XƏBƏRLƏR

Ürək – damar xəstəlikləri niyə cavanlaşır?
21 SENTYABR
96

Ürək – damar xəstəlikləri niyə cavanlaşır?

2017-09-21 15:18:00

Son illərdə bütün dünyada , o cümlədən Azərbaycanda ürək xəstəliklərindən əziyyət çəkən və  bu xəstəlikdən ölənlərin sayı sürətlə artır.  

Ən təhlükəlisi isə  bu xəstəliyin cavanlaşmasıdır. Əgər əvvəllər ürək – damar xəstəliyi üçün qorxulu yaş  50 – 60  yaş arası idisə,  indi bu rəqəm xeyli aşağı düşüb. Tibb elmləri doktoru Adil Qeybulla  Fins . az – a açıqlamasında  ürək – damar xəstəliklərinin yaranma səbəbinin tənbəllik olduğunu bildirdi. Onun sözlərinə görə insanlar az hərəkət edir, çox yeyirlər. Bədənə daxil olan kalori ilə  xaric olan kalori arasında disbalans var .

Tibb.fins.az xəbər verir ki, bədəndə həddən artıq piylərin, sərf  olunmamış qida elementlərinin  çökməsi son nəticədə xolestrinin parçalanma məhsulunun artması və onların damar divarına  çökməsi ilə nəticələnir.  Həkimin sözlərinə görə,  bu zaman ürək damarları , beyin damarları , aşağı ətraf damarları zədələnir. Ürək əzələsi daim işlək əzələ olduğundan,  həmişə oksigen tələb etdiyi üçün əzələnin damarların zədələnməsi daha ciddi nəticələrə gətirib çıxarır.

Həkim bildirdi ki , tutma şəklində ağrılar , ağrıların sol qola , sol kürək və boyun nahiyəsinə vurması , eləcə də tərləmə , baş gicəllənməsi kimi hallar da  ürək xəstəliklərinin ilk simptomları sayılır. Ürək xəstəliklərində dodaqların ətrafı , göz dibi və barmaqların ucunda bir qədər göyümtüllük olur. Bu da onunla bağlıdır ki , ürək zəif olduqda , həmin hissələrdə qan lazımi qədər oksigenlə təmin olunmur.Hal – hazırda ölkəmizdə ürək damarlarının stendləşməsi kimi əməliyyatları keçirən xeyli  cavan insanlar var. Həkim qeyd etdi ki, bu xəstəlik əhalinin əmək qabiliyyətinə də mənfi təsir göstərir.  

Onların  iş  qabiliyyətini  itirməsi həm də sosial nəticələr törədir. Adil Qeybullanın sözlərinə görə,  hazırda əhalinin fast foodlardan və iç yağlarından təşkil olunmuş  qidalardan çox istifadə etməsi ürək –damar xəstəliklərinin artmasına gətirib çıxarır. Həkim bu cür qidaların orqanizm üçün xeyli ziyanlı olduğunu və  sağlamlıq baxımından daha çox hərəkət etməyin , az qidalanmağın, aktiv həyat tərzinə keçməyin vacibliyini vurğuladı.

Dünyada insanların 60 % - i məhz ürəklə bağlı xəstəliklərdən həyatını itirir.  Statistik göstəricilər bu xəstəliklərdən ölənlərin sayının ildən ilə artdığını  və daha cavan yaş həddinə keçdiyini təsdiqləyir.  Çalışın sağlamlığınızın , xüsusən də ürəyinizin qeydinə qalın. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296