NƏQLİYYAT

Avtomobil sayı çox, saxlama yeri isə az: parklama binaları niyə inşa edilmir? – RƏY
04 İYUL
635

Avtomobil sayı çox, saxlama yeri isə az: parklama binaları niyə inşa edilmir? – RƏY

2019-07-04 11:50:00

Bakıda maşın sayı o qədər artıb ki, şəhərdə park edilən avtomobillər hər yolun bir zolağını, binaların həyətlərini, səkiləri və mümkün olan bütün yerləri tutub. Yeni parklama yerlərinin yaradılması prosesi avtomobillərin sayı ilə düz mütənasib deyil, maşın çox, saxlama yeri isə azdır.

Dünyada avtomobil dayanacaqları artıq hündür bina formasında inşa edilir. Hündürmərtəbəli bir avtomobil dayanacağı minlərlə nəqliyyat vasitəsini bir yerə toplaya bilər. Bakıda cəmi bir neçə hündürmərtəbəli parklama binası inşa edilib.

Fins.az xəbər verir ki, Azərbaycanda belə bir praktikanın, demək olar, istifadə edilməməsinin səbəblərini “Report” araşdırıb.

İnşaat sektorunun layihələndirməsi və təşkilində yeni texnologiyaların tətbiqi fəlsəfəsini dəstəkləyən memar Söhrab Rəhimov avtomobilin mənzildən sonra insanın ehtiyacı olduğu ən mühüm vasitələrdən biri olduğunu deyir: “Buna sadəcə minik deyil, yük, sənaye tipli və ictimai nəqliyyat avtomobilləri kimi baxmaq lazımdır. Şəhər salınarkən o dövrə uyğun yol standartları müəyyənləşib binalar inşa edilməlidir. Çünki daha sonra binanı lazım gəldikdə irəli və geri çəkərək əlavə ərazi əldə etmək imkansız olacaq. Sənaye, texnologiya və mühit inkişaf etdikcə, standart da dəyişir və nəticədə 50-60 il əvvəlki planlamalar əhəmiyyətini itirir. İqtisadi sabitlik, inkişaf və köç sıxlıq yaradan əsas amillərdəndir. Bütün inkişaf etmiş ölkələrdə sıxlıq səbəbindən avtomobil dayanacağı problemi müşahidə edilir və hər yerdə də öz həll metodları var. Yaponların bütövlükdə israfdan qaçan, ehtiyaca görə hərəkət edən bir millət və yerin dəyərinin həddən artıq bahalı olduğunu nəzərə alsaq, bu, ən çox orada müşahidə edilir. “Gündoğan ölkədə” üfüqi deyil, şaquli istiqamətdə yerləşməyə meyl göstərilir. Bu özünü avtomobil dayanacaqlarının tikintisində də göstərir. Belə ki, hündürmərtəbəli qaraj binalarının inşa edilməsinin məqsədi az sahədə çox sayda avtomobil toplamaqdır”.

Memar ölkədə belə binaların az inşa edilməsini bu sektorun biznes qurumların marağında olmaması ilə izah edir: “Boş ərazidə bina inşa edib satmaq daha mənfəətli olduğundan özəl sektor bu barədə hələ düşünmək belə istəmir. İnşa etdikləri binaların satılması üçün qaraj yeri nəzərə alınsa da, bu, çox vaxt yetərsiz olur. Lakin adıçəkilən sahəyə uzunmüddətli biznes kimi baxılsa, bəlli standart və planlamalar çərçivəsində bu işə başlayan biznesmenlər mütləq olacaq. Özəl sektorun bu istiqamətə yönləndirilməsi üçün isə bəzi güzəşt şərtləri, qanunvericilikdə müəyyən region və ərazilər üçün limit nəzərdə tutulmalıdır. Planlamalar olarsa, bu da insanlar üçün bir biznes vasitəsinə çevrilə bilər. Bu prosesi aidiyyəti orqanların tənzimlənməsi mütləq xarakter daşıyır. Əks təqdirdə keçən 20 ildə inşa edilən yeni tikililər kimi Bakının hər yerində plansız avtodayanacaq binaları olacaq. Müvafiq orqanlar Bakının baş planını hazırlayarkən bunları mütləq nəzərə almalı, yeni tikililəri də bu limitləməyə tabe tutmalıdırlar”.

