NƏQLİYYAT

Sükan arxasında siqaret çəkən sürücülərlə bağlı - Xəbərdarlıq edildi
07 FEVRAL
378

Sükan arxasında siqaret çəkən sürücülərlə bağlı - Xəbərdarlıq edildi

2019-02-07 23:42:00

Fins.az-ın məlumatına görə, sükan arxasında tütün məmulatlarından istifadə edən sürücülərə qarşı tədbirlər görülür. Bakı Nəqliyyat Agentliyində müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərlə görüş keçirilib. Görüşdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bir sıra tədbirlərin icrası ilə bağlı məsələlər müzakirə olunub. Bildirilib ki, bu Qanun ölkə əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması baxımından mühüm əhəmiyyət kəsb edir. Diqqətə çatdırılıb ki, Qanunun 10-cu maddəsinin 1.12-ci bəndinə əsasən müntəzəm şəhərdaxili avtobuslar və taksi minik avtomobilləri tütündən istifadənin məhdudlaşdırıldığı yerlərdən biri kimi müəyyən edilib. Qanun tələbinin qısa vaxtda icrasının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib. Bununla əlaqədar istehsalat bazalarında sürücülər ilə müvafiq izahat işlərinin aparılması, sərnişinlərlə münasibətdə etik-davranış qaydalarına əməl edilməsi, həmçinin nəqliyyat vasitəsinin təhlükəsiz idarəedilməsi ilə bağlı təlimatların verilməsi tapşırılıb. Həmçinin bu qadağanın pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 322.0.4-cü maddəsinə əsasən, 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub. Qaydaları pozan sürücülərin aşkar edilərək məsuliyyətə cəlb ediləcəyi barədə daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq olunub. Bildirilib ki, bu kimi xətaların aşkar edilməsində, həmçinin sərnişinlərin təqdim etdikləri məlumatlar da diqqətlə araşdırılacaq. Yaxın 1 həftə ərzində sərnişinlər sükan arxasında tütün məmulatlarından istifadə edən sürücülər barədə müvafiq məlumatları agentliyə təqdim etməklə onların məsuliyyətə cəlb edilməsi prosesində iştirak edəcəklər. Bu sahədə maarifləndirmə işlərinin tərkib hissələri olaraq müntəzəm xətt sürücüləri üçün, həmçinin avtobus salonuna müvafiq məlumatları əks etdirən məlumatlandırıcı və maarifləndirici vasitələr də təqdim edilib. Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi sahəsində birgə mübarizənin əhəmiyyətli olduğunu bildirir və bu sahədə sərnişinləri aktiv olmağa dəvət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259