XƏBƏRLƏR

Sinusit haqqında bilmədiklərimiz
18 OKTYABR
161

Sinusit haqqında bilmədiklərimiz

2017-10-18 16:13:00

Bəzən isə köklər hətta boşluğun içində də yerləşə bilərlər, bu zaman onların üzərini yalnız selikli qişa örtür. Haymor cibinin iltihabına haymorit deyilir.

Səbəbləri və Növləri

Haymorit – əng cibinin iltihabı, əsasən kəskin rinitin, qripin, qızılcanın, skarlatinanın və s. infeksion xəstəliklərin ağırlaşması kimi meydana çıxır. Digər çox rast gəlinən səbəbə üst çənədə olan dörd ədəd dişin kökünün iltihabını (odontogen haymorit) aid etmək olar. Kəskin haymorit hətta kəskin respirator virus infeksiyasının (KRVİ) fonunda baş verdiyinə görə bu xəstəliyi ayaqda keçirmək təhlükəlidir. Əgər iltihabi proses daha çox inkişaf edirsə, bir qayda olaraq bir neçə cibin iltihabı – polisinusit baş verir.
Uzun müddət davam edən zökəm əlamətlərinə əng nahiyəsində ağrı, gərginlik və təzyiq hissi, alın, təpə və gicgah nahiyələrinə yayılan və nəhayət üzün bir yarısını tutan ağrılar qoşulur. Belə ki, zökəm 7 gündən artıq davam edərsə və ağrılarla yanaşı burundan qatı ifrazat gələrsə, bu ciblərdə iltihabın başladığının göstəricisidir. Ona görə də “sadə zökəmə” etinasız yanaşmaq lazım deyil. Zökəm xəstəliyi hətta səngiyəndə belə sağlamlığa ziyan vura bilər, çünki xronik formaya, sinusitə keçə və digər ağırlaşmalara səbəb ola bilər.

Simptomları

Burun tənəffüsü pozulur, ifrazat gəlməyə başlayır, gözdən yaş axması, işıqdanqorxma, iybilmənin zəifləməsi olur. İlk günlər temperatur qalxır, ümumi hal pisləşir və titrəmə olur. Bəzən haymorit olan tərəfdə üz və aşağı göz qapağı şişkinləşir, ağrılı olur. Bir çox xəstələrdə gün ərzində eyni vaxtda kəskin ağrılar müşahidə olunur.

Diaqnostikası

Diaqnozu dəqiqləşdirmək üçün rentgenoqrafiya və ya kompyuter tomoqrafiyası aparmaq lazım gəlir. Rentgenoqramda ciblərdə kölgəlik görünür. Bundan əlavə haymor cibi xüsusi iynənin köməyilə yerli anesteziya olunaraq sınaq üçün punksiya edilir. Bu zaman onun möhtəviyyatının xarakteri müəyyən olunur.

Müalicəsi

İlkin mərhələdə fizioterapevtik prosedurlar, antibiotiklər irinin əmələ gəlməsinin qarşısını ala bilər. Antibiotiklərlə birlikdə antihistamin preparatları, damarbüzücü maddələr və spreylər təyin olunur. Həmçinin, sınaq punksiyası zamanı cibdə irin aşkar olunarsa, irinin açılıb təmizlənməsi sağalmanı tezləşdirəcək və xəstəni ağrılardan xilas edəcək.

Lakin nəzərə almaq lazımdır ki, damarbüzücü dərmanlardan yalnız kəskin dövrdə, 5-7 gündən artıq olmamaq şərtilə istifadə etmək olar. Onların uzunmüddətli istifadəsi dərman asılılığına, medikamentoz zökəmin əmələ gəlməsinə və burunun selikli qişasındakı damarların bir növ iflicinə və ya selikli qişanın atrofiyasına gətirib çıxarır. Nəticədə burun daim tutulur və çox zaman cərrahi müdaxiləsiz bu vəziyyətdən çıxmaq mümkün olmur. Buna görə də burun damcıları istifadə olunarkən onları təyinatı üzrə qəbul etmək lazımdır.

Burunətrafı ciblərin iltihabı öz növbəsində pnevmoniya, xroniki bronxit, bronxial astma və s. kimi xəstəliklərin inkişafına təkan verə bilər. Bu ciblərin baş beyinə və göz yuvalarına yaxın yerləşməsi beyin qişalarının prosesə qoşulmasına və böyük beyin damarlarının trombozuna gətirib çıxara bilər. Beyin sümüklərində osteomielit, beyinin və beyin qişalarının iltihabı (meningit), abses və empiyema ən qorxulu və proqnozu ciddi olan ağırlaşmalardan hesab olunur. Belə olarsa xəstəliyin proqnozu ciddiləşir və bu zaman cərrahi müalicə qaçılmaz olur. Belə əməliyyatlara ümumi olaraq sinus cərrahiyyəsi deyilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287