XƏBƏRLƏR

Yeni tədris ilinə hazırlıq – PEDİATR MƏSLƏHƏTİ
30 AVQUST
48

Yeni tədris ilinə hazırlıq – PEDİATR MƏSLƏHƏTİ

2017-08-30 12:00:00

Avqustun 29-da tədris ilinin başlanması münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında məktəblərdə gigiyena qaydaları və uşaqların dərsə hazırlıq prosesi ilə bağlı Səhiyyə Nazirliyinin tədbiri keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş pediatrı, professor Nəsib Quliyev bu gün pediatriyanın qarşısında duran ən aktual problemlərdən birinin uşaqların qidalandırılması olduğunu bildirib. Professor deyib: “Valideynlər və biz həkimlər daima uşaqların yaşına uyğun qidalandırılmasına diqqət yetirməliyik. Bunların başında da körpələrin ana südü ilə qidalandırılmasının təmini durur. Yay mövsümündə yaranan əsas problemlərdən biri qida zəhərlənmələridir. Havaların isti keçməsi qidaların tez xarab olmasına səbəb olur ki, bu da əsasən uşaqlarda qusma, ishal kimi hallarla nəticələnir. Bu daha çox mövsümi xəstəliklər qrupuna aiddir. İnsan sağlamlığında qidalanma əsas yerdə durduğu üçün, uşaqların qəbul etdiyi qidaların düzgün seçilməsini tənzimləmək biz həkimlər üçün əsas məsələlərdən biridir. Buna əsasən bağçaya və məktəbə gedən uşaqlar aiddir. Səhiyyə Nazirliyinin tapşırığına müvafiq olaraq biz Azərbaycan Tibb Universitetinin kafedralarının əməkdaşları və İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları ilə birlikdə bu sahədə “Beş yaşa qədər uşaqların qidalandırılması” mövzusunda vəsait hazırlamışıq. Məktəblilərin qidalandırılması məsələsi hazırda dövlət nəzarətindədir. Burada xüsusi tələblər var ki, bunlar da fastfud qidalarından uşaqların uzaq saxlanılmasıdır. Biz uşaqların qəbul etdiyi qidanın təbii, yaşına uyğun və uşaq orqanizminin ehtiyaclarının ödənilməsi üçün maksimum çalışmalıyıq. Qidalanmada qarşımızda duran əsas məqsədlər bundan ibarətdir”.

Tədris ilinin başlanması ailələr və ictimaiyyət üçün böyük imtahan astanasıdır deyən uşaq və yeniyetmələrin qidalanması və kommunal qidalanma kafedrasının müdiri, dosent İbrahim Əhmədov qeyd edib ki, xüsusilə məktəbə ilk qədəm qoyan uşaqlar üçün psixoloji və adaptasiya baxımından bu olduqca ciddi bir problemdir. Bu səbəbdən valideynlər və məktəb kollektivi buna çox ciddi yanaşmalıdırlar.

Kafedra müdiri deyib: “Yeni dərs ilinə başlayan hər bir uşağın qidalanması, geyinməsi, günlük yuxu rejimi və gigiyenasına diqqət yetirilməsi əsas rol oynayır. Bu amillər uşaqların tədrisə həvəsini artırdığı kimi psixologiyası və məktəb fəaliyyətinə də böyük təsir göstərir. Bu baxımdan gün rejiminin düzgün qurulması xüsusilə uşaqların mövsümə müvafiq geyindirilməsi və məktəb ləvazimatlarının düzgün seçilməsi, məktəblərdə gigiyena qaydalarına düzgün riayət edilməsi və xüsusilə düzgün qidalanmalarına xüsusi diqqət yetirmək lazımdır. Hər bir uşaq ev yeməklərindən fastfud qidalarına keçdikdə bədəndəki bütün fizioloji proseslərin yenidən qurulması başlayır. Bu baxımdan da uşaqlarda düzgün və tənzimlənmiş qidalanmaya diqqət yetirmək vacibdir. Burada səhər yeməyi xüsusi yer tutur. Səhər isti sıyıqlarla qidalanmaya üstünlük verilməlidir. Belə ki, səhər qəbul olunan qida orqanizm üçün vacib bioloji komponentlərlə zəngin olmalıdır”.

Dərs ilinin başlanması bir sıra problemlərin də ortaya çıxdığını deyən əmək gigiyenası, uşaq və yeniyetmə gigiyenası kafedrasının müdiri, dosent Şəhla Balayeva bildirib ki, bu problemlərdən biri də məktəbli çantalarının ağır olmasıdır.

Dosent deyib: “Uşağın məktəb çantalarının ağırlığı onun çəkisinin on faizinə bərabər olmalıdır. Çantanın ağır olması qamət pozuntularına səbəb olur ki, bu da zahiri görünüşdə yaranan dəyişikliklərlə yanaşı daxili orqanların da zədələnməsi ilə nəticələnə bilər. Məktəbli çantasının kəməri enli olmalı və hər iki çiyinə geyilməlidir. Bu problemlərdən biri də uşaqların hədsiz isti geyimlərlə geyindirilməsidir. Bu da immun sisteminin zəifləməsi ilə nəticələnir. Yay mövsümü ilə əlaqədar gündəlik rejimin pozulması yaranan problemlərdən biridir ki, burada yuxu əsas rol oynayır. Uşaqları rejimə alışdırmaq böyüklərə nisbətən çox çətindir. Bu səbəbdən tədris ilinin başlanmasından təxminən iki həftə əvvəl uşağı məktəb rejiminə alışdırmaq lazımdır”.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293