XƏBƏRLƏR

Hepatit B və hamiləlik
30 AVQUST
134

Hepatit B və hamiləlik

2017-08-30 16:00:00

Hepatit B nədir?

Hepatit B qaraciyəri zədələyən infeksion xəstəlikdir və törədicisi virusdur. Bu virusa yoluxma xəstə insanın qanı, sperması və ya uşaqlıq yolu ifrazatı kimi bədən mayeləri vasitəsi ilə baş verir. Hepatit  B-yə yoluxduqda xəstəliyin kəskin fazası insanların əksəriyyətində əlamətsiz keçir və yoluxmuş böyüklərin çoxu heç bir müdaxilə olunmadan bir il ərzində sağalır. Körpələr və balaca (6 yaşına qədər) uşaqlar yoluxduqları hallarda isə xəstəlik sonradan çox vaxt xronik fazaya keçir və müəyyən müddətdən sonra qaraciyərin sirrozu və ya xərçənginə səbəb olur.

Hamiləlik zamanı HBV infeksiyasının təyin edilməsi

Hepatit B əleyhinə vaksinin istifadəsinə ilk dəfə 1981-ci ildə icazə verilmişdir. Lakin hepatit B virusunun anadan uşağa keçməsinin qarşısını almaq üçün immunprofilaktika tədbirlərinin bir hissəsi kimi bu vaksin ilk dəfə 1982-ci ildə ABŞ-da tövsiyə edilmişdir. 1991-ci ildə isə anada hepatit B-nin olub olmamasından asılı olmayaraq, həmin vaksin bütün yenidoğulmuşların vaksinasiyası üçün tövsiyə edilmişdir. Həmin dövrdən dünyanın bütün ölkələrində yenidoğulmuşlar arasında hepatit B infeksiyasının profilaktikası məqsədilə hepatit B əleyhinə vaksin uğurla tətbiq edilir. Hazırda bir çox tibbi cəmiyyətlər, o cümlədən,  Avropanın və Amerikanın tanınmış tibb cəmiyyətləri tövsiyə edir ki, bütün hamilə qadınlarda hamiləlik dövründə hepatit B virusuna yoluxub yoluxmaması qanda HBsAg-nin (hepatit B virusunun səthi antigeni) təyini testi ilə yoxlanılsın. Hamiləlik dövründə hepatit B-yə yoxlanılmamış qadınlar doğuş üçün müraciət etdikdə isə hepatit B-nin olub olmaması doğuşdan öncə mütləq yoxlanmalıdır. Qeyd edilməlidir ki, bir çox ölkələrdə (Azərbaycan da daxil olmaqla) HBV infeksiyası, o cümlədən də, hamiləlik zamanı hepatit B infeksiyası barədə müvafiq səhiyyə orqanlarına həkim tərəfindən məlumat verilməlidir. Bunun məqsədi isə həm əhali arasında epidemioloji vəziyyətin düzgün təhlilinə yardım etmək, həm də doğuşdan sonra ana və uşağın sağlamlığının mühafizəsinin daha yaxşı təmin etməkdir. Hamiləlik zamanı hepatit B-nin olduğu müəyyən olunmuş hamilə qadınların müayinəsində  növbəti addım onlarda xroniki qaraciyər xəstəliyinin olub-olmamasının müəyyən edilməsidir.  

Hepatit B infeksiyasına hamiləlik və zahılıq dövründə yoluxma riski.

Hepatit B-yə qarşı vaksinasiya aparılmadıqda, perinatal dövrdə hepatit B virusunun hepatit B-yə yoluxmuş anadan yenidoğulmuşa ötürülməsi riski 5-90% təşkil edir. Bu risk həm də ananın qanında virusun aktiv bölünmə və yayılma statusundan (HBeAg ilə təyin edilir) asılıdır. Belə ki, qandan aparılmış laborator analizdə HBeAg pozitiv olan analardan hepatit B infeksiyasının yenidoğulmuşa keçməsi riski 70-90%-dırsa, HBeAg-neqativ olan analardan virusun yenidoğulmuşa ötürülməsi riski 10%-dən azdır. Hepatit B infeksiyasına yoluxmuş analardan doğulmuş uşaqların həm hepatit B vaksini, həm də hepatit B immunqlobulini ilə immunprofilaktikasının aparılması hepatit B virusunun həmin yenidoğulmuşlara ötürülməsi riskini 70-90%-dən 5-15%-dək azaltmaq mümkündür. Qeyd olunmalıdır ki, yenidoğulmuşlara həm hepatit B-yə qarşı vaksin, həm də hepatit B immunqlobulini verilməlidir. 

HBV virusunun perinatal dövrdə uşağa ötürülməsinin yolu və vaxtı

Hepatit B virusunun anadan dölə (ana bətnində) ötürülməsi mexanizmi dəqiq məlum deyil. Lakin güman edilir ki, infeksiya doğuş zamanı və ya nadir hallarda hamiləlik zamanı ötürülə bilir. Uşağın doğulma yolu (təbii doğuş və ya keysəriyyə əməliyyatı ilə doğuş) Hepatit B infeksiyasının doğuş zamanı yenidoğulmuşa ötürülməsi riskinə təsir etmir. Döşlə əmizdirmə zamanı hepatit B infeksiyasının uşağa ötürülməsi riski mövcud olsa da, bu risk çox azdır. Doğuşdan sonrakı dövrdə yenidoğulmuşun hepatit B-yə qarşı vaksinlə və hepatit B immunqlobulini ilə immunprofilaktikasının yüksək effektivliyi onu deməyə əsas verir ki, hepatit B infeksiyasının anadan uşağa ötürülməsi daha çox doğuş zamanı və ya doğuşdan qısa müddət əvvəl baş verir.

