq olmalıdır. Siz biznesinizə sahibkarlığın inkişafı üçün dövlətimizin yeni addımlar attığı bir dövrdə başlayacaqsız ki, bu da sizin şanslarınızı artırır. Problemlər az deyil, amma qanunvericilik və yanaşmada müəyyən liberallaşma özünü göstərir və bu prosesin davam etməsi qaçılmazdır. Ölkəmizin başqa yolu yoxdur.
  4. Bundan başqa, əgər əvvəllər pul qazanmaq üçün torpaq, avadanlıq, pullu reklam və maliyyə vəsaiti daha çox lazım idisə, indi innovasiyalar əsasında bu resurslar olmadan da qazanmaq mümkündür.
  5. Siz əslində çox bacarıqlısız, olduqca böyük reallaşdırılmamış potensialınız var. Bəlkə də bundan xəbəriniz yoxdur. Bu barədə növbəti fəsillərdə daha ətraflı danışacağıq.

Səbəbləri artıra bilərəm, amma güman edirəm ki, bunlar da kifayətdir.

Qeyd etməliyəm ki, uğur qazanmaq ağır zəhmət bahasına başa gəlir. Məsələn, sahibkarlıq həyatınızı tamamilə dəyişəcək: gecə-gündüzünüz olmayacaq, bir sıra vərdişlərinizdən əl çəkməli, yenilərini əldə etməli olacaqsız, qarışqa kimi zəhmətkeş və intizamlı olmalısız, dostlarınıza, digər sevimli işlərinizə (telefon, televizor və s.) vaxtınız çox az qalacaq, daim yeni problemlərlə qarşılaşacaqsız, xoşunuz gəlməyən insanlarla ünsiyyətdə olacaqsız. Amma bu çətinliklərə üstün gəlib uğur qazansanız əldə edəcəkləriniz bunları üstələyəcək. Çətinliklərə baxmayaraq davam etmək istəyirsizsə, onda başladıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272