Söhrab Rəhimov avtodayanacaq probleminin hələ bina inşaat edilərkən düşünülməsinin vacib olduğunu qeyd edib: “Bugünkü dövrdə öz təhlillərimizə əsasən təyin etmişik ki, C sinif binalarda ümumi mənzilin təxminən 70% üçün avtodayanacaq, B sinif binalarda hər mənzilə 1 avtodayanacaq, A sinif binalarda isə ümumi mənzil sayının 50%-nə, yəni sahəsi 160 m2 dən çox olan mənzillər üçün, 2 dayanacaq, 50%-nə isə 1 dayanacaq nəzərdə tutulmalıdır. Özəl sektor bunu yeni tikilən binalarda mütləq nəzərə almalı və müvafiq qurumlar onlardan tələb etməlidirlər.

Digər şəhərdaxili ümumi avtodayanacaqlara gəldikdə isə, ümumiyyətlə bu işə xaricdə bələdiyyə baxır və gördükləri hər bir iş insan həyatının asanlaşdırılması yönündə düşünülür. Müəyyən qadağaları tətbiq etməklə yanaşı insanlar üçün alternativ və daha asan həll yolu seçilməlidir. Məsələn, yeraltı dayanacaq yerüstü dayanacaqdan baha başa gəlir. Deməli, avtomobil tutumu çox, xərci isə az olan avtomobil dayanacaqlarına üstünlük verməliyik”.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov dünya praktikasında müasir texnologiyalar əsasında, daha çox dəmir konstruksiyalı parklama yerlərindən istifadə olunduğunu, hətta avtomobillərin bəzən lift vasitəsilə müxtəlif mərtəbələrə qaldırılıb yerləşdirildiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanda avtomobilləşmə cəmi 13%, paytaxta isə 25% ətrafındadır. “Avtomobillərin sayı artdıqca bu kimi xidmət növünün də sayı artacaqdır. Bu gün Bakıda bayram və istirahət günləri istisna olmaqla mövcud parklama yerlərinin hamısında boş yerlər qalır. Məsələn “28 Mall”dakı dayanacaqda boş yerlər olsa da, ətrafında xeyli sayda avtomobil saxlanılır. Bu isə bir tərəfdən bəzi vətəndaşlara görə həmin yerlər üçün xidmət haqqının baha olması, digər tərəfdən isə sürücü olaraq parklama yerlərindən istifadə etmək vərdişlərini özümüzə aşılaya bilməməmizdən irəli gəlir. Bu vərdişləri özümüzə aşılayandan sonra sektor investisiyalar üçün daha cəlbedici olacaq”, - ekspert vurğulayıb.

Ə.Hüseynov hesab edir ki, özəl investisiyaların bu sektora gəlişi üçün dövlət də müəyyən addımları ata bilər. “Belə ki, özəl şirkət bu kimi işlərə pul yatırmadan öncə oradan götürəcəyi gəliri nəzərə alır. O, parklama yeri yaratmaq üçün pul ayırsa, o zaman çalışacaq ki, qoyduğu pulu tez bir zamanda geri götürsün, bunun üçün də xidmət haqqını qaldıracaq. Nəticədə yenə də insanlar parklama yerlərinə üz tutmayacaqlar. Bu mənada düşünürəm ki, dövlət bu iş üçün biznesmenlərə uzunmüddətli kreditlər verə bilər. Bəzi yerlərdə avtodayanacaqlar yaratmaq dövlət orqanları üçün də səmərəli ola bilər. Belə ki, onsuz da tıxaca görə külli miqdarda pul xərclənib küçələrdə infrastruktur dəyişikliyi edilir. Həmin xərcin bir hissəsini yönəldərək nəqliyyatın ən sıx olduğu nöqtələrdə çoxmərtəbəli parklama yerləri yaratmaq olar”, - o əlavə edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır