XƏBƏRLƏR

Oğlan uşaqlarının sayı azalsa da, hər il qız uşaqlarından 7 min çox doğulurlar
30 AVQUST
195

Oğlan uşaqlarının sayı azalsa da, hər il qız uşaqlarından 7 min çox doğulurlar

2017-08-30 09:00:00

Azərbaycanda son 2 il ərzində doğulanlar arasında hər 100 qıza düşən oğlanların sayı nisbətən azalıb.

Fins.az-ın verdiyi məlumata görə, 2015 və 2016-cı illərdə ölkədə hər 100 yeni doğulan qıza düşən oğlan uşaqlarının sayı 114 olub. Bu isə ölkədə 1998-ci ildən sonra qeydə alınan ən aşağı göstəricidir. Belə ki, 1998-ci ildən başlayaraq, Azərbaycanda hər 100 qıza düşən oğlanların sayı 114-118 arasında dəyişib. Bu göstəricinin ən yüksək həddi 118 olmaqla 2003 və 2009-cu illərdə qeydə alınıb.

Azərbaycanda şəhər və kənd yerlərində doğulan oğlan və qız uşaqları nisbətinə gəldikdə, statistik göstəricilərdən görmək olar ki, 1998-2006-cı illərdə şəhər yerlərində doğulan oğlanların sayı daha çox olub. Həmin illərdə hər 100 qıza düşən oğlanların sayına görə şəhərlərin kənd yerlərini üstələməsinə baxmayaraq, 2006-cı ildən sonra kəndlər şəhərlərdən öndə olub.

1998-ci ildə şəhər yerlərində hər 100 qıza düşən oğlanların sayı 118 (2003-cü ildə yüksələrək hətta 120-yə çatıb), kənd yerlərində 111 (2003-cü ildə 116 olub) olsa da, 2006-cı ildə şəhər yerlərində hər 100 qıza 116, kənd yerlərində 117 olub. Sonrakı illərdə şəhər yerlərində bu göstərici getdikcə azalaraq 112-ə enib. Kənd yerlərində isə vəziyyət əksinə artıma doğru dəyişib, 2007 və 2008-ci illərdə bu rəqəm 119-a qədər yüksəlib, 2016-cı ildə isə nisbətən azalaraq, 116 həddinə gəlib çatıb. Ümumilikdə 2006-cı ildən sonrakı müddət ərzində kəndlərdə doğulan oğlan uşaqlarının sayı bəzi illərdə nisbətən azalsa da, həmin göstərici yenə də şəhər yerlərini üstələyib. Beləliklə, 2016-cı ildə kəndlərdə doğulan hər 100 qıza 116, şəhərlərdə 112 oğlan düşüb.

Qeyd edək ki, 2017-ci il yanvar 1-nə olan vəziyyətə görə, Azərbaycanda yeni doğulan uşaqların 46,8 faizi qadınlar, 53,2 faizi kişilər olub.

2017-ci ilin 1 yanvar ayına olan vəziyyətə görə, 1-4 yaşlı əhalinin 46,5 faizi qadınlar, 53,5 faizi kişilər, 5-9 yaşlıların 46,2 faizi qadınlar, 53,8 faizi kişilər, 10-14 yaşlıların 46,7 faizi qadınlar, 53,3 faizi kişilər, 15-19 yaşlıların 47 faizi qadınlar, 53 faizi kişilər, 20-24 yaşlıların 48,2 faizi qadınlar, 51,8 faizi kişilərdir. 25 yaşdan sonra isə artıq qadınların sayı kişilərdən daha çoxdur.

Ölkədə 20-24 yaş qrupunadək kişilərin sayının qadınlara nisbətən üstünlük təşkil etməsi oğlan uşaqlarının daha çox doğulması ilə izah olunur. Lakin kişilər arasında ölüm səviyyəsinin daha yüksək olması 20 və yuxarı yaşda olan qadınların sayının kişilərə qarşı artmasına səbəb olur.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri, İnsan coğrafiyası istiqamətinin rəhbəri, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Trend-ə bildirib ki, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində həmişə qadınların nisbi üstünlüyü olub. Lakin son illər bu fərq getdikcə azalır, əhalinin cins tərkibi pozulur.

Z.Eminov hesab edir ki, son 2 il ərzində Azərbaycanda hər 100 qıza düşən oğlanların sayının azalmasına baxmayaraq, bunu böyük azalma saymaq olmaz.

Onun sözlərinə görə, əslində, hər 100 qıza 104-105 oğlan düşməlidir. Lakin Azərbaycanda hər 100 qıza 114 oğlan düşdüyündən doğulan oğlanların sayı qızlarla müqayisədə yenə də çoxdur.

Z.Eminov bildirib ki, əgər hər 100 qız uşağına 104-105 oğlan uşağı düşsəydi, o zaman il ərzində qızlarla müqayisədə təxminən 3000 oğlan uşağı çox doğulardı. Lakin Azərbaycanda bu göstərici normadan yüksək olduğundan qızlarla müqayisədə 7000-dən artıq oğlan uşağı çox doğulur: "Ola bilər ki, indi bu fərq özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına çatanda problem müəyyən qədər özünü göstərəcək. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir".

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev hələ 2015-ci ilin dekabrında "Azərbaycanda doğulan uşaqların cins nisbəti: 2014-2050-ci illər üzrə demoqrafik proqnozların təqdimatı" mövzusunda keçirilən tədbirdə bildirmişdi ki, doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meyilinin növbəti illərdə də davam etməsi ehtimalı nəzərə alınarsa, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa mənfi təsir edə bilər.

Nazir müavini qeyd edib ki, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287