XƏBƏRLƏR

Səhər yeməyindən niyə imtina edirik? - Səhər nahar etməyin FAYDALARI
05 SENTYABR
84

Səhər yeməyindən niyə imtina edirik? - Səhər nahar etməyin FAYDALARI

2017-09-05 16:13:00

Məşhur atalar sözümüz axşam yeməyinin düşmənə verilməsini, günorta yeməyinin dostla bölüşülməsini, səhər yeməyinin isə insanın özünün yeməsini tövsiyə edir.

Lakin indi bir çox insan səhər yeməyini yeməkdən imtina edirlər. Buna səbəb olaraq da müxtəlif bəhanələr gətirirlər. Bəziləri vaxtının az olmasından, bəziləri kökəlməkdən qorxduğundan, bəziləri isə sadəcə iştahsızlıqdan dolayı səhər yeməyindən imtina edir.

Bəs niyə atalarımızın ən vacib hesab etdiyi öyün səhər yeməyidir?

Cənubi Koreya alimləri səhər qida qəbul etməyin stressi və depressiyanı azaltdığını iddia edirlər.

Mütəxəssislər belə nəticəyə gəliblər ki, hər səhər qida qəbul etmək insan beyninə diqqət toplamaqda və öyrənilən məlumatları yadda saxlamaqda kömək edir. Yaxşı səhər yeməyi həm də 30% daha uğurlu iş günü və mükəmməl enerji ehtiyatı deməkdir.

Statistikalar isə göstərir ki, özünü səhər yeməyindən məhrum etməyən insanlar avtomobil qəzalarına daha az uğrayırlar.

Artıq çəkinin ilkin səbəbi

Səhər yeməyindən kökəlməmək üçün imtina edən insanlar bilmədirlər ki, onlar nəinki mükəmməl bədən formalarını itirə, hətta artıq çəki də qazana bilərlər. Belə ki, orqanizmin yuxuda olduğu müddətdə maddələr mübadiləsi də passiv rejimə keçir və qida qəbul etməyənədək oyanmır. Buna görə də səhər yemək yeməmək metabolizmin passiv rejimdə qalmasını təmin edir və beləliklə, daha az kalori yandırır. Nahar zamanı qəbul edilmiş qida isə orqanizmin özünümüdafiə instinktini işə salır və qəbul edilmiş kaloriləri ikiqat enerji kimi depolayır.

İştahsızlıq

“Səhər iştaham olmur” bəhanəsinə isə mütəxəssislərin tutarlı cavabı var. Onlar bildirirlər ki, səhər baş qaldıran iştahsızlığın səbəbi gecə gec saatlarda “alt-üst” edilən soyuducudur. Əgər siz gecə kalorili yemək qəbul etmisinizsə, səhər bədənin qidaya ehtiyac duymamağı və iştahsız olmağı çox normal haldır.

“Sağlam bəslən və arıqla” kitabının müəllifi, dietoloq-nutrinoloq Leyla Zülfüqar səhərlər qida qəbul etməyin insan sağlamlığına və həyat tərzinə ciddi şəkildə təsiri olduğunu deyir:

“Çox insan elə bilir ki, səhər qida qəbul etməsək, daha yaxşı formada qalarıq. Ancaq bu fikir qətiyyən həqiqətə uyğun deyil. Çünki səhər yeməyi yeməmək metabolizmi işə salmamaq deməkdir. Gün ərzində qidalar vasitəsilə enerji depolamalıyıq ki, iş fəaliyyətində həmin enerjini sərf edək. Bu enerjinin başlıca qaynağı elə səhər yeməyidir. İnsan orqanizmi qidalardan özünümüdafiə bacarığı üçün lazım olan maddələr alır ki, bu maddələr insanı xəstəliklərə, viruslara, iltihabi xəstəliklər törədən bakteriyalara qarşı qoruyur. Tərkibində “B” və ”C” qrupu olan qidalar bu xəstəliklərə qarşı ən yaxşı müdafiə vasitəsidir.

İnsanların səhər yeməyindən imtina etməsinin ikinci səbəbi isə tənbəllikdir. Onlar zamanlarının çox hissəsini yatmağa və işləməyə sərf edir, buna görə də düzgün və rejimlə qidalanmağa zaman ayırmırlar. Vaxtının az olması səbəbilə də insanlar yüngül və tez hazırlanan, yaxud da hazır formada olan qidalara üstünlük verirlər. Bu cür qidalar isə heç də sağlam qida hesab edilmir. Çünki onların bişirilmə prosesi düzgün qaydada aparılmır. Bunun nəticəsində də qidanın xeyirli tərəfləri insan orqanizminin ziyanına çevrilir.

Günümüzdə çox sürətlə yayılan və bir çox müalicəsiz xəstəliklərə səbəb olan piylənmə xəstəliyinin qarşısını almaq üçün mütləq və mütləq səhər yeməyi yeyilməlidir.

Gündəlik olaraq idmanla məşğul olan insanlar qida rejimlərinə də diqqət yetirir və səhər yeməyinə zaman ayırırlar. Buna görə də idmanla məşğul olmayan, ümumiyyətlə, orqanizmini hərəkət etdirməyən insanların sağlamlıqları arasında yerlə-gör qədər fərq olur. Bunun birinci səbəbi aktiv həyat tərzidirsə, ikinci səbəbi düzgün qidalanma rasionudur. Təbii ki, buraya səhər yeməyi də daxildir.

Günümüzdə idman etmək anlayışı da çox insan tərəfindən yanlış anlaşılır. İdman fitnes zallarında zaman keçirmək deyil, 7-dən 77-yə hər kəsin edə biləcəyi hərəkətlər toplusudur. Çətin və ağır, həmçinin oturaq iş rejimində olan insanlar gündəlik fəaliyyətlərini elə qura bilərlər ki, idman edən insanlardan daha sağlam olarlar. Yəni, burada hər şey düzgün fəaliyyət növündən və rejimdən asılıdır.

Səhər yeməyində hansı qidalardan istifadə etmək olmaz?

Bu gün çox insan milli səhər yeməyinə üstünlük verir. Bu menyuya isə şirinçay, pendir, yağ, çörək kimi kalorili məhsullar daxildir. Sağlam və düzgün formada qidalanmaq istəyən insanlar, ilk növbədə, bu rasiondan imtina etməlidir. Səhər yeməyində daha çox “C” qrupu vitamin kompleksinə malik olan qidalara üstünlük verilməlidir. Bu qidaların başında isə yumurta-omlet, süd və pendir durur”.

©Publika

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296