XƏBƏRLƏR

Xanımlar niyə qeysəriyyəni seçir? - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladı
22 NOYABR
89

Xanımlar niyə qeysəriyyəni seçir? - Baş mama-ginekoloq SƏBƏBLƏRİ açıqladı

2017-11-22 12:54:00

Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının sayı artıb. Belə ki, ötən il ərzində Azərbaycanda 158 051 doğuş zamanı qadınlar operativ müdaxiləyə məruz qalıblar.

Fins.az modern.az-a istinadən son on ilin rəsmi göstəricilərini təqdim edir.

2007-ci il - 11574;
2008-ci il - 15646;
2009-cu il - 19270;
2010-cu il - 22746;
2011-ci il - 25960;
2012-ci il - 30794;
2013-cü il - 28954;
2014-cü il - 30561;
2015-ci il - 45942;
2016-cı il 46555. 
2000-ci ildə isə qeysəriyyə kəsiyinin sayı çox az - 3017 olub. Məlumat üçün bildirək ki, hazırda ümumi doğuşların 29,5 faizi qeysəriyyə kəsiyinin payına düşür.

Bəzi həkimlər qeysəriyyə kəsiyinə göstəriş üçün çanaq darlığını əsas gətirirlər. Onlar bildirir ki, getdikcə qadınların çanağında darlaşma baş verir, bu üzdən də qeysəriyyə kəsiyilə dünyaya uşaq gətirən qadınların sayı artır.

Qeysəriyyə kəsiyi nə vaxt mütləq göstərişdir?

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova bu fikirlə razılaşmayıb: “Dünyada qeysəriyyə kəsiyinə görə əmsal 15-50%-dir. Azərbaycanda isə bu əmsal 19-20% arasındadır. Bu da orta Avropa rəqəmlərinə uyğundur. Amma biz çalışırıq ki, bu rəqəmləri aşağı salaq. Ümumilikdə qeysəriyyə kəsiyi üçün göstərişlər müxtəlif olur. Bu göstərişlər Səhiyyə Nazirliyi, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş klinik protokollarda öz əksini tapıb. Bu göstərişlər mütləq və nisbi olmaqla 5 qrupa bölünür. Amma dar çanaqlıq yalnız klinik darlıq olduqda əməliyyata qəbul edilir. Doğuş zamanı əgər uşağın ölçülərilə ananın çanağının ölçüləri uyğun gəlmirsə, buna kliniki dar çanaq deyilir. Elə çanaqlar var ki, quruluşca normal olsa da, doğuşa göstəriş olmur. Çünki bətndə inkişaf edən uşağın çəkisi 4 kiloqramdan çox olur. Onda əlbəttə ki, uşağın doğum yollarını keçib-keçməyəcəyini müəyyən etmək lazım gəlir. Biz ehtimal edirik ki, keçə bilər. Amma ola bilər ki, doğuş zamanı uşaq o yoldan keçməsin. Yaxud bəzən döl başının sümükləri konfiqurasiya olunur, baxmayaraq ki, çəkisi 4 kiloqramdan çoxdur. Onun baş sümükləri o qədər yumşaqdır ki, doğuş çox rahat şəkildə icra olunur. Amma bunu təyin etmək üçün qadın mütləq doğuşa buraxılmalıdır. Əgər hər şey qaydasındadırsa, normal doğuş olacaq. Yox, əgər 2-4 saat ərzində gözləməyimizə baxmayaraq, döl başı irəliləmirsə, buna klinik dar çanaq diaqnozu qoyuruq və qeysəriyyə əməliyyatına götürürük”.

Dar çanaq və doğuş...

S.Məmmədova bildirib ki, klinik dar çanağın bir neçə növləri var: “Döl başı adətən bükülmüş vəziyyətdə olanda kiçik əmgək nahiyyəsilə kiçik çəp ölçü ilə doğum yollarından keçir. Uşağın başı həmişə dizinə baxmalıdır. Amma döl başı müxtəlif səbəblərdən bir qədər açılmış vəziyyətdə ola bilər. Açılmış dərəcənin də 3 dərəcəsi var: əgər döl başı düzgün olmayan açılış vəziyyətdədirsə, deyirlər üfüqə baxır, göyə baxır və ulduzları sayır. Bu açılmış 3 vəziyyətdə o, doğum yollarından böyük və orta çəp ölçülərlə keçir. Bu zaman klinik dar çanaq yaranır”.

Normal çanaq ölçüləri

Baş mama-ginekoloq bildirir ki, qadının çanağının normal ölçüsü 11 santimetrdir:

“Amma təbiətdə anatomik dar çanaq da var. Normalda hər bir qadının kiçik çanağının girəcəyinin düz ölçüsü olur. Kök, arıq, uzun, qısa boyluluğundan asılı olmayaraq, bütün qadınlarda bu ölçü 11 santimetrdir. Kiçik çanağın girəcək müstəvisi 11 santimetrdən kiçik olarsa, bu, dar çanaqdır. Dar çanağın özünün də dərəcələri var. 11 sm-dən 9, 5 sm-ə qədər I dərəcəli darlıq sayılır. Adətən uşağın çəkisi 3 kiloqrama qədər, qadının özü güclü və gənc olanda doğuş rahat şəkildə baş verir. II dərəcəli dar çanağın ölçüləri 9,5 santimetrdən 7,5 santimetrə qədərdir. Burada çanağın girəcəyi o qədər dar olur ki, döl başı ora daxil ola bilmir. Ölçüləri 7,5 santimetrdən aşağı olan çanaqlar III, IV dərəcəli darlıqdır və çox az rast gəlinən hallardır. Bu cür çanaqlara sahib qadınlar üçün qeysəriyyə kəsiyi birbaşa göstərişdir”.

“Dar çanaq kök-arıq, uzun-qısalığa baxmır”

S.Məmmədovanın sözlərinə görə, qadının uşağı normal doğuşla, yoxsa qeysəriyyə kəsiyilə dünyaya gətirəcəyinə dair qərar hamiləliyin 38-ci həftəsində verilir: “Allah tərəfindən hər bir qadına 46 xromosom bəxş edilib. Bu xromosomlarda qadının sümüyünün, qolunun, ayağının və s. quruluşu proqramlaşıb. Bunlar bioloji qanunlardır və bunu dəyişə bilmərik. Ola bilsin biz kökələ bilərik, arıqlaya bilərik, amma bu, çanağın ölçülərinə təsir etmir. Çanaq nə böyüyür, nə kiçilir. Allah sənin boyunu-buxununu, sümüklərini necə yaradıbsa, ömrünün sonuna qədər də elə qalır. Sadəcə qocalanda kalsium yuyulub gedir deyə sümüklər kövrəkləşir, boy nisbətən kiçilir, çanaq əyilir. Burada uşaqlıqdakı xəstəliklər istisna təşkil edir. Əgər uşaqlar körpəlikdə raxit xəstəliyini keçiriblərsə, onlarda yastı raxitlik dar çanaq əmələ gəlir. Onun da özünün xüsusiyyətləri var: adi yastı dar çanaq və yastı raxistik dar çanaq. Bunlarda ciftin qopması, dölyanı mayenin axması, quruluq və s. problemlər yoxdursa, düzgün idarə olunarsa, doğuş mümkündür. Həkim o doğuşu səbirlə, lazımi şəkildə idarə etməlidir”.

Qeysəriyyənin artmasının əsas səbəbi

Respublikanın baş ginekoloqu deyir ki, bu gün Azərbaycanda qeysəriyyə kəsiyinin artması dar çanağa görə yox, təkrar çapığa görədir: “İlk dəfə qeysəriyyə əməliyyatı ilə ana olan qadınlar növbəti dəfə uşaqlığını itirməməsi üçün yenidən qeysəriyyə kəsiyinə müraciət edir. Bunun hesabına da qeysəriyyə kəsiyinin göstəricilərində artım müşahidə olunur. Bunun dar çanaqla əlaqəsi yoxdur. Qeysəriyyə kəsiyinin artım səbəbi təkrar çapıqlardır. Yəni qadın ilk uşağını qeysəriyyə kəsiyi ilə dünyaya gətiribsə, növbəti hamiləlikləri zamanı da əməliyyatla ana olur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289