Hepatit B-nin yoluxma yolları

Hepatit B-yə yoluxduqdan əlamətləri meydana çıxana qədər uzun müddət keçdikdə, nə vaxt  və hansı yolla yoluxma baş verdiyini təyin etmək çətindir. Ancaq məlumdur ki, bu virusa yoluxma aşağıda sadalanan yollarla baş verə bilər:

•  Anadan körpəyə əsasən doğuş zamanı
•  İnyeksion narkotik istifadəçiləri bir iynədən istifadə etdikdə
•  Virusa yoluxmuş şəxslə qorunmamış cinsi əlaqədə olduqda
•  Tibb işçiləri istifadə olunmuş iynənin ucu ilə zədə aldıqda. Yoluxmuş insanın qanı dəridə olan açıq kəsikdən və ya sıyrıntıdan da bədənə daxil ola bilər.
•  Yoluxmuş insanın qanının izi olan  iynədən tatuaj (dəridə döymə) və ya pirsinq üçün istifadə etdikdə.
•  Virusa yoluxmuş insanın diş fırçasından və ya ülgücündən istifadə etdikdə
•  Tibbi və ya stomatoloji xidmət zamanı alətlər düzgün sterilizə olunmadıqda, yaxud hepatit B virusuna yoluxmuş donorun qanı köçürüldükdə 

Hamilənin hepatit B-yə yoxlanılması nə üçün vacibdir?

Hepatit B virusuna yoluxmuş qadında və ya döldə hamiləlik müddətində bununla bağlı heç bir problem olmamalıdır. Lakin doğuş zamanı virus körpəyə ötürülə bilər. Yoluxma təbii doğuş  və ya qeysəriyyə kəsiyi  zamanı baş verə bilər. Bu səbəbdən bütün  hamilə qadınlar hepatit B-yə yoxlanılmalıdırlar (testdən keçməlidirlər). Azərbaycanda hamiləlik zamanı qanın hepatit B-yə müayinəsi (testlər) iki dəfə aparılır: 12 həftəyə qədər və 34-36-cı həftələrdə.

Doğuşu idarə edən həkim qadında hepatit B olduğu barədə əvvəlcədən xəbərdar olsa o, doğuş zamanı virusun körpəyə ötürülməsinin qarşısını almaq üçün doğuş otağında müvafiq dərmanların (peyvənd və immunoqlobulin HBİG ) olmasını təşkil edə bilər. Peyvənd yenidoğulmuşa doğuşdan sonra 12 saat ərzində vurulduqda daha effektlidir. Müvafiq qaydalara riayət edilmədikdə, körpədə xroniki hepatit B-nin inkişaf şansı 95%-dir! Hamilənin qanında hepatit B virusunun səviyyəsi yüksək olduqda, ona hamiləlik zamanı müvafiq müalicənin aparılması tövsiyə olunur. Belə hallarda virusun uşağa ötürülməsi ehtimalı daha da azalır.

HBV infeksiyası olan ananın hamiləlik dövründə müalicəsi

Təəssüflə qeyd edilməlidir ki, yenidoğulmuşların hepatit B-yə qarşı vaksinlə və immunqlobulinlə profilaktikasına baxmayaraq, hepatit B pozitiv olan analardan doğulmuş uşaqların bir qisminə HBV infeksiyası ötürülmüş olur. Buna görə də, bir sıra mütəxəssislər hamilə qadınların hamiləlik dövründə hepatit B-yə qarşı müalicəsinin aparılmasını tövsiyə edir. Belə ki, hamiləlik zamanı hepatit B virusunun anadan dölə ötürülməsinin profilaktikası məqsədilə ananın hepatit B immunqlobulini və ya virus əleyhinə xüsusi dərmanla müalicəsinin aparılmasının effektivliyi bir neçə kiçik tədqiqatlarda sübuta yetirilmişdir. Lakin bu tədqiqatların kiçik həcmli olması onların nəticələrinin geniş tətbiqi üçün daha geniş miqyaslı tədqiqatların aparılması tələb edir.

Hepatit B-yə yoluxmuş qadın öz körpəsini əmizdirə bilərmi?

Hepatit B ilə yoluxmuş bütün qadınlar öz yenidoğulmuşlarını əmizdirə bilərlər. Ana südünün faydaları potensial minimal yoluxma riskinə üstün gəlir. Əlavə olaraq, körpənin doğuşdan dərhal sonra hepatit B-yə qarşı peyvənd olunması da hər hansı potensial yoluxma riskini daha da azaldır. 

Körpənin hepatit B-yə yoluxmadığına nə vaxt əmin olmaq olar? 

Peyvənd kursu uşağa tam dozada (cəmi 4 doza) Milli peyvənd cədvəlinə uyğun aparılmalıdır və onun sağlam olması müvafiq qan analizi ilə təsdiq olunmalıdır. Bundan ötrü peyvənd kursu tamamlandıqdan 1-2 ay sonra hepatit B-nin yoxlanılması üçün uşağın qanı analizə/testə verilməlidir.

Hepatit B virusu aşağıda sadalananlarla ötürülmür:

•  Ana südü ilə 
•  Yemək hazırladıqda və birgə yeyildikdə
•  Qab-qacaqdan
•  Qucaqlamaq və öpüşməklə
•  Asqırmaq və ya öskürməklə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287